Bia.Az

“Rusiya Cənubi Qafqazdan çıxmayacaq” hədəsi - səfirdən Azərbaycan mesajı

Gündəm
 14-02-2023, 14:09     267

Ekspert: “ABŞ və Qərb koalisiyası Rusiyanı bölgədə tam sıxışdırmaq fikrindədir və bu siyasətində Ermənistanın baş nazirindən istifadə olunur”

Rusiyanın İrəvandakı səfiri Sergey Kopırkin Qərbin Azərbaycan və erməni xalqlarının maraqlarına görə narahat olmasına inanmadığını bildirib. “Yeni Müsavat”qeyd edir ki, bu barədə o, “Sputnik-Armenia”ya müsahibəsində deyib.

Bu xüsusda diplomat Ermənistana Avropa Birliyi missiyasının göndərilməsindən də yaxşı heç nə gözləmədiyini dilə gətirib. “Mən ABŞ dövlət katibinin müavininin son bəyanatına diqqət etdim. Karen Donfried müsahibəsində birbaşa Rusiya və İranın regionda guya aktivləşməsinə istinadla Ermənistan və Azərbaycan arasında normallaşma prosesinin sürətləndirilməsinin vacib olduğunu deyir. Görürsünüz ki, məntiq necə qurulur, yəni onları erməni və Azərbaycan xalqlarının maraqları yox, Rusiya və İranın regionda fəallaşması narahat edir”, - Kopirkin qeyd edib.
Rusiya səfirinin sözlərinə görə, belə yanaşma narahatlıq doğurur, çünki bunun Azərbaycan və Ermənistan ətrafında vəziyyətin sülh yolu ilə nizamlanmasına töhfə verəcəyi ehtimalı azdır. Diplomat onu da deyib ki, Rusiya regiondan çıxmayacaq. “Bu, bizim üçün həyati əhəmiyyətli bir regiondur və Rusiya faktiki olaraq onun bir hissəsidir. Rusiya Federasiyasının Ermənistan qarşısında müttəfiqlik öhdəlikləri var. Rusiya tərəfi bundan imtina etmək niyyətində deyil, buna görə də Rusiyanın "geri çəkilməsinə" dair xəyali planlar haqqında hər hansı söhbət yüz faiz fərziyyədir. Rusiyanın mövcudluğunun rolunu hiss etmək üçün Ermənistanın və Qarabağın sərhədyanı rayonlarının sakinləri ilə ünsiyyət qurmaq lazımdır. Siyasi spekulyasiyalar öz yerində, real həyat öz yerində", - deyə diplomat hədələyici tonda vurğulayıb..
Əvvəla, aydındır ki, Qərb kimi, Rusiyanı da Azərbaycan və Ermənistanın maraqları düşündürmür. Özünün imperiya maraqları qayğılandırır. Ukraynadakı işğalçılıq müharibəsi buna bariz sübutdur. Yəni hərə öz maraqlarının hayındadır. O zaman regiondakı Qərb-Rusiya geosiyasi qarşıdurması nə vəd edir? Əgər bu bir yarışdırsa, o halda sülh danışıqlarına pozitiv təsiri mümkündürmü, sülh müqaviləsinin imzalanması sürətlənəcəkmi? İkincisi, “Rusiya Cənubi Qafqazdan çıxmayacaq” təhdidi ilə səfir, görəsən, nəyə işarə vurur? - yalnız Ermənistanı nəzərdə tutur, yoxsa həm də Qarabağı? Yəni 2025-də Bakı razılıq verməsə, rus sülhməramlılar Qarabağdan çıxmayacaq? Məlumdur ki, rusların məqsədi də uzunmüddətli qalmaqdır. Amma onların niyyəti varsa, bizim də öz hədəflərimiz var.
Diqqət mərkəzi - Azad Məsiyev - 27.10.2020 - YouTube
Azad Məsiyev 
Siyasi ekspert Azad Məsiyev “Yeni Müsavat”a vurğuladı ki, Ukrayna müharibəsinə görə Rusiyanın Qərblə əlaqəsi kəsilib. Onun sözlərinə görə, bu səbəbdən Rusiya Şərqə doğru doktrina müəyyənləşdirib: “Kreml üçün Cənubi Qafqaz, Türkiyə, İran və ümumən Şərq çox əhəmiyyətlidir. ABŞ və Qərb koalisiyası Rusiyanı bölgədə tam sıxışdırmaq fikrindədir və bu siyasətində Ermənistanın baş nazirindən istifadə olunur. Azərbaycana gəldikdə, 22 fevralda imzalanmış strateji müttəfiqlik bəyannaməsi var, yəni əlaqələrimiz yüksək səviyyədədir. Amma Ermənistan antirus siyasətini gücləndirir. Avropa İttifaqının mülki missiyasını Ermənistanla sərhədə yerləşdirməsi Rusiyanı ikiqat qıcıqlandırır. Ümumiyyətlə, Paşinyan Amerikanın əlində alətə çevrilib”.
Ramiyə Məmmədova: “Ermənilər Türkiyədə pul qazanır, amma Ermənistanda türk  görmək istəmirlər”
Ramiyə Məmmədova
Siyasi şərhçi Ramiyə Məmmədova hesab edir ki, Rusiyanın Cənubi Qafqazdakı maraqları bu gün yaranmayıb: “200 illik bir vəsiyyət var və Rusiya dövləti bu xətti davam etdirir. Sadəcə, Rusiya qonşularını itirdiyini görməkdədir. Bu gün Gürcüstanla düşmənçilik, Ermənistanla qopan münasibətlər, Ukrayna ilə müharibə, harada Avrointeqrasiya kursu seçən ölkə varsa, Moskvanın gözünün düşmənidir. Ona görə Rusiya bölgəni əldən verməmək üçün bütün imkanlarını səfərbər etməkdədir. Əgər Ukrayna müharibəsinin sonunda Rusiya məğlub olacaqsa, regionda qala bilməyəcək. Ancaq ruslar bizim ərazilərə arxa bağçası kimi baxır. Hər halda, Ukrayna müharibəsinin nəticələri və Türkiyədə seçkilərin aqibəti rus hərbçilərin Qarabağda qalıb-qalmamasına aydınlıq gətirəcək”./“Yeni Müsavat”/скачать dle 12.1