Bia.Az

İdxal olunan meyvə niyə yerli məhsuldan daha ucuzdur?

Sosial
 8-02-2023, 12:02     218

Bakıda bəzi yerli meyvə-tərəvəzlər xaricdən gələn məhsullardan daha baha satılır. Bu isə əhalinin narazılığına səbəb olur. Belə ki, insanları xaricdən gələn məhsulun daşınma və başqa xərcləri olduğu halda niyə yerli məhsuldan daha ucuz olması düşündürür.

Məsələ ilə bağlı Axar.az-a açıqlama verən Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov deyib ki, Bakının meyvə-tərəvəz bazarında gördüklərimiz heç də ayrı-ayrı kəndli və təsərrüfat sahiblərinin ora gətirdiyi məhsullar deyil:
“Son 5 ildə meyvə-tərəvəz ayrı-ayrı böyük bağ sahiblərinin əlində toplanıb. Onlar müasir texnologiyalarla bağlar salıb və bazara yararlı, tələbata uyğun məhsul istehsal edirlər. Bəzən insanları kəndlinin niyə öz məhsulunu birbaşa Bakıdakı mağazalara çıxara bilmədiyi düşündürür. Bunun səbəbi müasir texnologiyalarla, aqrar yollarla istehsal olunmayan meyvə-tərəvəzin görünüşünə və dayanıqlılığına görə Bakı bazarında demək olar ki, istehlakçının tələbatına uyğun olmadığıdır”.
E.Hüseynovun sözlərinə görə, buna görə yerli istehsalda böyük təmərküzləşmə var:
“Yerli istehsalçılar üçün karter sövdələşmələrini həll etmək çox asan bir şeydir. Üstəlik, Bakının meyvə-tərəvəz bazarındakı bütün məhsullar “Meyvəli”dən gətirilir və qiymətləri orada müəyyən olunaraq paylanır.
Xaricdən gələn meyvə-tərəvəzdə də vəziyyət eynidir. Bu sahəni idarə edən şəxslərin də aralarında karter sövdələşmələrinin olduğu istisna olunmur. Bazar kiçik olduğundan asanlıqla həmin şəxslər qiymətin qoyulmasında razılaşaraq rəqabət mühitini öz xeyirinə dəyişir. Belə ki, onlar əsl ixracçıdan məhsulu ucuz alıb, ucuz qiymətə də təqdim edib, bazarda üstünlük əldə edirlər.
Bu kimi hallara mən də şahid olmuşam. Məsələn, Fransada istehsal olunan və özündə baha satılan bir məhsul bəzən azad iqtisadi zonaya çıxandan sonra müəyyən gömrük rüsumları və yerli vergilərdən azad olunur. Beləliklə, başqa ölkəyə ucuz qiymətə gedib çıxır. Bu da bir məhsulun, məsələn, öz ölkəsində 10-a, bizim ölkədə isə 8 manata təqdim olunmasına səbəb olur”.скачать dle 12.1