Bia.Az

Bakının Qalasında başlayıb Türkiyənin Qalasında bitən şair ömrü

Cəmiyyət
 13-02-2023, 14:36     233

Yazı Almas İldırımın 130 illiyinə həsr olunur

Qiyməti adından bəlli olan Almas İldırım sürgündən öncə Mikayıl Müşfiqə nələr deyib?..

Almas İldırım 1907-ci il, martın 25-də Bakının Qala kəndində doğulub. Atası Əbdülməhəmməd və anası Nisə xanımın ilk övladı olub. Almasdan sonra ailənin Sona və Ziba adlı qızları, Əbdüləli, Məhəmmədəli və Heydər adlı oğlanları da doğulub. Almasın əsl adı "Əbülhəsən" olub. Ədəbiyyat Cəmiyyətinə daxil olarkən, orada adını “İldırım”, soyadını “Almaszadə” kimi yazıb.

Türk tədqiqatçı Ənvər Aras “Almas” adının onun babasına məxsus olduğunu yazır. “İldırım” adının qaynağına gəldikdə isə türk tədqiqatçı, Almasın müəllim həmkarı Ramiz Ardanın xatirələri bu baxımdan maraqlıdır. Ardanın yazdığına görə, Almas doğularkən Bakıda güclü yağış yağırmış, ildırım çaxırmış. İldırım adı da doğulduğu günün xatirəsidir. Bu məlumatın Almasın özünün Ramiz Ardaya danışması ehtimalı yüksəkdir. Elazığdakı qeydiyyat sənədlərində də şairin adı "İldırım" olaraq qeyd olunur.

Bakıda çap edilmiş ilk kitabında ad-soyad “Almaszadə Yıldırım”, Türkiyədəki ilk kitabında isə “Elmas Yıldırım” kimi yazılıb. Mühacirətdəki mətbuatda əsas imzası da “Elmas Yıldırım” olub. Ə.Aras “Demokrat Malatya” qəzetində (1952-ci il, 270-ci say) Almas İldırımın “İki Nokta” imzasından istifadə etdiyini qeyd edir.
Elazığdakı əhalinin qeydiyyatı ilə bağlı sənəddə, O, Almas İldırım, atasının adı isə “Mehmet” kimi qeydə alınıb.

Heyvandarlıq, əkinçiliklə yanaşı, ticarətlə də məşğul olan Əbdülməhəmməd kişi 1913-cü ildə Bakıdan 40 km məsafədə yerləşən Şüvəlana köçüb, ardınca isə Çəmbərəkəndə yerləşib. Ailə Saraykin küçəsi, 7 nömrəli evdə yaşayıb.

Ənvər Aras şairin atasının, o dövrün şərtlərinə görə, zəngin bir adam olduğunu hesab edir: “İldırımın atasının 1500 illik tarixi Qala kəndində tarlaları, qoyun sürüləri, Çəmbərəkənddə iş yerləri, Şüvəlanda bağ-bağçaları, ticarətxanaları və Xəzərin sahilində yük gəmiləri olduğu bilinir”.

Ramiz Ardanın yazdığı xatirələrdən də aydın olur ki, Almasın ailəsi həqiqətən müəyyən qədər imkana sahib olub. Təsadüfi deyil ki, Almas İldırım almanlar Bakını azad edərsə, var-dövlətini Ramiz Ardayla bölüşəcəyini ona bildirib.

1914-1915-ci illərdə Güney Azərbaycandan gəlmiş fəhlələrin övladlarının dərs aldığı “İttihad” məktəbində oxuyan Almas, fars dilinə yiyələnir. Onun ilk şeiri hesab edilən “Qaldı” rədifli qoşmasını burada oxuyarkən yazıldığı ehtimal olunur. 1925-ci ildə buranı bitirdikdən sonra, Abdulla Şaiqin “Nümunə” məktəbində təhsil alır. Bu məktəbdə, O, Qafur Əfəndiyev, Qantəmir, Seyid Hüseyn Tağızadə, Abdulla Şaiq kimi şəxslərdən dərs alır, rus dilini öyrənir.

1927-ci ildə Almas Azərbaycan Dövlət Universitetinin "Şərqiyyət" fakultəsinin "Ədəbiyyat" bölümünə daxil olur, lakin atasının tacir olması əsas gətirilərək, xaric olunur. Bolşeviklər həmçinin Əbdülməhəmmədin Şüvəlandakı bağını, Çəmbərəkənddəki evlərini ələ keçirirlər.



Təbii ki, onun universitetdən qovulmasının səbəbi təkcə atasının tacir olması deyildi. Ə.Aras yazır: “Ən önəmli səbəblərdən biri milli düşüncələri ilə xalqın hisslərinə dərman olmasıydı. Hətta, 1927-ci ildə Bakıda yazıb, “Qiyabi çox sevdiyim Faruk Nafizə” sözləri ilə Faruk Nafizə ithaf etdiyi “A dağlar” şeirinin mərkəzi Ankarada yerləşən, İstanbulda nəşr edilən “Həyat” jurnalında yayımlanması mühüm səbəb idi”.

Almas İldırım təhsili ilə yanaşı, o dövrdə fəaliyyət göstərən ədəbi dərnəklərin də üzvü idi. O, 1919-cu ildə Seyid Hüseynin qurduğu “Yaşıl qələmlər”, 1922-ci ildə Əhməd Cavadla Hüseyn Cavidin təşəbbüsü ilə qurulan, gizli şəkildə fəaliyyət göstərən “Yaşıl yarpaq” dərnəklərində yer alır. “Yaşıl yarpaq” dərnəyinin “Yaşıl yarpaqlar” adlı divar qəzetində şeirləri çap edilən Almas İldırımın bu illərdə dostluq etdiyi şəxslərdən biri də şair Mikayıl Müşfiq olur.
Bu barədə Süleyman Rüstəm yazır: “Köhnə bolşevik Həbib Cəbiyevin köməyi ilə “Qızıl Gənc” Qələmlər Cəmiyyətini təşkil etmişdik. Həmin Cəmiyyətin rəhbərlərindən biri də mən idim. Biz komsomolçular “Qızıl Gənc” qələmləri yaradarkən, sosialist varlığının əleyhinə gizli fəaliyyət göstərən bir sıra millətçi ruhlu, müsavatçı düşüncəli adamların təsirinə düşən gənclər də Sabir kitabxanasında “Yaşıl qələmlər” təşkilatı yaratmışdılar. Onlar burada “Yaşıl yarpaq” adlı divar qəzeti də buraxırdılar”.

A.İldırım daha sonra Azərbaycan Ədəbiyyatı Cəmiyyətində, 1928-1929-cu illərdə qurulan "Kitab Dostları Cəmiyyəti"ndə təmsil olunur. O, sonuncu dərnək vasitəsilə Mirzə Ələkbər Sabir adına Dövlət Kitabxanasında tərdib edilən toplantılarda iştirak edir. “Kitab Dostları Cəmiyyəti”nin üzvləri arasında Süleyman Rüstəm, Seyid Hüseyn, Hüseyn Namiq, Zərbəli Hafiz, Məmməd Rahim, Mikayıl Müşfiqi kimi şair və yazıçılar da vardı.

Şübhəsiz ki, Sovetlərin ilk illərində Azərbaycan yazıçılarının yaratdığı və getdikcə nüfuz qazanan bu cəmiyyətlər “ÇEKA”nın diqqətindən yayınmır. Ona görə də cəmiyyətlər nəzarət altına alınmaq üçün birləşdirilir və 1928-də Azərbaycan Proletar Yazıçıları Cəmiyyəti yaradılır. Almas İldırım bu quruma üzv olmaq məcburiyyətində qalır.

Bu cəmiyyətin ədəbiyyat qarşısında qoyduğu əsas məqsəd yeni rejimə xidmət etmək, onu xalq arasında tərənnüm etmək idi. Ona görə də cəmiyyət tərəfindən üzv olan ədiblərin yaradıcılığı sərt senzuradan keçirilirdi. Almas İldırımın bu cəmiyyət haqqında yazdığı xatirəsindən də oxuyuruq ki, hər kəlmənin üzərində ciddi müzakirə gedirmiş.

Bu dövrdə Almas İldırımın yeni rejimin yaratdığı mühiti tərənnüm edən şeirlər yazmaması ilə yanaşı, onun latın qrafikalı əlifba ilə bağlı söylədikləri qara siyahıya düşməsinə səbəb olur:
“Qardaşlar, ərəb əlifbasından latın əlifbasına keçmək çox vacib işdir. Türkiyə türkləri də bu yoldadırlar. Ancaq, mən, əminəm ki, bu, yaxın gələcəkdə məruz qalacağımız dəhşətli bir hadisəyə hazırlıqdır. Çünki vəzifəli yoldaşlar Moskvadan verilən fətva ilə kirill/rus əlifbasına keçməyə qədəm qoyurlar”.
Almas İldırım əminliyində haqlı çıxır. Necə ki, latın qrafikasının ardınca 1940-cı ildə ölkədə kiril qrafikası tətbiq edilir.

Almas İldırımın Əhməd Cavad, Hüseyn Cavid kimi şairlərin yanında olması, sovet rejiminin əmrlərinə canla-başla əməl etməməsi, başda Cəmiyyətin sədri Mustafa Quliyev olmaqla, ağır tənqidlərə məruz qalır. Proletar şairlərin və tənqidçilərin (Əkbər Ruhi, Əsəd Əyyubi, Süleyman Rüstəm) onun haqqında yazdıqları şairə sürgün qapısını açmış olur.
Şair, hətta “Vahid Türküstan”, “Vahid Cağatay” adlı dövlət qurmaq istəməkdə də ittiham edilir. Əkbər Ruhi onun haqqında yazır: “Yazıçılar arasında müsavatçılara aşiq və Türkiyə çavuşlarının həqiqi şagirdi bulunanlar arasında Almas İldırımın da olması meydana çıxmışdır. Bunlar Əhməd Cavad və Hüseyn Cavidin yolçusudurlar. Milli ədəbiyyat yaratmaq məqsədiylə qəmli mərsiyələr yazan bu kimi gənc şairlərdən ədəbiyyatımızı təmizləməliyik... Cavad dəbiyyat sahəsində bəzi gənclərimizi zəhərləməyə müvəffəq oldu. Almas İldırım Cavadın qurbanıdır. Cavad onun beynini o qədər zəhərləmişdir ki, nəticədə Almas İldırım komsomol təşkilatından atıldı. O, Cavadın qeyri-mətbu şeirlərinə nəzirələr yazdı”.
Əsəd Əyyubi isə yazır ki, “Almas kimilərin başları sovet çəkici ilə əzilməlidir”.

Almas İldırım bir neçə il sonra “Kurtuluş” jurnalında bu tənqidçilərə cavab verir.
Mətbuatdakı bu tənqidlər onun siyasi idarə tərəfindən cəzalandırılmasına bəs edir və Almas İldırım 1929-cu ildə Dərbəndə sürgün edilir.

Dərbənddə

Ailəsi və bir neçə dostu 22 yaşlı Almas İldırımı Dərbəndə yola salır. Bu ilk sürgünündə o, “Dağlara vida” şeirini yazır. Azərbaycandakı kimi burada da yeni rejim eyni məqsədlə Dağıstan Proletar Yazıçılar Cəmiyyətini qurmuşdu. Almas İldırım bu cəmiyyətə üzv olur. Buranın şair, yazıçıları olan Məhəmmədkazım Ələkbərli, Əli Səmədzadə, Osman Alp Əfəndizadə ilə dostluq qurur. “Dağıstan füqərası” qəzetinin redaktoru olan Məhəmmədkazım Ələkbərlinin dəstəyi ilə müxbir vəzifəsinə işə düzəlir, “Dağlardan xatirələr” şeirini ona ithaf edir. Həmçinin bu qəzetdə yeni şeir və poemalarını (“Potyomkin”, “Səlim xan”, “Allah naminə”) dərc etdirir. Daha sonra bu qəzetin müxbiri kimi Şamilqalada (Mahaçqala) işləyir. Qasımkənd, Axdı bölgələrindəki ədəbi fəaliyyətlərə qatılır, “Ləzgi ellərində” şeirini yazır.
Almas İldırımın gənclər tərəfindən sevilməsi, yazdığı şeirlərin mövzusu siyasi idarə tərəfindən onun burada olması da təhlükəli hesab edilir və ona yeni sürgün qapısı açılır.


Amma 1930-cu ildə maraqlı bir hadisə olur. Bakıda “Azərnəşr”də Məhəmməd Səid Ordubadi onun “Dağlar səslənirkən” adlı şeir kitabını yayımlayır. Lakin tezliklə bu kitab haqqında tənqidi yazılar peyda olur, kitab qadağan edilir, satışdan yığışdırılır.
Onu ittiham edən yazıların birində (“Kommunist” qəzeti. B.Zəngili, 02.03.1931, “Dağlara səslənirkən” məqaləsindən) Almas haqqında yazılır: “A.İldırım yeni həyatın bütün müvəffəqiyyətini qadın və qızlar üzərində görür. O, hələ də öz ilhamını qızlar və yaşıl təpələrdən almaqdadır”.
Bu kitabdan sonra onun Bakıdan Aşqabada sürgün edilməsinə qərar verilir.

Aşqabadda

Dərbənddən Bakıya gələn (və ya gətirilən) şair qısa müddət sonra Aşqabada sürgünə göndərilir.
Almas İldırım əllərini onu Bakıdan Aşqabada yola salmağa gələnlər arasında olan şair dostu Mikayıl Müşfiqin çiyninə qoyaraq deyir: “Bunların məqsədi mənə indi aydın olur. Yəqin, hər dəfə bir türk məmləkətinə göndərməklə, Böyük Türküstanımızı məni qarış-qarış gəzdirmək istəyirlər”.
24 yaşlı Almas İldırımın Bakı ilə əbədi vidalaşır. Bunu hiss etdiyinə görədir ki, “Əlvida, Bakı” şeirini yazır:

Səndə keçib getdi, iyirmi dörd yaşım,
Bir zaman bəladan çıxmadı başım,
Sən oldun həmdəmim, dərdli yoldaşım,
Laylalar söylədin, mənə, əlvida...



Aşqabadda ikən Almas İldırım Türküstandan, Azərbaycandan sürgün edilən ailələrin uşaqlarının təhsil aldığı məktəbdə müəllimlik (bəzi yazılara görə, direktor) fəaliyyətinə başlayır. Burada həmçinin “Zəhmət” qəzetində də çalışır. Almas Aşqabadda Şamaxıdan sürgün edilən, əslən Güney Azərbaycandan olan bir ailənın qızı ilə tanış olur. 1932-ci il mayın 1-də Zivər xanımla ailə həyatı qurur. Burada “Zəhmət” qəzetində və Aşqabad radisounda yayımlanan şeirləri ona böyük nüfuz qazandırır və Bakıda bundan xəbər tutulur. Yenidən dövrəyə girən Əkbər Ruhi, Süleyman Rüstəm kimi rejimin tənqidçi və şairləri ona qarşı çıxışlar edirlər. Hətta, QPU agenti olan Əkbər Ruhi şairin fəaliyyətini təftiş etmək üçün Aşqabada göndərilir.

Ə.Ruhinin bu qədər Almas İldırım əleyhinə fəaliyyət göstərməsinin başqa bir səbəbi da vardı. Ə.Aras kitabında qeyd edir: “Ruhinin İldırıma qarşı aşırı kin və nifrət bəsləməsinin bir səbəbi də Humay xanımdır. Çünki Yazıçılar İttifaqının ilk şairələrindən olan və daha sonra Əkbər Ruhiylə evlənən Humay xanımın gənclik illərində, evlənməmişdən əvvəl şairə qarşı xüsusi bir marağının olması, Ruhinin də Humayı qısqanması söylənilir. Hətta, şair Humay xanım üçün elçi gedilməsini ailəsindən istəyir, ancaq şairin atası səbəb göstərmədən onun istəyini qəbul etmir”.
Şairin əmisi oğlu Hacıağa Almaszadə də Ənvər Arasla söhbətində bu faktı təsdiqləyir.

Əkbər Ruhi Aşqabad Dövlət Pedaqoji İnstitutunda müəllim olaraq işə başlayır. Aşqabad radiosunda və “Zəhmət” qəzetində Almas İldırım və digərləri haqqında çıxışlar edir, yazılar yazır. 12 avqust 1932-ci il tarixli “Almas İldırımın yaradıcılığı” adlı məqaləsində açıq şəkildə Alması hədəf alır: “Almas, ... Müsavat Firqəsinin ən irəlidə olan və bizə dəfələrlə Müsavat cəbhəsindən hücuma keçən əks-inqilabçı şairdir. Cavadçı, Müsavatçı gənc şair kimi tanınmış və son günlərə qədər də “Gənc İşçi” qəzetində söyülməkdədir... Almas azərbaycanda və Dağıstanda azadlıq və rahatlıq hiss etməmiş, ona bu imkanı verməmişlər. Burada ona azadlıq və rahatlığa geniş meydan verilmiş, o da istədiyini yazmışdır. Ancaq bu düşüncələrlə Almas burada da rahat yaşaya bilməyəcəkdir... Almasın dünyagörüşündə bizə yad fikirlər çoxdur. O, istəsə və keçmişindən əl çəkərsə, gələcəkdə bizimlə birlikdə işləyə biləcəkdir. Əks halda, zərbələrimizə dözməlidir. Almas son və qəti sözünü mətbuat vasitəsilə bizə deməlidir... Almasın eli haradır? Bu el Müsavatdır. Bu el Kamalçılar Türkiyəsidir. Almasın gözlərini oraya dikməsi bu gün deyil, 6-7 il bundan əvvəl orada dərc olunandan bəri bizə məlumdur”.

İrana doğru

Artıq Almas İldırımın heç bir çıxış yolu qalmamışdı. Ya Ruhinin dediyi kimi, təslim olaraq kommunistlərin sırasına qatılmalı, ya da Sibirdə həlak olmalı idi. Çox düşünərək, o, başqa bir yolu seçir: Türkiyəyə qaçmaq.
Zivər xanım atası Məhəmmədağa kişini də razı saldıqdan sonar, İldırım ailəsi 19 iyun, 1933-cü il, saat 21:30-da evdəki lampanı da söndürməyərək, yola çıxırlar. Üç aylıq övladları Azərlə birlikdə bir dəvə karvanına qoşulurlar. Bir neçə gün bu karvanla birlikdə yola düşürlər, lakin bunun təhlükəli olduğunu bilib, Firuzə yaylağında karvandan ayrılırlar. Günlərlə ac-susuz qalırlar. Hətta, Azər yaşasın deyə, onu buraxıb getmək istəsələr də, bunu bacarmırlar, bir neçə metr getdikdən sonar geri qayıdıb, övladlarını götürürlər. Min bir əziyyətlə İran sərhədini keçdikdən sonra, tutulurlar.

İran sərhədçiləri sərhədi pozduqlarına görə, ailəni həbs edir. “Stalin, Sovet casusu” adı ilə şairə 25 gün işgəncə verilir, 24 saat bədəni soyuq suyun içinə salınır, sorğu-sual edilir. Səhhəti ağırlaşır, nəhayət, Tehrandan gələn əmrlə sərbəst buraxılırlar. Ailə Məşhədə yola düşür. Bir müddət burada qalan Almas İldırım, Türkiyəyə getməyin yollarını axtarır.

Türkiyədə

Almas İldırım İranda keçən 6-7 aylıq sürgün həyatından sonar, 1934-cü ildə Türkiyənin Van şəhərinə sığına bilir. Vanda onlara Əhəd Əlizadə Ural adlı şəxs yardımçı olur. 10-15 gün Əhəd bəyin evində qaldıqdan sonar, Elazığa yollanırlar.
Almas İldırım 1934-1935-ci təhsil ilində Palu ilçəsinə bağlı olan Karaca Bucağı/Karacabağ ibtidai məktəbində müəllimlik edir. 1935-ci ilin sonu - 1936-cı ilin əvvəllərində Palunun Karaçor nahiyəsinə müəllim təyin edilir. Ümumilikdə o, bu dövrdə müxtəlif fasilələrlə 1935-1946-cı illərdə Elazığın mərkəzində və mərkəz nahiyələrində çalışır. 1940-cı ilin əvvəllərində isə Paluya bağlı Karabegan nahiyəsinə müdir təyin edilir.


Bu illərdə “Boğulmayan bir səs” (1936, İstanbul, “Tecelli Basımevi”) adlı kitab çap etdirir. Azərbaycan Kültür Dərnəyinə üzv olur, yazıları “Çinaraltı”, “Orxun”, “Gökbörü”, “Boz qurd”, “Kommunizmlə mücadilə” və digər qəzet və dərgilərdə dərc olunur. Müsavatçılarla əlaqələr qurur, M.Ə.Rəsulzadənin tərəfində yer alır, Mirzəbala Məhəmmədzadə ilə məktublaşır, Berlində çap olunan “Kurtuluş” jurnalına yazılar göndərir. Çətin günlər görür, Eldəgəz və Yurdavar adlı əkiz qız övladlarını bir gündə itirir.

Ailənin Türkiyədə daha sonra üç övladı olur: Aras (Keban, 22.03.1937), Odkan (Ağın, 09.03.1944) və Mehmet Bakühan (Elazığ, 28.07.1950).
1939-cu ildə anası Nisə xanımın vəfat etməsi ilə bağlı xəbər alır. Atası Əbdülməhəmməd kişi 1941-ci ildə Türkiyədəki oğlu ilə əlaqə saxlaması iddiası ilə bütün ailə üzvləri ilə birlikdə Nargin adasına sürgün edilir. Heç bir dəlil olmadığına görə, 60 gündən sonra azad edilirlər. Bacısı Sona xanım isə Nargin hadisəsindən sonar, bir qonşu vasitəsilə Almasa məktub göndərərək, ailəsindən heç kimin qalmadığını, hamının öldürüldüyünü, məktub göndərərsə, məktubun çatdığı ünvanda da hər kəsin öldürüləcəyini qeyd edir. Bir dəfə küçədə birinin “satqının bacısı” deməsindən sonar, Sona xanım əsəb sarsıntısı keçirir, yaxşı ifa etdiyi qarmonunu sındırır, evi axtardıqlarında tapacaqları qorxusu ilə qardaşından gələn, çarpayının borusu içində saxladığı məktubları yandırır. 1941-ci ildə xəstələnən Sona xanım 1983-cü ildə vəfat edir. Sona xanımın son məktubundan sonra Almas geridə qalanları təhlükəyə atmamaq üçün artıq heç kimə məktub göndərmir. Atası Əbdülməhəmməd kişi 1945-ci ildə vəfat edir.


Bakının Qala kəndində doğulan şairin özü isə 1952-ci il, yanvarın 14-də Malatyanın Qala qəsəbəsində dünyasını dəyişir. Malatyanın Sancaktar məzarlığında dəfn edilən şairin qəbri, təəssüf ki, hazırda bilinmir.
Almas vəfat etdiyində Mehmet Bakühan 2, Odkan 8, Aras 15, Azər isə 18 yaşında idi. Bütün ailənin yükü Azərin üzərinə düşür. Şairin yoldaşı Zivər xanım isə 21 fevral 2007-ci ildə vəfat edir.

Azərbaycan Kültür Dərnəyi 1953-cü ildə “Elmas Yıldırımın Seçilmiş şiirleri”, 1990-cı ildə isə “Yiğitlere sesleniş” adlı kitablar yayımlayır. A.İldırımın özü 1947-ci ildə Elazığda “Turan Basımevi”ndən “Azerbaycan manileri” adlı topladığı bayatılardan ibarət kitab çap edir. Həmin il kitabın daha geniş formalı ikinci nəşri “Bayatılar” adı ilə yayımlanır. İkinci nəşrin ön sözündə Almas İldırım kədərli bir əhvalat nəql edir:
“Kitabdakı bayatıları toplayarkən qürbətin qəhri üzündən saçları ağarmış, zavallı bir azəri anasının yaşlı gözlərini məchul bir nöqtəyə dikərək, söylədiyi bir bayatını yazdıqdan sonar, o da, mən də susdum. Susmaq da başqa bir cür fəryaddır...

Əzizim vətən sarı,
Yol gedər vətən sarı,
Çıxaydım dağ başına
Baxaydım vətən sarı...”.



P.S. Almas İldırım haqqında ilk dəfə oxuyacağınız məlumatları tezliklə "XAN" nəşriyyatının "Xatirə ədəbiyyatı" seriyasından təqdim edəcəyik.

Dilqəm ƏHMƏDскачать dle 12.1