Bia.Az

Qərb İrəvana savaş xəbərdarlığı etdi: Azərbaycan ordusu cəmisi iki günə Ermənistanın üzərindən keçəcək

Gündəm
 31-01-2023, 19:30     237

Beynəlxalq Böhran Qrupu hesab edir ki, ABŞ və Qərb indi Azərbaycanla münasibətlərin isti qalmasında maraqlıdır, bu, Cənubi Qafqazdakı maraqların təmin edilməsi perspektivləri baxımından, böyük önəm daşıyır... Hətta bəzi Qərb ölkələri Azərbaycanın Avropa Birliyinin Ermənistana mülki missiya göndərməsi ilə bağlı narazilığından narahatdırlar, ona görə də, rəsmi Bakı ilə birbaşa əməkdaşlıq olmayacağı təqdirdə, bu missiya iflasa uğraya və yeni savaş başlaya bilər...

Ermənistanın avantürist xarici siyasəti iflasa uğramaq üzrədir. Son vaxtlar hətta rəsmi İrəvanın “xaotik siyasi manevrləri” Ermənistanın əleyhinə çevrilməyə də başlayıb. Hər halda, indi Paşinyan hakimiyyəti uzun müddətdən bəri davam etdirdiyi “şikayət siyasəti”ndən geri çəkilib, başlanğıc mərhələyə dönmək məcburdur. Və həmin mərhələ rəsmi İrəvan üçün ən yaxşıhalda, 2020-ci ildə Ermənistanın biabırçı məğlubiyyətindən və üçtərəfli anlaşmanın imzalanmasından dərhal sonra yaranmış vəziyyətdən başlayır.
Məsələ ondadır ki, Paşinyan hakimiyyəti son dövrlərdə sülh prosesindən uzaqlaşmağa beynəlxalq məkanda Ermənistana yeni hərbi-siyasi himayədar-müttəfiq tapmağa can atırdı. Üstəlik, bu məqsədlə ABŞ, Fransa, Avropa Birliyi, İran, Hindistan da daxil olmaqla, istənilən dövlətin və ya beynəlxalq qurumun dəstəyinə ümid bəsləyirdi. Hətta rəsmi İrəvan ABŞ və Qərbin dəstəyinə nail olmaq üçün Rusiya ilə qarşıdurmaya belə, xüsusi həvəs göstərirdi.
Ancaq son baş verənlər göstərir ki, rəsmi İrəvanın olduqca ciddi risklərlə yüklənmiş “xaotik siyasi manevrləri” Ermənistan üçün gözlənilən nəticəni vermir. Əksinə, Paşinyan hakimiyyətinin avantürist xarici siyasəti gözlənilən nəticələrdən çox-çox uzaqdır. Hətta əks effekt verməyə başlayıb.
48053554_605.jpg (88 KB)
Məsələn, Avropa Birliyinin xarici siyasət və təhlükəsizlik üzrə ali təmsilçisi Jozef Borrel Paşinyan hakimiyyətini növbəti dəfə məyus edib. Avropa diplomatiyasının rəhbəri vurğulayıb ki, Avropa Birliyi Azərbaycana qarşı hər hansı sanksiyanın tətbiq olunması gündəm mövzusu deyil: “Azərbaycan və Ermənistan liderləri problemlərin dialoq yolu ilə həll edilməsinə üstünlük verdiklərini bəyanlayıblar. Mən hər iki ölkənin xarici işlər nazirləri ilə daimi ünsiyyəti saxlayıram”.
J.Borrelin bu açıqlaması onu göstərir ki, rəsmi İrəvanın Azərbaycana qarşı beynəlxalq sankjsiyaların tətbiq olunması məqsədilə başlatdığı “hay-güy və şikayət kampaniyası” artıq iflasa uğrayıb. Bir müddət öncə Ermənistanın “bacısı” sayılan Fransa da Azərbaycana qarşı sanksiya tətbiqi ilə bağlı hər hansı niyyətinin olmadığını bəyan etmişdi. Və hadisələrin belə inkişafı Ermənistan cəmiyyətində bədbinliyi artırmaqla yanaşı, Paşinyan hakimiyyətinin nüfuzuna, mövqelərinə də sarsıdıcı zərbələr vurur.
Məsələ ondadır ki, rəsmi İrəvan Ermənistan cəmiyyətini Azərbaycana qarşı sanksiyaların tətbiq olunacağına inandıra bilmişdi. Hətta erməni toplumunu Azərbaycanla hərbi-siyasi qarşıdurmada situasiyanın Ermənistanın xeyrinə dəyişə biləcəyinə də ümidləndirmişdi. Və indi belə anlaşılır ki, bütün bunlar “erməni xəyalları” kateqoriyasından kənara çıxmayacaq istəklərdən başqa bir şey deyilmiş.
Təbii ki, bundanm sonra Paşinyan hakimiyyəti də, elə Ermənistan cəmiyyəti də mövcud geopolitik reallıqlarla növbəti dəfə üzləşmək məcburiyyətində qalıb. Çünki Azərbaycanla qarşıdurmada heç bir dövlət və beynəlxalq qurum Ermənistanı birbaşa dəstəkləməyə həvəsli deyil. Əskinə, hazırda Qərb siyasi dairələri Cənubi Qafqazın şəriksiz lideri və enerji resursları ilə zəngin olan Azərbaycanı narazı salmaqdan açıq-aşkar ehtiyat edir.
12323.jpg (861 KB)
Digər tərəfdən, II Qarabağ savaşından sonra ötən müddəti “xaotik siyasi manevrlərə” sərf edən Paşinyan hakimiyyəti darmadağın edilmiş Ermənistan ordusunu bərpa etməyə də imkan tapmayıb. Üstəlik, buna Ermənistanın maliyyə-iqtisadi resursları da yetərli deyil. Ona görə də, Ermənistan ordusu döyüş qabiliyyəti baxımından, dünyada 94-cü sırada göstərilir. Halbuki, sadəcə, silahlı dəstələrdən ibraət olan Ermənistan ordusunun mövcudluğu formal xarakter daşıdığından, bu da kifayət qədər mübahisəli məsələdir.  
Ancaq Azərbaycan savaşdan sonrakı dövrdə ordusunu daha da gücləndirib. Rəsmi Bakı müharibədə istifadə etdiyi hərbi resurslarını yenidən bərpa edib. Üstəlik, Azərbaycan ordusu daha müasir hərbi texnika ilə gücləndirilib. Bu baxımdan, Azərbaycan ordusunun dünya sıralamasında 57-ci yerdə göstərilməsi qətiyyən təəccüblü deyil. Hətta bəzi hərbi ekspertlər Azərbaycan ordusunun dünya sıralamasında indiki yerindən daha yüksəkdə göstərilməli olduğuna da əmindirlər.
Təbii ki, belə vəziyyətdə növbəti savaş Ermənistan üçün böyük fəlakət və sonuncu müharibə də ola bilər. Hər halda, rəsmi İrəvan Ermənistanın ordusunun və xarici dəstəyinin olmadığını mütləq nəzərə almaq məcburiyyətindədir. Əks halda, Ermənistan adlı qondarma dövlətin mövcudluğu ciddi təhlükə altına düşə bilər.
Onu da qeyd etmək lazımdır ki, bu barədə Qərb ekspertləri tərəfindən Ermənistana müəyyən xəbərdarlıq mesajları da verilməyə başlayıb. Belə ki, mərkəzi ofisi Brüsseldə yerləşən Beynəlxalq Böhran Qrupunun son hesabatı Paşinyan hakimiyyətinə Ermənistanı gözləyən kataklizmləri təxmin etmək imkanı yaradır. Və indi Ermənistanın gələcək taleyi məhz rəsmi İrəvanın bu hesabata nə qədər ciddi yanaşacağından asılı ola bilər.
1528745391_4e61f958d4a76fb410b67ebb35ebd14c.jpg (420 KB)
Məsələ ondadır ki, Beynəlxalq Böhran Qrupunun ekspertləri Azərbaycanın Ermənistan qarçısında müqayisəedilməz səviyyədə böyük hərbi üstünlüyə malik olduğuna əmindirlər. Onların fikrincə, əgər, rəsmi Bakı sülh danışıqları prosesində səbrini tükəndirərsə, Azərbaycanı öz hərbi üstünlüyündən istifadə etmək niyyətindən daşındırmaq mümkün olmayacaq. Ermənistanın hərbi müttəfiqi Rusiya hazırda Ukraynadakı “savaş bataqlığı”nda ilişib qalıb. Üstəlik, Rusiya Ermənistan ucbatından Azərbaycan və onun hərbi müttəfiqi Türkiyə ilə münasibətlərini korlamağa həvəsli deyil.
Digər tərəfdən, ABŞ və Qərb də indi Azərbaycanla münasibətlərin isti qalmasına xüsusi önəm verir. Bu münasibətlər ABŞ və Qərbin Cənubi Qafqazdakı maraqlarının təmin edilməsi perspektivləri baxımından böyük önəm daşıyır. Hətta bəzi Qərb ölkələri Azərbaycanın Avropa Birliyinin Ermənistana mülki missiya göndərməsindən narazi olmasından narahatdırlar. Hesabatın müəllifləri əmindirlər ki, Azərbaycanla birbaşa əməkdaşlıq olmayacağı təqdirdə, Avropa Birliyinin mülki missiyası elə bir ciddi nəticələr əldə edə bilməz.
Digər önəmli bir məqam ondan ibarətdir ki, Beynəlxalq Böhran Qrupunun ekspertləri Azərbaycan ordusunun yüksək döyüş hazırlığı və ən müasir hərbi texnika ilə silahlanmasına əlavə olaraq, Ermənistan sərhədləri boyunca bütün strateji yüksəklikləri ələ keçirtdiyini də xatırladırlar. Onların fikrincə, Azərbaycan ordusunun Zəngəzur istiqamətindən irəliləyib, Ermənistan üzərindən Naxçıvana çıxması üçün ən uzağı iki gün kifayətdir. Və bununla da Ermənistanın iki hissəyə parçalanması qaçılmaz ola bilər.
Göründüyü kimi, Qərb ekspertlərinin Ermənistan gələcək taleyi ilə bağlı proqnozları qətiyyən ümidverici deyil. Əksinə, onlar rəsmi İrəvana növbəti savaşın və dağıdıcı fəlakətin böyük sürətlə yaxınlaşdığı barədə xəbərdarlıq mesajları verməyə çalışırlar. Paşinyan hakimyyəti indiki “xaotik siyasi manevrləri” davam etdirərsə, Qərb ekspertlərinin Ermənistanla bağlı proqnozlarının reallığa çevrilməsi də qaçılmaz xarakter daşıya bilər.
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
“Yeni Müsavat” Media Qrupu
скачать dle 12.1