Bia.Az

Paşinyan Bakıya zəng edə bilər - İrəvanda Azərbaycan xofu, Zəngəzur təlaşı

Siyasət
 8-02-2023, 10:51     249

Bakı ilə təhdid-təzyiq dili ilə danışmağın zamanı keçib; Ermənistanın varlığına yeganə zəmanət 5 prinsipli sülh sazişi olacaq; kapitulyant ölkə müharibədən sığortalanmaq istəyirsə, anlaşmalı olduğu ünvan bəlli...
Ermənistanın baş naziri Nikol Paşinyan yenə Laçın yolundakı aksiyası ilə bağlı Makrona şikayət edib. İki yad ölkənin rəhbəri srağagün növbəti dəfə Azərbaycanın suveren ərazisini müzakirə predmetinə çeviriblər. Fransa prezidenti ənənəvi leksikona sadiq qalaraq, şablon ifadələr işlədib, əslində isə Paşinyanı başından eləməyə çalışıb. Çünki rəsmi Paris bu məsələdə ən böyük cəhdini artıq edib. O da ötən ilsonu BMT TŞ-də tam iflas olub, Azərbaycan əleyhinə qətnaməni keçirə bilməyib.
Dünən isə Almaniyada səfərdə olan Ermənistan xarici işlər naziri Ararat Mirzəyan da keçirdiyi görüşlərdə az qala hamını bezdirmiş bayatını oxuyub. Həyasızcasına bildirib ki, guya “Laçın dəhlizini bağlamaqla, blokada rejimi ilə Azərbaycan Dağlıq Qarabağda etnik təmizləmə aparmaq məqsədi güdür”.
Amma bu necə blokadadır ki, iki ayda bir erməni belə nə acından, nə də soyuqdan və ya dərmansızlıqdan ölüb. Bunu məgər Qərb, özəlliklə neçə vaxtdır ermənidən çox ermənilik edən Avropa Parlamenti bilmir və ya görmür? Əlbəttə ki, bilir və görür.
İstənilən halda, nə qədər çətin də olsa, gerçək öz yerini tapdıqca erməni yalanları və “timsah göz yaşları”na inananlar azalır. İkinci yandan, Fransa başda olmaqla bütövlükdə kollektiv Qərbin ən aqressiv kəsimi də artıq anlayıb ki, Bakı ilə təzyiq və təhdid dili ilə danışmağın mənası yoxdur, xüsusən də Azərbaycanın tələbləri tam haqlı və beynəlxalq hüquqa söykənirsə. Ondansa, bu tələbləri yerinə yetirmək hamı üçün, o cümlədən Qarabağdakı ermənilər üçün ən məqbul yol deyilmi?
Odur ki, N.Paşinyan Qərb paytaxtlarına zəng edib onu-bunu narahat və dəng etməkdənsə, cığallıq eləməkdənsə, elə Bakı ilə, Prezident İlham Əliyevlə anlaşmalıdır, Bakıya zəng eləməlidir. Bakının tələbi isə rəsmi İrəvanın 10 noyabr üçtərəfli sənədinə qeyd-şərtsiz əməl eləməsidir. Hansı sənəddə ki, Laçın yolu ilə yanaşı, Azərbaycanın qərq rayonları ilə Naxçıvanı birləşdirən və maneəsiz (!!) keçidi nəzərdə tutan Zəngəzur yolu ilə bağlı bənd (9) də var. Paşinyan Makrona gündə 5 dəfə zəng eləsə də, 9-cu bənd ləğv olunası deyil, reallıq və tələblər dəyişmir.
Yəni gec-tez Zəngəzur yolu açılmalıdır. Əks halda, Laçın yolu olmayacaq. Hazırda isə əsl blokadada olan bölgə məhz Naxçıvandır. Ora Azərbaycanın materik hissəsindən 35 ildir nəinki mülki avtomobillər, heç “Qırmızı Xaç”ın maşınları da getmir. Bəs orada yaşayanlar insan deyil, yoxsa erməni göydən zənbillə düşüb? “Ədalətli” Avropanın olmayan vicdanı nədən sızıldamır?
Hərçənd Ermənistanda Azərbaycanın tələblərinin haqlı olduğunu etiraf edənlər də var.
 “Siz Azərbaycanın hansı yolla Zəngəzur dəhlizini açacağını soruşursunuz. Bu haqda üçtərəfli bəyannamənin 9-cu maddəsində yazılıb. Orada Azərbaycanın əsas hissəsi ilə Naxçıvanı birləşdirəcək yeni yolun tikilməli olduğu yazılıb. Üstəlik, yolu Ermənistan özü tikməlidir və sənəddə maneəsiz hərəkətdən bəhs edildiyini unutmayın”.
Qrant Baqratyan: “Belə getsə, Türkiyənin yanında durmaq məcburiyyətində  qalacağıq”
Bunu yerli mediaya açıqlamasında Ermənistanın keçmiş baş naziri Qrant Baqratyan deyib.
Baqratyan Azərbaycanın Zəngəzur dəhlizinin açılmasına nail olacağını vurğulayıb: “Bu gün Rusiya Paşinyandan Zəngəzur dəhlizinin açılmasını tələb edir. Bütün bunlar əldə olunan razılaşmaların tərkib hissəsidir. ABŞ və Fransaya gəldikdə isə onlar dəqiq şəkildə bu dəhlizin əleyhinə deyillər. Nikolun avropalı müşahidəçiləri dəvət etməsinin də heç bir yaxşı nəticəyə gətirib çıxarmayacağı faktdır. Ermənilər veyillənən avaraya çevriləcək. Bəs bizi yaxın gələcəkdə nə gözləyir? - yaxşı heç nə!”
Sabiq baş nazirə görə, Laçın dəhlizini Paşinyan özü bağlayıb. “Azərbaycan Naxçıvana dəhliz tələb edir. Bu haqda üçtərəfli bəyanatda yazılıb. Azərbaycan əlbəttə ki, Naxçıvana yolu açacaq. Amma Qarabağda 3-4 ilə bir nəfər də olsun erməni qalmayacaq. Bu gün Qafan və Cermukda (İstisu - red.) insanlar evlərini satır. Bu o deməkdir ki, Zəngəzurda da bir nəfər də olsun erməni qalmayacaq”, - deyə o əlavə edib.
Mümkündür. Ancaq bunun günahı yenə Azərbaycanda olmayacaq. İddiaları imkanları ilə diametral ziddiyyət təşkil edən, Türkə bitməyən nifrəti ilə özünü daha qəliz duruma salan, Bakı və Ankaranın barış əlini hələ də rədd edən Ermənistan və onun toplumu olacaq. Özəlliklə qonşu xalqlar arasında sülh və əməkdaşlığı əngəlləyən revanşist-radikallar, erməni lobbisi, erməni kilsəsi, habelə ictimai rəyi yanlış səmtə yönəldən barışmaz media, destruktiv ekspert camiyəsi olacaq.      
Məsələn, erməni şərqşünas Sergey Melkonyan iddia edir ki, “Bakının əldə etməyə çalışdığı Zəngəzur dəhlizi təkcə Ermənistana qarşı deyil, həm də İrana qarşı yönəlib”. Onun qənaətincə, Azərbaycan bununla dolayısı ilə İranın maraqlarına zərbə vura bilər. Halbuki Bakının belə bir hədəfi yoxdur. Zəngəzur yolu Paşinyanın da imzası duran 10 noyabr sənədinin, sadəcə, bir tələbidir. Bunun İrana nə dəxli?
“Bu şəraitdə Ermənistan üçüncü dövlətlər arasında müharibə üçün tramplin olmamalıdır”, - deyə Melkonyan bir az da qabağa gedərək, vəziyyəti tündləşdirməyə  və erməni cəmiyyətini xofda saxlamağa çalışıb.
Vətən müharibəsinin regionda yaratdığı yeni geosiyasi reallıqlar - TTM-in  Baş müəllimi yazır
Onun sözlərinə görə, Cənubi Qafqaz regionunda müharibə ehtimalı artıb. “Əslində tərəflər arasında diplomatik əlaqələr kəsilib, Azərbaycan diplomatları Tehranı tərk ediblər. Bundan əlavə, BMT-də və başqa yerlərdə qarşıdurmalar davam edir. İran Azərbaycanla sərhəddə genişmiqyaslı hərbi təlimlər keçirməklə dəfələrlə genişmiqyaslı müharibəyə hazır olduğunu nümayiş etdirib. Azərbaycan isə buna Türkiyə ilə uzunmüddətli və irimiqyaslı birgə təlimlərlə cavab verib və bu təlimlər davam edir. Hər iki tərəf belə ssenarilərə hazır olduğunu nümayiş etdirir”, - deyə erməni şərqşünas vurğulayıb və əlavə edib ki, Azərbaycan İrana deyil, Ermənistana hücum edə bilər.
Yəni yenə zavallı erməni xalqını çaşdırmaq cəhdi. Guya Bakının əsas hədəfi sülh yox, müharibədir. Guya Azərbaycan Qərbi Zəngəzuru, hətta Ermənistanı işğal eləməyə hazırlaşır. Öz adlarını beləcə, bizə qoymaq istəyirlər.
Sual yaranır: Bakı müharibə istəyirsə, o zaman 3 ildir irəli sürdüyü və sırf beynəlxalq hüquq normalarının, o sırada ölkələrin ərazi bütövlüyü və suverenliyinin qarşılıqlı tanınmasının yer aldığı 5 məlum prinsip əsasında sülh müqaviləsini imzalamaqdan İrəvan niyə israrla yayınır? Hansı ki, Ermənistanın varlığına veriləcək ən güclü zəmanət ola bilər. Ərazi iddiası ilə yaşayan və bununla da yeni müharibəni yaxınlaşdıran tərəf kimdir indi - Ermənistan, yoxsa Azərbaycan?
Sual ritorikdir təbii ki...
Siyasət şöbəsi,“Yeni Müsavat”скачать dle 12.1