Bia.Az

Səfirliyimizə hücum edən terrorçu ilə bağlı İrandan qalmaqallı qərar

Siyasət
 2-02-2023, 13:04     165

Azərbaycanın Tehrandakı səfirliyinə hücum edib terror aktı törədən İran vətəndaşı Yasin Hüseynzadə psixiatriya xəstəxanasına yerləşdirilib.

BİA.az  xəbər verir ki, bu barədə İran mətbuatı məlumat yayıb. Bildirilib ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin psixi tarazlığı düzgün olmadığı üçün Tehran Cinayət Prokurorluğunun 1-ci şöbəsinin müstəntiqi tərəfindən məhkəmə-tibb ekspertizasına göndərilib. Buna görə də təhlükəsizlik tədbirləri altında o, Tehran Kəşfiyyat Polisinin 10-cu İdarəsindən Tehranın məhkəmə-tibb ekspertizasına aparılıb və dünənə qədər bir neçə saat psixoanalizdə müayinə olunub. Məhkəmə-tibb ekspertləri Yasin Hüseynzadədə psixi pozğunluqlar, o cümlədən şizofreniya aşkarlayıblar.

Onların sözlərinə görə, terrorçu bir ay paytaxtdakı ruhi xəstəxanaya yerləşdirilməli və bu müddətdən sonra psixi sağlamlığının daha da araşdırılması və təkrar müayinəsi üçün məhkəmə-tibb orqanlarına köçürülməlidir.

Məlumat üçün deyək ki, açıq terror törədən şəxsin İran tərəfindən cəzadan yayındırılması sosial şəbəkələrdə birmənalı qarşılanmayıb. Hadisədən sonra terrorçunun mühafizə olmadan İran televiziyalarına müsahibə verməsi də diqqət çəkmişdi.

Xatırladaq ki, Yasin Hüseynzadə adlı İran vətəndaşı Azərbaycanın Tehrandakı səfirliyinə “kalaşnikov”la hücum edərək 1 nəfəri şəhid etmiş, 2 nəfəri isə yaralamışdı.скачать dle 12.1