Bia.Az

12 gün keçdi - Tehran susur, Bakı yeni faktlar açıqlayır

Gündəm
 8-02-2023, 11:51     245

Deputat: “Araşdırmanın Azərbaycanın istintaq orqanları ilə birlikdə aparılmasına şərait yaradılmasını istəmişik, lakin hələ də buna müsbət cavab yoxdur”

Yanvarın 27-də İrandakı Azərbaycan səfirliyinə qarşı terror hücumundan iki həftəyə yaxın vaxt keçsə də, rəsmi Tehran hadisə ilə bağlı hələ də ətraflı izahat verməyib. Səfirliyin müşahidə kameraları vasitəsilə terror hücumunun gedişatı anbaan lentə alınıb. Belə ki, terrorçu hücum aktını törətməmişdən əvvəl avtomobili ilə 2 dəfə səfirliyin qarşısından keçib.
Azərbaycan Xarici İşlər Nazirliyinin yeni açıqlamasından məlum olur ki, saat 08:34-də terrorçunun səfirliyə daxil olmasından 2 dəqiqə sonra İran polisinə məxsus nəqliyyat vasitəsi səfirliyin yanına gəlsə də, giriş qapısının yaxınlığındakı postda dayanmış polis əməkdaşı ilə bir neçə saniyəlik söhbətdən sonra ərazidən uzaqlaşıb.
Terrorçu 4 dəqiqə ərzində - yəni, saat 08:36-dək səfirliyin inzibati binasının içərisində əməkdaşlarımızı hədəfə almaqla çoxsaylı atəş açıb, nəticədə səfirliyin əməkdaşı Orxan Əsgərov aldığı güllə yarasından hadisə yerində həlak olub, digər əməkdaş Mahir İmanov sağ qol və sol ayaq nahiyəsindən ağır yaralanıb. Səfirliyin başqa bir əməkdaşı Vasif Tağıyev isə terrorçunu zərərsizləşdirmək məqsədilə onun üzərinə hücum çəkərək terrorçu ilə əlbəyaxa olub. Sonradan səfirliyin ərazisinə keçirilmiş baxış zamanı terrorçunun üzərindən düşmüş “Colt” markalı tapança aşkar edilib. Terrorçunun səfirliyə zor gücü ilə daxil olmasına, binanın daxilindən fasiləsiz atəş səslərinin gəlməsinə və V.Tağıyevin terrorçunu zərərsizləşdirmək üçün köməyə çağırmasına baxmayaraq, giriş qapısındakı postda dayanmış İran polisinin əməkdaşı hadisəyə nəinki müdaxilə etməyib, hətta postunu tərk edərək ərazidən uzaqlaşıb.

Səfirliyin binasından çıxarılmış terrorçu isə gödəkçəsinin cibindən ehtiyat mərmi darağını götürərək avtomatına taxıb, 2 dəfə kiməsə əl işarəsi göstərib, daha sonra səfirliyin giriş qapısına, habelə hədə-qorxu gələrək və təhqiramiz ifadələr işlədərək səfirliyin binasında diplomatların ailə üzvlərinin yaşadıqları mənzillərin pəncərələrinə davamlı atəş açıb. Terrorçu bu müddət ərzində özü ilə gətirdiyi yanar maddə ilə səfirliyə məxsus nəqliyyat vasitəsini yandırmaq məqsədilə avtomobilin təkərlərini 2 dəfə alışdırıb.
Giriş qapısının möhkəm və onun avtomat silahın atəşi ilə açılmasının çətin olduğunu görən terrorçu avtomobilinin yük yerindən götürdüyü ağır zərbə aləti ilə qapını qırmağa çalışıb, diplomatları və onların ailə üzvlərini qətlə yetirmək üçün ikinci dəfə səfirliyə daxil olub. Atəş aça-aça səfirliyin ikinci mərtəbəsinə qalxmağa cəhd edən terrorçunun üzərinə V.Tağıyev yanğınsöndürən balon atmaqla onu başından zədələyib (bu an müşahidə kameralarının nəzarətindən kənarda qalıb) və nəticədə terrorçu binanı tərk etməyə məcbur olub.
Küçəyə çıxdıqdan sonra terrorçu aralıda dayanan hansısa şəxslərə növbəti dəfə əli ilə işarə etməklə avtomatını yerə qoyub, bununla belə, polis ona yaxınlaşmayıb. Növbəti dəfə polisin hadisəyə müdaxilə etməməsindən istifadə edən terrorçu özü ilə gətirdiyi “Molotov kokteyli” tipli yandırıcı maddəni avtomobilindən götürərək səfirliyimizin qarşısında dayanan və nümayəndəliyimizə məxsus nəqliyyat vasitəsini yandırmağa cəhd göstərib. Həmin vaxt ehtiyatsızlıqdan özünü alışdıran terrorçuya polislər dərhal müdaxilə edib.
Eyni zamanda polislər terrorçunu həbs etməyə tələsməyib, onunla danışmağa başlayıb, cinayətkar kimi rəftar etməyib və seyrçi mövqe tutublar. Bundan istifadə edən terrorçu isə bir müddət ərazidə dolaşaraq səfirliyimizin diplomatlarını “hamınızı öldürəcəm” deməklə təhdid və təhqir etməyə başlayıb. Polislər bu hala da reaksiya verməyiblər. Bundan sonra terrorçu sərbəst şəkildə səfirliyin binasına yaxınlaşaraq qapını sındırdığı ağır zərbə alətini polisin gözü qarşısında yerdən götürüb avtomobilinin içərisinə qoyub.
Daha sonra terrorçu səfirliyin pəncərəsindən onun həbs olunmasını tələb edən V.Tağıyevi aşağıya düşməyə təkid edib və V.Tağıyev aşağı düşdükdə onu yenidən təhdid edərək üzərinə hücum etmək istəyib. Yalnız bütün bunlardan sonra polislər terrorçunun qollarını qandallayıb onu avtomobilə əyləşdirərək ərazidən uzaqlaşıblar. Bu zaman üzündə maska olan naməlum şəxsin terrorçunun avtomobilindən naməlum əşyalar götürməsi və ərazidən uzaqlaşması da diqqət çəkir.
Terrorçunun hadisəni törətmək üçün məhz İranda istirahət günü olan cümə gününü seçməsi (terror aktına mane ola biləcək halları minimuma endirmək üçün), özü ilə hadisə yerinə avtomat silah və güllələrlə dolu ehtiyat daraq, “Colt” tipli tapança, “Molotov kokteyli”, ağır zərbə aləti və sair vasitələr gətirməsi, İran polisinin terror aktına müdaxilə etməməsi hadisənin əvvəlcədən planlaşdırıldığını ehtimal etməyə əsas verir.
Hadisədən 12 gün keçməsinə baxmayaraq, Tehran hələ də baş verən terror aktı ilə bağlı ətraflı izahat verməyib. Yalnız Tehran polis rəisinin işdən çıxarılması və terrorçunu “dəlixanaya” salmaqla işini bitmiş hesab edib.
Ceyhun Məmmədov: Ölkəmizdə milli-mənəvi dəyərlərimizə yüksək diqqət və  qayğı var - AZƏRTAC
Ceyhun Məmmədov 
Milli Məclisin deputatı Ceyhun Məmmədov “Yeni Müsavat”a bildirdi ki, bununla Azərbaycanı razı salmaq mümkün deyil: “Fevralın 6-da Azərbaycanın Xarici İşlər Nazirliyi geniş və ətraflı bir məlumat yaydı. Nazirliyin yaydığı məlumatlara diqqət etdikdə də görəcəyik ki, bir çox məsələlər var ki, onlara İran tərəfi aydınlıq gətirməlidir. Terrorçunun arxayın hərəkət etməsi, polisin müdaxilə etməməsi, terrora şərait yaratması, İran televiziyalarına müsahibələrində əlinin qandallanmaması və digər nüanslar açıq-aydın göstərir ki, bu cinayət məqsədli şəkildə hazırlanıb və həyata keçirilib. Bu gün İran Azərbaycan tərəfini təmkinli olmağa, istintaq araşdırmasının nəticələrini gözləməyə, başqa istiqamətlərə yönləndirməyə çalışır. Əslində isə məsələ İranın təqdim etdiyi formada deyil. İran düşünməsin ki, bu terror faktı barədə verdiyi əssasız əsaslandırmalarla Azərbaycan tərəfinin fikrini dəyişə, cəmiyyəti yalana inandıra bilər. İran məsələni ört-basdır etmək və başqa səmtə yönəltmək fikrindən daşınmalıdır. Bütün təhlillər göstərir ki, İran tərəfinin bu terrordan xəbəri olub və ən azından yumşaq desək, cinayətin qarşısını almayıb, qəsdən  şərait yaradılıb. Bunu danmaq mümkün deyil. Odur ki, İran Azərbaycanla səmimi olmalıdır və ölkəmizi qane edən real addımlar atmalıdır. Lakin təəssüf ki, bu günə kimi real addımlar atıldığını görmürük. Ancaq ortada olan terror faktını məişət zəminində hadisə kimi təqdim etməkdə davam edir. Bu da qəbul olunan deyil və Azərbaycan bununla heç zaman razılaşa bilməz. İran tərəfinin Azərbaycana təqdim etdiyi məlumatların, guya izahatların heç biri qəbuledilməzdir. İran buna son qoymalıdır və çalışmalıdır ki, istintaqı obyektiv aparsın. Araşdırmanın Azərbaycanın istintaq orqanları ilə birlikdə aparılmasına şərait yaradlmasını istəmişik, lakin hələ də buna müsbət cavab yoxdur”. //“Yeni Müsavat”//  скачать dle 12.1