Bia.Az

Saakaşvilinin “qızıl gül” kimi solması - kimdir günahkar?

Siyasət
 3-02-2023, 01:43     184

Gürcüstan adına ayıb işdir, bu, heç Afrika ölkəsinə də yaraşmayan əməldir...

Tiflisdə oturduğumuz taksilə Acarıstana qədər-təxminən 380 kilometr yol gedəcəkdik. Söhbətcil gürcü idi. Yol boyu siyasətdən tutmuş məişət qayğılarınadək hər şeydən danışdıq. Azərbaycanın tarixində də adı ən çox çəkilən şəhərlərdən birində- Qoridə maşını saxlatdıq, 2008-ci ilin avqustunda tarixə “5 günlük müharibə” kimi yazılmış Gürcüstan-Rusiya savaşının izləri burada hələ də qalardı. Ruslar deyəsən, bura qədər gəlmişdilər, ya da buranı bombalamışdılar...
Yol uzunu əlbəttə ki, ən çox Mixail Saakaşvilidən danışdıq. Gürcü deyirdi ki, Saakaşvili amerikalıların ağlına uydu, ölkənin gücünü hesablamadan Rusiya ilə toqquşacağını bilərək müharibəyə qərar verdi. Amma Saakaşvili haqda artıq-əskik danışmadı da, əksinə ona görə “Allah hifz etsin” deyib, xaç da vurdu. Dedi ki, Şevardnadzenin vaxtında ona iki bu qədər(yol üçün 100 dollara razılaşmışdıq) pul versəydik də bu yola çıxmağa razılaşmazdı. Sonra da səbəbini izah etdi ki, hər addımda DYP əməkdaşları saxlayıb rüvşət alırdılar, üstəlik yollarda Şevardnadzenin yol kəsən qohumlarına da haqq verməliydin. İndi isə rüşvət yığışılıb, ölkədə sistem dəyişib. Amma sürücünün dediyi bir fikri də indiyədək xatırlayıram. “NATO, Avropa bizim nəyimizə lazımdır, Gürcüstanın öz yolu olmalıdır…”
ssak.jpg (54 KB)
Haşiyə: Gürcülər Qafqazda özlərini fərqləndirə biliblər, hələ İttifaqın yaradılmasının iki ilində 1924-cü ildə müstəqil Gürcüstan elan etmək üçün bolşeviklərlə silahlı qarşıdurmaya da gediblər. SSRİ dağılanda da 1991-ci ildə müstəqil ölkənin ilk prezidenti seçilmiş Zviad Qamsaxurdiya da birdən-birə ortaya çıxmamışdı, 1970-ci ildə dissident hərəkatının rəhbərliyi o etmişdi, həbsdə olmuşdu. Təəssüf ki, onun az müddətli hakimiyyəti ölkədə separatçılıq və silahlı qruplaşmalarla keçdi. Nəticədə devrildi, ölkədən qaçdı. 1992-ci ilin martında keçmiş SSRİ xarici işlər naziri Eduard Şevardnadze idarəetmə orqanı olan Gürcüstan Dövlət Şurasının sədri seçildikdən sonra Qamsaxurdiya ölkəyə qayıdıb hakimiyyətini bərpa etməyə çalışdı. Şevardnadze isə rus qoşunlarını köməyə çağırmağa məcbur oldu, Rusiyanın hərbi yardımı müqabilində Gürcüstan MDB-yə qoşulmağa razı oldu. 1993-cü il dekabrın sonunda Qamsaxurdiya qeyri-müəyyən şəraitdə öldü. Şevardnadzenin 2003-cü il parlament seçkilərinin nəticələrinin saxtalaşdırılması “Qızıl gül” inqilabı ilə nəticələndi, 10 illik Şaaakavşili erası beləcə başladı.
...Gürcü deyirdi ki, Saakaşvili qurucudur, yeni moderin binalar tikir, amma onu hamı bəyənmirlər. Son olaraq, “Saakavşilini tarixdən silə bilməyəcəklər, amma kim necə xatırlayaracaq, o da vicdana bağlıdır...” dedi. İllər öncə olmuş söhbətin bəzi təfərrüatlarını ona görə indi də yaxşı xatırlayıram ki, bunu hər Saakavşili mövzusu aktuallaşanda ya danışmışam, ya yazmışam...
mihail-saakasvili-ukraynada-gozaltina-alindi.jpg (91 KB)
İkinci haşiyə. Ölkəyə 10 il rəhbərlik etmiş bir siyasət adamın indi həbs düşərgəsində saxlanılmış kimi sümükləri görünəcək hala salınacağını ağlıma belə gətirməzdim. Saakaşvilinin “Ukrayna məcaralarına” heç hörmətim olmadı. Bir siyasətçi üçün tam bir fiasko dövrüdür onun Ukrayna siyasətinə “transferi”, Odessada qubernatorluğu və sairə görəvləri...Bu əlbbətə ki, “Qızıl gül” inqilabına dəstək vermiş, Gürcüstanı Ukryanadan əvvəl döyüş poliqonuna çevirmək istəyən Qərbin istəyi idi. Saakaşvili bir siyasətçi kimi Ukraynada yıprandı, ciddiyyətini itirdi. Yəqin ki, bu da Saakavşiliyə qarşı hazırlanmış “sui-qəsd” idi, onu belə “öldürürdülər” ki, bir daha onlardan hesab sormasın, başını qatsın... İndi görürsüz ki, onu Gürcüstan hökumətinin həbsindən qurtarmaq üçün ciddi cəhd etmirlər. Nə olar ki, bir dəfə də yığışıb Kiyevə yox, Tiflisə getsinlər, görüş tələb etsinlər, məhkəməsində iştirak etsinlər. Aydındır, yeni “Saakaşvili” tapıblar, indi onu Rusiyanın önünə atıb, sonunu hazırlayırlar. O, Saakavşili kimi müharibə həyəcanından qalstukunu çeynəmir, Qərbdən hətta qırıcı təyyarə istəyir, dünya bütün silah arsenalı ilə onun arxasındadır hələ ki...
Rusiya xarici işlər naziri son müsahibəsində deyib ki, Qərb Gürcüstanı Saakaşvilinin aqressiv dövrünə qaytarmaq istəyirdi. Gürcüstan hökuməti isə dövlətinin mənafeyini düşündü. Saakavşili isə bugünlərdə deyəsən, alman nəşrinə müsahibəsində demişdi ki, "mənim başıma gələnlər Zelenski üçün açıq mesajdır”. Bunu Rusiyaya işarə olaraq deyib. Yəni o, Rusiyaya qarşı çıxıb, indi Gürcüstanın rusiyayönümlü hökuməti ondan intiqam, alır, işgəncə verir. Özü də bilir yanlış hədəf göstərir, amma taktika olaraq Saakaşvili düz edir. Rusiyanın əleyhinə danışır ki, bəlkə Qərbdəki vicdan alverçiləri onu həbsdən çıxarmağa cəhd edələr...
1588875052_saakasvili-zelenskiy (1).jpg (22 KB)
Gürcü hökumətinin dövlətə 10 il rəhbərlik etmiş bir adama bunca qəddar münasibətinin səbəbi bəlli deyil. Gürcüstan adına ayıb işdir, bu heç Afrika ölkəsinə də yaraşmayan əməldir.
Həbsdə ölərəsə, vətəndaşı olduğu Ukraynada dəfn olunmasını istəyib Saaakaşvili. Ağır və ağrılı istəkdir. Vətəndən küsməzlər.
Saakavşilidən söz düşəndə həmişə o gürcü sürücünü xatırlayıram. Görəsən, indi də “Allah onu hifz etsin” deyirmi...


 
Nazim SABİROĞLUскачать dle 12.1