Bia.Az

Ermənistan özünə yeni “oksigen balışı” axtarır - Azərbaycana qarşı məkrli oyun

Gündəm
 18-02-2023, 15:03     269

“Rəhmətlik” Minsk Qrupunun xiffətini çəkənlər deyəsən yalnızca ermənilər deyil. Həm də Azərbaycan xaric, onun faydasını görmüş digərləri, o sırada Rusiyadır.

“ATƏT-in Minsk Qrupunun formatı hələ ötən ilin fevralında tarixin zibilliyinə atılıb”.

Bunu ötən gün Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarovanın ənənəvi həftəlik brifinqində deyib. Səbəb kimi isə o, Qərbin “destruktiv” mövqeyini göstərib. Sitat: “Sonra amerikalı və fransalı həmsədrlər uydurma bəhanə ilə rusiyalı həmkarları ilə əlaqəni dayandırdılar. Bununla bağlı heç bir aydın izahat da verilmədi”.
Nə böyük itki!.. Zaxarovanın Minsk Qrupu sarıdan təəssüf hissi keçirməsi əslində təəccüblü sayılmaz. Çünki “üçlü həmsədrlik” Azərbaycana qarşı çox unikal və ortaq bir təzyiq rıçaqı kimi düşünülmüşdü və Rusiya da öz imperiya maraqları naminə onun “xidməti”ndən məharətlə istifadə edirdi.
İkinci yandan, Rusiya XİN rəsmisinin açıqlamasından belə çıxır ki, Ukrayna müharibəsi olmasaydı, Minsk Qrupu (MQ) 44 günlük savaşdan sonra da öz işinə əvvəlki qaydada davam edəcək, Bakı buna seyrçi qalacaqmış. Əlbəttə ki, yanlış düşüncədir. Zira, Minsk Qrupunu “dəfn edən” nə Ukrayna amilidir, nə də Qərbin Rusiya ilə təmaslardan qaçması. MQ-nin qəbirqazanı, tabutuna sonuncu mismarı viranı Azərbaycan əsgəridir, Ordumuzdur!..
İşğalçı Ermənistan üçün 27 il “oksigen balışı“ rolunda olmuş bir təsisatdan yaxşı qurtardıq. Amma qurtardıqmı? Hər halda Azərbaycan “Dağlıq Qarabağ konflikti artıq tarixdə qalıb” deyirsə, məntiqlə guya bu konfliktin həlli üçün yaradılan MQ də avtomatik tarixinin zibilliyinə atılmalı idi. Amma və lakin...
İrəvan israrla bu formatı diriltməyə, hələ uzun müddət bir-biri ilə düşmən münasibətdə olacaq Rusiya ilə Qərbi (ABŞ-Avropa) yenə “erməni məsələsi” ətrafında bir masaya toplamağa çalışır. Nikol Paşinaynın iki gün öncəki “sülh sənədinin yeni variantını MQ həmsədrlərinə də göndərdik” sözlərinin açması həm də budur.
Beləcə, kapitulyant ölkənin rəsmiləri yeri gəldi-gəlmədi, üzdəniraq qurumu hamıya, özəlliklə Bakıya xatırladır, hansısa şəkildə onu gündəmdə saxlamağa səy edirlər. Vaxtilə MQ Ermənistana “nəfəs” verirdisə, 3 ildir Ermənistan ona “nəfəs” verib diriltməyə çalışır. Heç özünün “nəfəsi”, “havası” çatmadığı halda!
Səbəb bəlli: bu, dünyada yeganə format idi ki, “öz müqəddəratını təyinetmə” adı altında erməni işğalını legitimləşdirməklə, ermənilərə ərazimizdə ikinci saxta dövlət qurmaqla məşğul olmuşdu. Fəqət, dəfələrlə yazdığımız kimi, MQ qatarı çoxdan gedib – “miatsum” və “status” vaqonları ilə birgə!
Di gəl, reallığı israrla yaxına buraxmaq istəməyən, hətta özünü qalib ədası ilə aparan İrəvan öz hoqqalarından qalmır. Ermənilər indi də dəridən-qabıqdan çıxırlar ki, 2025-ci ilədək Qarabağ anklavında BMT mandatı altında ABŞ, Avropa Birliyi və Rusiya hərbi qüvvələrindən ibarət (!) ortaq “sülhməramlı kontingent” yaradılsın. Məqsəd şəkk-şübhəsiz, ərazinin Azərbaycanın yurisdiksiyasına keçməsini əngəlləməkdir.
Bəzi bilgilərə görə, bu variant Ukrayna müharibəsi səbəbi ilə regiondakı dayaqları xeyli zəifləmiş və 2025-ci ildə Qarabağdan çıxmalı olacağını anlayan Rusiyaya da sərf edir. Yəni “iki pisdən ən yaxşısı”nı seçmək məsələsi. Eyni zamanda, Qərb Rusiyasız belə bir variantın mümkün olmayacağını anladığından, ona etiraz eləmir. Bu da sizə yeni “Minsk üçlüsü”!
Azərbaycanın kürəyi arxasında tədricən bu planın işə salınacağı istisna deyil. Üstəlik, ortada əyani sübut var – Ermənistana çağırılan, tərkibində silahlı alman və fransızların da olacağı 2 illik Avropa müşahidə missiyası. Ermənilər belə bir missiyanın artıq Qarabağda, Laçın yolunda da olmasının vacibliyindən dəm vurmağa başlayıblar. Lakin rusdan çəkindiklərindən və Moskvanı sakitləşdirmək üçün onun iştirakını da mümkün sayırlar.
Fəqət, ermənilər saymaqlarında olsunlar, fələk də sayır. Məsələ ondadır ki, Qarabağda Minsk Qrupunun yeni “prototipi” kimi yaradılacaq hansısa “beynəlxalq missiya”ya Azərbaycanın razılığı gərəkdir. Bakı isə onu heç vaxt verməyəcək. Bizim ərazimiz yiyəsiz-zad deyil ki, kim nə vaxt istəyir gəlib-getsin, orada at oynatsın. Sərhədimiz karvansara qapısı da deyil, olmayacaq! Bir bataqlığa necə dəfə girəcəyik ki.
Azərbaycan dövlətinin hədəfi aydın və bəlli: uzağı, 2025-dək ərazimizdəki yad silahlı ünsürlərdən qurtulmaq. İstər erməni silahlı qulduru olsun, istərsə rus və ya amerikan-fransız-alman silahlısı və yaxud polisi. Və sözsüz ki, dərhal dövlət sərhədlərimiz bağlamaq, orada müvafiq gömrük-nəzarət postları qurmaq.
Odur ki, heç kim boşuna yaxa cırıb-eləməsin. Ondansa yaxşı olar, “miatsum” xülyasından əl çəkə bilməyən mənfur qonşuların başına ağıl qoysunlar ki, sülh müqaviləsini tez imzalasınlar. Ən əvvəl də öz xeyirləri üçün...
Zahid SƏFƏROĞLUскачать dle 12.1