Bia.Az

ABŞ-ın İranla bağlı yeni planları: müxalifəti dirçəldir, növbəti etiraz dalğası bu cür olacaq – ŞOK GƏLİŞMƏ

Siyasət
 13-02-2023, 13:18     231

“İranda hakimiyyət əleyhinə 5 ay bundan öncə başlayan etiraz nümayişlərinin intensivliyi azalsa da, hələ də davam etməkdədir. Müşahidəçilər küçə yürüşlərinin artıq səngidiyini nəzərə çatdırırlar. Bu azalma heç də narazılığın aradan qalxması ilə izah oluna bilməz. Rejimə qarşı nifrət əvvəlkindən daha artıq səviyyəyə gəlib çatıb”.

Bu fikirləri politoloq Əlimusa İbrahimov Globalinfo.az-a açıqlamasında deyib.

O bildirib ki, nümayişlər hökumətin apardığı siyasət, iqtisadi vəziyyətin getdikcə ağırlaşması, hakimiyyətdə olan qüvvələrin xalqa zülm etməsi, qadınların hüquqsuz kölə vəziyyətində saxlanılması, milli azlıqların fars şovinizminin əsarətində əzab çəkməsi səbəbindən baş vermişdi:
“Sadaladığımız bu səbəblərin heç biri dövlət tərəfindən aradan qaldırılmadı. Çünki iqtidar insanların vəziyyətini yaxşılaşdırmaq üçün heç bir resursa malik deyil. Ruhani rejimi bu çatışmazlıqların aradan qaldırılması istiqamətində hər hansı bir tədbir görmək barədə düşünmür. Çünki orada hesab edirlər ki, insanlar aclıq və istibdaddan deyil, xaricdəki qüvvələrin təsiri altına düşdüklərindən küçələrə çıxır. Hətta İran xalqına Qəddafi dövründəki Liviyanı misal gətirirlər. Guya o zaman Liviya xalqı var-dövlət içində yaşayırdı, xarici qüvvələr onları qızışdırıb hakimiyyətin üzərinə saldı. İndi isə pis günə düşüblər.
Belə olan halda İranda yaşayan xalqların bu qədər ümid bəslədiyi etiraz nümayişləri nədən məqsədlərinə çatmadan yatırdıla bildi?”
Politoloq qeyd edib ki, təbii ki, bu barədə mütəxəssislər müzakirələr apararaq müxtəlif mülahizələr irəli sürürlər. Amma ümumi gəlinən nəticə budur ki, küçə nümayişlərinin dayanması heç də rejim əleyhinə olan çıxışların bitməsi anlamına gəlməməlidir:
“Çünki rejim vəziyyətdən istifadə edərək insanlara divan tutdu. Xalq nümayişlər olan vaxtdakından daha ağır vəziyyətə düşdü. İğtişaşların səngiməsi müvəqqəti səciyyə daşıyır və bir müddət sonra yeni qüvvə ilə başlayacağını düşünmək daha doğru olardı. Çünki İran ətrafındakı dairə də getdikcə daralır, hətta yaxın günlərdə ona qarşı müharibənin də başlaya biləcəyi barədə məlumatlar verirlər. Amma bunlar hamısı hələlik hipotezlərdir və illərdir ki, İranla bu gün-sabah müharibənin başlaması barədə proqnozlar verilsə də, bu proqnozlar hələ də özünü doğrultmur. İran isə bir tərəfdən nüvə tədqiqatı sahəsində işini davam etdirir, digər tərəfdən qonşuları, Yaxın və Orta Şərq ölkələrini gərgin vəziyyətdə saxlayır, öz əhalisinə qarşı repressiyaları hər keçən gün artırır”.

Ə.İbrahimov qeyd edib ki, bu şəraitdə xarici ölkələrdə yaşayan İran müxalifət nümayəndələri və diaspora təşkilatları son bir neçə aydır ki, İranda gedən prosesləri yaxından izləyir və dünya ölkələrini hakimiyyətə təzyiq göstərməyə çağırırlar:
“Bir neçə gün bundan əvvəl  İranın səkkiz nüfuzlu diaspora nümayəndəsi ABŞ-ın Corctaun Universitetində bir araya gələrək İranda baş verən hadisələri müzakirə ediblər. Onların müzakirələri İran Demokratiya Hərəkatının gələcəyinə həsr olunmuşdu. İranda nümayişlər başlayandan bəri ilk dəfədir ki, tanınmış müxalifət nümayəndələri bir yerə toplaşaraq vahid cəbhədən çıxış etməyə başlayır. Tədbirdə iştirak edənlərin siyahısı onun nəticə verəcəyinə ümidləri artırır: Şahzadə Rza Pəhləvi, Nobel mükafatı laureatı Şirin Abadi, Doktor Həmid İsmailian, qadın hüququ fəalı Məsih Əlinejad, tanınmış aktrisa və fəal Nazəni Bunyadi, Gülşiftə Fərəhani, İran milli futbol komandasının keçmiş kapitanı Əli Kərimi, Komala Kürd Partiyasının Baş Katibi Abdullah Muhtadi.
İğtişaşlar başlayandan bəri İran müxalifəti ilk dəfə idi ki, yığışırdı. Burada əsasən ölkədə hazırkı vəziyyət və hakimiyyətin mitinq zamanı həbs olunan insanlara qarşı repressiyasının qarşısının alınması yolları müzakirə olunmuşdu”.
Ekspertin sözlərinə görə, təbii ki, tanınmış İran müxalifət nümayəndələri hazırkı vəziyyətin müvəqqəti olduğu qənaətinə gələrək gələcək hadisələrə daha ciddi hazırlaşmağın vacibliyini vurğulayıblar:
“İştirakçılar hamısı birmənalı olaraq bu fikirlə razılaşıblar ki, nümayişlərin sakitləşməsi dövlətin insanlara qarşı divan tutmasının nəticəsidir və indiki halda əlavə qurbanlardan qaçmaq naminə sakitliyə riayət olunması təbiidir. Bu fasilədən istifadə edərək gələcək hadisələrə hazırlıq görülməlidir.
Görüş iştirakçıları aparıcı dövlətləri İranla daha yaxından maraqlanmağa çağırmışlar. Dünya ictimaiyyətinə müraciət edilib ki, İran xalqının öz azadlığı naminə etirazlarına görə məhv edilməsinə imkan vermək ədalətsizlikdir.
Qeyd etdiyimiz kimi, xaricdə yaşayan İran müxalifət nümayəndələrinin ilk görüşündən ciddi nəticələr gözlənilir. Bundan sonra görüş və müzakirələrin davamlı keçirilməsi və iştirakçıların əhatəsinin daha da genişləndirilməsi qərara alınıb”.скачать dle 12.1