Arxiv

Oxunub:56 / 31 yan 07:53tedbirler

134 il əvvəl bu gün anadan olub... — Rəsulzadənin doğum günüdür



134 il əvvəl bu gün anadan olub... — Rəsulzadənin doğum günüdür















Bu gün Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından olan Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 134-cü ildönümüdür.
"Ölkə.Az"ın məlumatına görə, M. Ə. Rəsulzadə 1884-cü il yanvarın 31-də Bakının Novxanı kəndində anadan olub.

Gənc yaşlarında sosial demokratlarla birgə «Hümmət» təşkilatının yaranmasında iştirak edib. Çarizmin təqiblərinə məruz qalaraq 1909-cu ildə İrana mühacirət edərək bir müddət orada “İrane-nou” qəzetinin baş redaktoru kimi çalışıb, məşrutə inqilabı yatırıldıqdan sonra Türkiyəyə mühacirət edib.

O, 1911-ci ildə Müsavat Partiyasına üzv qəbul edilib və 4 il sonra Müsavat Partiyası Mərkəzi Komitəsinin sədri seçilib.

1918-ci ildə Fətəli Xan Xoyski ilə birgə Şərqdə ilk respublikanın yaradılmasını rəsmi şəkildə elan edib. 1920-ci il aprelin 28-də bolşevik işğalından sonra həbs edilib. Az sonra Stalinin göstərişi ilə həbsdən azad edilərək Moskvaya aparılıb. Stalinin təkidlərinə baxmayaraq, sovet hakimiyyəti ilə əməkdaşlıqdan imtina edərək SSRİ-ni tərk edib.

M. Ə. Rəsulzadə 1955-ci ilin martın 6-da Ankarada dünyasını dəyişib.
1992-ci il dekabrın 24-də Azərbaycan prezidenti Əbülfəz Elçibəy "Görkəmli ictimai-siyasi xadim Məhəmməd Əmin Rəsulzadənin totalitar sovet rejimi dövründə repressiyaya məruz qalmış ailə üzvlərinin Azərbaycana qaytarılması və onların sosial-məişət məsələlərinin həlli haqqında" sərəncam imzalayıb.

29 dekabr 1993-cü ildə Azərbaycan prezidenti Heydər Əliyev "Azərbaycanın görkəmli ictimai-siyasi xadimi Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 110 illik yubileyinin keçirilməsi haqqında" sərəncam imzalayıb.

22 noyabr 2013-cü ildə isə Azərbaycan prezidenti İlham Əliyev Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinin keçirilməsi haqqında sərəncam verib.

Sərəncama əsasən, respublikada və respublikadan kənarda silsilə yubiley tədbirləri keçirilib.

Qeyd edək ki, bu il Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasının 100-cü ili tamam olur. Dövlət başçısı bu münasibətlə 2018-ci ili "Cümhuriyyət ili" elan edib.