Bia.Az

Ədalət hakimin tacı olmalıdır - İsmayıllı rayon məhkəməsinin hakimi İlqar Hüseynov isə...

Cəmiyyət
 16-02-2023, 11:15     630

 "Vətənin böyüklüyü, onun siravi vətəndaşlarının böyüklüyü ilə müəyyən olunur". (T.V.Vilson)

Bildiyimiz kimi bu gün dövlətimizin qarşısında duran əsas vəzifələrdən biri mənfi hallara qarşı mübarizəni gücləndirməkdir. Xalqın hüquqi müdafiəsini təmin etmək, cəmiyyət və dövlət arasındakı münasibətləri tənzimləmək də ölkə prezidentini narahat edən əsas məsələlərdəndir. Bəs hüquqi islahatlar aidiyyatı orqanlar tərəfindən necə həyata keçirilir? Məhkəmə instansiyaları xalq və dövlətə qarşı davranışında nə dərəcədə səmimidir? Düşünürəm ki, İsmayıllı rayon məhkəməsinin hakimi İlqar Hüseynovun qanuna zidd hərəkətləri dövlət, xalq və məhkəmə faktorunun ürəkaçan olmadığına zəmin yaradır.

İlqar Hüseynovun sədirlik etdiyi məhkəmə proseslərində mənəm-mənəmliyi, tərəflərdən birinə qarşı qərəzliliyi, qanunlara zidd hərəkətləri (Şəxsən mənə qarşı da kobudluğu. Bu barədə Respublika prezidentinə, Mehriban xanım Əliyevaya, Məhkəmə Hüquq Şurasına, Ədliyyə Nazirliyinə teleqramlar vurmuşam) açıq-aydın tərəfbazlıq mövqeyi, özünün əvvəlcədən yazıb hazırladığı ssenari əsasında apardığı məhkəmə prosesi, aparılan bu prosesin qərarını çıxarmaq üçün müşavirə otağına gedib iki dəqiqəyə geri dönməsi və bu müddətə müşavirə otağında (guya ki həmin vaxt) yazdığı qərarı 5-10 dəqiqəyə (fasiləsiz) elan etməsi mənə kifayət qədər əsas verir deyim ki, İsmayıllı rayon məhkəməsinin hakimi İlqar Hüseynov ya tam savadsız, ya dayısı güclü, ya da qanunları boş hava sayan... bir insandır. O səbəbdən ki, İ.Hüseynov qanuna ali kateqoriya kimi baxmır. Elə buna görə də son illər yerlərdə cinayət və korrupsiya halları pik həddə çatıb. İ.Hüseynov ictimai-hüquqi təminatları qanunla tənzimləmək əvəzinə, özünün fərdi mənafelərinə, şəxsi maraqlarına xidmət edən qeyri-qanuni hallara meydan verir, həmçinin ictimai münasibətlərin dövlət nizamlayıcısı kimi çıxışına maneə olur. Belə halda İ.Hüseynova qarşı ümumi məcburi davranış qaydaları tətbiq edilməlidir. Mən öz növbəmdə bir hüquqşünas kimi, bu sahədə dərs deyən bir müəllim kimi İlqar Hüseynova hakim üçün əsas vacib olanları TÖVSİYƏ EDİRƏM.

Kamil hüquqşünasın sərrast qənaətinə görə, Vətənin ölkələr sırasında yüksəlməsinə, millətin xalqlar arasında şərəflə ucalmasına təkan verdiyi amil hər bir məmləkət övladının milli əqidəcə böyüklüyüdür. Məhz bizim millətin də ayrı-ayrı elm sahələrində kifayət qədər tanınmış nümayəndələri var. Mülki və cinayət işlərinə vətəndaşların hüquqları, eləcə də məhkəmə qarşısında bərabərliyi təmin edilməklə, qanun və ədalətlə baxılmalıdır. Vətəndaşın mənşəyi, əmlak vəziyyəti, irqi, milli mənsubiyyəti, məşğulliyyət növü, xarakteri, yaşayış yeri və digər hallar nəzərə alınmamalı, ancaq qanunun tələbinə ciddi əməl edilməlidir. Ədalət mühakiməsi həyata keçirilərkən hakim tam müstəqildir, yalnız qanuna tabedirlər və bu prosesə kənardan heç bir təsir və maraq olmamalıdır. Məhkəmə tərkibi təqdim olunmuş materiallarla kifayətlənməli, işin həqiqi hallarını götür-qoy etməli, tərəflərin hüquq vəzifələrini hərtərəfli tam və obyektiv surətdə aydınlaşdırmaq üçün qanunla nəzərdə tutulan bütün tədbirləri görməlidir. Qanunun tələblərini yerinə yetirən hakim hərtərəfli inkişaf etmiş insan kimi mənəvi zənginliyi, əxlaqi saflığı və fiziki kamilliyi ahəngdar surətdə özündə birləşdirməli, pak, şəxsi həyatda sadə və mənsəbpərəstliyə qarşı barışmaz olmalıdır. İnsanlar tarix boyu yalan, aldatma və ikiüzlülük kimi mənfi cəhətləri ifşa edərək, düzlüyü, doğruluğu, saflığı yüksək qiymətləndirmiş, bu müsbət keyfiyyətlər haqqında heç bir zaman öz əhəmiyyətini itirməyən qiymətli sözlər demişlər. Məsələn: "Həqiqət Günəşdən işıqlıdır, həqiqəti cəsarətlə demək lazımdır, həqiqət odda yanmır, suda batmır, hər şey keçir gedir, lakin həqiqət qalır" və s. 

Böyük yunan filosofu Aristotel "Platon dostumdur, lakin həqiqət mənə daha əzizdir" deyərək məhz həqiqətə daha üstünlük vermişdir. Həqiqətin üzə çıxması insanı nəcibləşdirir, ləyaqət hissini artırır, ona daxili saflıq və gözəllik gətirir. Həqiqəti hamı tərifləyə bilər, lakin iş üzrə həqiqəti açıb demək hakimdən cəsarət tələb edir. İş üzrə həqiqəti açmaq hakim vicdanının qələbəsidir. Həqiqət aşkar edildikdən sonra qanunun iş üzrə tətbiqi asanlaşır. Hakim, işlər üzrə ağıllı suallar verməyi, diqqətlə dinləməli və sakit cavab gözləməyi, məhkəmə prosesində nəticə çıxarmadan susmağı bacarmalıdır. Qəmqinlik hakimin ləyaqət hissinə dəlalət edir. "Müdrik olmaq kifayət deyil, ondan istifadə etməyi bacarmaq lazımdır" (Siseron). Ağıllı insan əqlini, zəkasını həyati işlərə tətbiq etməyi bacarmalıdır. Bu mənada qanun idrakın zirvəsidirsə, hakim onun zirvə tacı olmalıdır. Hakim özünə qarşı son dərəcə tələbkarlıqla yanaşlamalı, məhkəmə qarşısında duran müttəhimi, zərəçəkmişi, iddiaçını, cavabdehi, şahidi və s. proses iştirakçılarını diqqətlə dinləməlidir. İşlərə baxılarkən insanın şərəf və ləyaqəti alçaldılmamalıdır. Hakim hisslərə qapılmamalıdır. Əgər məhkəmə prosesində hakimin şəxsiyyətinə toxunan hallar baş verərsə, bu işin mahiyyəti üzrə düzgün həllinə təsir göstərməməlidir. Hakim öz şəxsiyyətini şişirtməməli, qalibiyyətini həddən artıq qiymətləndirməməli, yersiz öyünməməli, daxili təmizliyini və vicdan saflığını qorumalı, bir sözlə desək, pak olmalıdır. Hakim vicdanını itirən zaman ədalətli hökm verə bilməz. Hesab edirəm ki, İlqar Hüseynovun qanunazidd əməlləri hakim adına böyük ləkədir. Maraqlıdır, belə bir adamın hakim kürsünüə çıxması kimlərə sərf edir? Bəlkə də İ.Hüseynov hələ bilmir ki, insan həyatının əsas kateqoriyası onun hüquqlarının bütövlüyü ilə tənzimlənir. Sual olunur. Hansı səbəbdən İ.Hüseynov ümumbəşəri ədalətin bir qolu olan hüquq normalarına qarşıdır? Yaxud o, hansı səbəbə şəxsiyyətinin fərdi mənafe və tələbatını nəzərə almır? Əslində onun əksər məhkəmə prosesləri əhali ilə dövlət arasında uçurum yaradır... Ümid edirəm ki, hüquq sahələrində əsas faktor olan ədalət özünü vahid nizamlayıcı kimi göstərəcək və İlqar Hüseynovun hakim özbaşınılığına dur deyən tapılacaq. 

Mövzuya qayıdayacağıq...

Raqif Nazimoğlu
AYB-nin, AJB-nin üzvü, hüquqşünas, Prezident mükafatçısı.
скачать dle 12.1