Bia.Az

Yerin yerindən oynaması – fəlakətlərin ən dəhşətlisi

Sosial
 6-02-2023, 11:57     240

O uşaq indi böyümüş olar. 1999-cu ilin avqust ayının 17-də episentri Türkiyənin İzmit şəhərinə düşən dəhşətli zəlzələdə ölən 17 min 217 nəfərin içində onun ata-anası da var. Özü sağ qalmışdı, xilasedicilər onu dağıntıların altından sağ-salamat çıxarmışdılar. 5-6 yaşlı, olduqca yaraşıqlı, toppuş sifəti, ağıllı gözləri olan bir oğlan uşağıydı. Başına nə gəldiyindən, hansı faciəyə düçar olduğundan xəbərsiz idi. Jurnalistlər ondan indi nə edəcəyini soruşdular, olduqca sakit halda cavab verdi: “Top oynuyucam”.
Top oynamaq yeri deyildi. Onun yaşadığı şəhərdə top-top oynamaq üçün salamat yer qalmamışdı. 7,6 ballıq zəlzələ şəhəri darmadğın etmişdi, 500 min nəfər evsiz-eşiksiz qalmışdı, 120 min bina özülünə qədər çökmüşdü, ölənlərlə yanaşı, 50 minə yaxın insan da yaralanmışdı. 1999-cu il zəlzələsi Türkiyəyə 25 milyard dollar zərər vurmuşdu…
Ancaq Türkiyə qısa müddət ərzində bu fəlakətin altından çıxdı. Evlərin çoxu bərpa olunası deyildi, ona görə də onları yerlə bir etdilər, yeni yaşayış məntəqələsi saldılar və zəlzələdən zərər görənləri yeni evlərə köçürdülər. Yaralıların çoxu sağaldı, həyata qayıtdılar, fəqət zəlzələ şoku bu gün də onları təqib edir.
Zəlzələ təbii fəlakətlərin ən pisi, ən faciəvisidir. Onu proqnozlaşdırmaq mümkün olmadığı üçün ondan qaçmaq da mümkün deyil. Uçqunlar altında qalıb ölmək, xilas ediləcəyini gözləyə-gözləyə gözlərini əbədi yummaq ölümlərin ən dəhşətlisidir. Bu duruma düşənlərin hamısı istər ki, keşkə, ilk saniyələrdə öləydilər.
Bir neçə gün sonra uçqunlar altından yarımcan çıxanlar isə şanslı olsalar da, özlərini o dünyanı görüb-gəlmiş hiss edirlər. O dəhşət onları son günlərinə qədər izləyir, kabuslarına çevrilir. Zəlzələnin insana vurduğu psixoloji zərbə fiziki və maddi zərbədən qat-qat böyükdür.
İndi Türkiyənin 10 vilayətində yenə dəhşətli zəlzələ olub. Yavaş-yavaş zəlzələ qurbanlarının sayını açıqlayırlar. Ölənlərin və yaralananların sayı durmadan artır və nə vaxt dayanacağı bəlli deyil. Yenə yüzlərlə çoxmərtəbəli bina dağılıb, yenə uçqun altında öz xilasını gözləyənlər var.
Türkiyə seysmik zonadır. Bəlkə də Yaponiyadan sonra dünyanın ən seysmik zonalarının içində ikincidir. Yaponlar zəlzələyələ mübarizə aparmağın effektsiz olduğunu görərək, hələ 50 il öncədən “zəlzələylə iç-içə yaşamaq” xətti götürüblər, inşa etdikləri binaları ən şiddətli zəlzələyə dözümlü edəcək qədər dəqiq hesablama apararaq ərsəyə gətirirlər.
Türkiyədə də vaxtaşırı belə təşəbbüslər qaldırılır, tikilən binaların zəlzələyə dözümlü olmasına çalışırlar, ancaq inşaat sektorundakı yarışma, daha çox bina tikib satma ehtirası, kəmiyyət uğrunda marafon keyfiyyəti arxa plana keçirir.
Bir dəfə zəlzələ zonasında bütün tikililər çökmüş, yalnız bir came salamat qalmışdı. Bəzi dindarlar buna mistik don geyindirməyə çalışdılar, Allahın öz evini qoruduğuna eyham etdilər. Ancaq bir məşhur memar əminliklə dedi ki, o came öz memarı tərəfindən möhkəm tikildiyi üçün uçmayıb. Yəni camenin əhəngindən, sementindən oğurlanmayıb, kərpici, tiri keyfiyyətli olub, ona görə də o zamanın eroziyasına və təbii fəlakətlərə bunca dayanıqlı olub. Söhbət yeni gedib halallığa çıxdı.
Belə görünür ki, halallıq, dürüstlük bütün sahələrdə vacib olduğu kimi tikinti sektorunda da vacibdir. Milyonlarla insanın həyatı bu sahədə işin keyfiyyətli görülməsindən asılıdır.
Söz yox, qardaş Türkiyə bu sınaqdan da çıxacaq, zədələnən evlər bərpa olunacaq, ələ gəlməyənlərin yerində yeniləri tikiləcək, yaralılar sağalacaq, ancaq həyatını itirənləri geri qaytarmaq mümkün olmayacaq. Bu, çox kədərli bir gerçəkdir.
Azərbaycan həmişə olduğu kimi, yenə də öz qardaşının yardımına tələsir və bu yardım sona qədər davam edəcək. Ölkəmizdə az qala hər kəs bu ağır günlərdə Türkiyənin yanında olmağa, ona necəsə kömək etməyə çalışır.
24 il öncə zəlzələnin dəhşətindən, kimsəsiz qalmasından xəbərsiz olan və sakit şəkildə topla oynayacağını deyən oğlan bu gün 30 yaş civarında yetkin bir kişidir, hər şeyi anlayır, amma yenə də yüzlərlə körpə uşaq nə baş verdiyini bilmir. Kim bilir, onların nə qədəri kimsəsiz qalıb. Zəlzələnin ən dəhşətli facisəi budur.
Xalid KAZIMLIскачать dle 12.1