Bia.Az

10 min uyğuru Kanadada yerləşdirmək üçün danışıqlara başlanıb

Dünya
 11-02-2023, 14:45     152

Çindən qaçıb başqa ölkələrə sığınmış, amma o ölkələrdən geri deportasiya olunmaq təhlükəsi ilə üzləşmiş 10 min uyğurun və digər müsəlman türklərin Kanadada yerləşdirilməsi üçün danışıqlara başlanıb. Novator.az-ın məlumatına görə, Kanadanın “The Hill Times” qəzetində bununla bağlı yazı dərc olunub.
Yazıda uyğur əsilli Kanada vətəndaşı, uyğurların hüquqlarını müdafiə layihəsinin icraçı direktoru Mehmet Tohtinin məsələni fevralın 8-də ölkənin Miqrasiya, Qaçqınlar və Vətəndaşlıq Nazirliyinin məsul şəxsləri ilə müzakirə etdiyi bildirilir.
10 min uyğurun və digər müsəlman türklərin Kanadada yerləşdirilməsi haqda qərarı fevralın 1-də parlament hakim Liberal Partiyasından deputat Samir Zuberinin təklifi əsasında qəbul edib.
43 yaşlı Samir Zuberi pakistanlı mühacir oğludur. O, 2019-cu ildən Kanada parlamentinin deputatıdır.
Deputat təklifi irəli sürərkən Kanada parlamentinin 2021-ci il bəyanatına əsaslanıb. Həmin bəyanatda Çindəki kommunist rejiminin uyğurlara və digər etnik-dini azlıqlara qarşı soyqırımı törətdiyi vurğulanıb. Sənəddə Miqrasiya, Qaçqınlar və Vətəndaşlıq Nazirliyinə tövsiyə edilib ki, müdafiəyə ehtiyacı olan 10 min uyğurun və digər müsəlman türklərin Kanadaya girişi 2024-cü ildən başlayaraq intensivləşdirilsin.
“The Hill Times” qəzeti yazır ki, indi qarşıda duran əsas məsələ hökumətin parlamentin 1-də qəbul etdiyi qərarı yerinə yetirmək üçün lazımi addımları atmasıdır. Prosedura əsasən, parlamentin qərarından sonra üç ay ərzində hökumət 10 min qaçqının Kanadada yerləşdirilməsi üzrə plan hazırlayıb parlamentə təqdim etməlidir. İlin sonuna kimi isə parlament planı müzakirəyə çıxarmalıdır.
Həm Mehmet Tohti, həm də Samir Zuberi “The Hill Times” qəzetinə bildiriblər ki, 2024-cü ildən qaçqınların Kanadada yerləşdirilməsinə başlaya bilmək və prosesi nəzərdə tutulan vaxtda – 2026-cı ildə yekunlaşdırmaq üçün hazırlıq işləri sürətləndirilməlidir. Mehmet Tohti və Samir Zuberi buna nail olmaq üçün əllərindən gələnə əsirgəməyəcəklərini vurğulayıblar.

Mənbə: Hilltimes.comскачать dle 12.1