Bia.Az

“İran bu hücumların heyfini Azərbaycandan çıxa bilər” – Siyasi analitikdən sensasion açıqlamalar

Gündəm
 30-01-2023, 01:20     253

Globalinfo.az beynəlxalq münasibətlər üzrə ekspert, siyasi analitik Vaqif Hüseynlə müsahibəni təqdim edir.

– Vaqif bəy, İrana hava zərbələrini ABŞ-İsrail koalisiyasının həyata keçirdiyinə dair iddiaları bölüşürsünüz?
– İsrail bu tip hücumları ABŞ-dan xəbərsiz etmir. Bu ölkə ABŞ tərəfindən qorunur. Amerika vaxtilə İsraili ərəb ölkələrindən mühafizə edib. Buna görə də İsrail adətən addımlarını Birləşmiş Ştatlarla koordinasiyalı şəkildə atır. İsrailin arxasında ABŞ-ın 6-cı Hərbi Donanması olmasa, təbii ki, buna getməz.
– Sizcə, bu hücumlar İranın İsrailə və bölgədəki digər ölkələrə olan aqressiyasını azaldacaqmı?
– İran hazırda ehtiyatlı oynamağa məcburdur. Çünki təklənmək təhlükəsi getdikcə artır. İsrail də bu vəziyyətdən istifadə etməyə çalışır. Əgər Rusiya Ukrayna cəbhəsində məğlub olarsa, müharibədə vəziyyəti pisləşərsə, bundan İran da nəsibini alacaq. Görünür İsrail də bunun fərqindədir.
– Bəs bu hücumlar İrandakı daxili etirazları səngidib, rejimlə xalqın barışığına səbəb ola bilərmi?
– İran bu saat daxili problemlərlə boğuşur. Bu cür durumlarda hər zaman xaricdəki düşmənə qarşı birləşmək ehtiyacı yaranır. Necə ki, vaxtilə Səddam Hüseyn belə bir “hədiyyəni” İrana etdi. Səddam öz aləmində fürsətdən yararlanaraq 1980-ci ildə İrana hücuma keçdi. Həmin vaxt Xomeyni hələ hakimiyyətdə tam bərkiməmişdi. Ordu generalları yeni hakimiyyəti qəbul etmirdilər. Bir çox generallar güllələnmişdi. Xüsusilə də İran Hərbi Hava Qüvvələrində çox böyük repressiyalar aparılmışdı. İraqın hücumu bu qarşıdurmanı aradan qaldırdı. Bununla da Xomneyni bütün qüvvələri öz ətrafında birləşdirməyi bacardı. Müharibənin uzun çəkməsi o qənaəti yaratdı ki, İraqla savaşmaq üçün ölkənin vahid rəhbərliyə ehtiyacı var və bu missiyanı yalnız islamçı iqtidar həyata keçirə bilər.
Amma indi durum fərqlidir. Xalq hazırkı rejimdən bezib. İran rejimi həm daxildən, həm xaricdən olan təhlükələrlə üz-üzədir.
– İran bu hücumların heyfini Azərbaycandan çıxa bilərmi?
– Tamamilə mümkündür. Azərbaycan üçün də qorxulu məqamlar yarana, ölkəmizin ərazisində terror əməliyyatı keçirə bilər. İran xüsusi xidmət orqanlarının nə planlaşdırdığını bilmirik. Azərbaycan dövləti bütün təhlükələri önləmək üçün hazır olmalıdır. Əsasən Türkiyə ilə koordinasiyalı şəkildə çalışmalıdır. Bilirsiniz ki, terrora qarşı mübarizə və milli təhlükəsizliyin təmin olunması bir dövlətin əlində olan məsələ deyil. Bu, kəşfiyyat, xüsusi xidmət orqanları arasında effektiv informasiya mübadiləsi tələb edən işdir. Bu cür situasiyalarda birgə əməliyyat qruplarının yaradılmasına, beynəlxalq dəstəyə ehtiyac olur. Azərbaycan belə bir anda xaricdən dəstək ala bilər. Bu həm də bizim üçün bir fürsət sayılır.

– Xaricdən dəstək dedikdə nəyi nəzərdə tutursunuz?
– Bu gün beynəlxalq arenada, əsasən də bəzi Avropa ölkələrində Azərbaycana qarşı aqressiv mövqe sərgilənir. Biz bunu ABŞ Konqresində, Fransa Senatında, Avropa Parlamentində, Avropa Şurası Parlament Assambleyasında görürük. Azərbaycana qarşı üst-üstə qətnamələr qəbul olunur. İranın Azərbaycanı hədəf seçməsi və indən sonra gözlənilən təhlükələr fonunda rəsmi Bakı Qərbdən dəstək ala və ordan üzərimizə yönəlmiş aqressiyanı neytrallaşdıra bilər. Gerçəkdən ölkəmiz çox böyük təhlükə ilə üz-üzədir. Beynəlxalq birlik bu təhlükənin fərqinə varmalıdır.
– İranın bu savaşı başqa ölkələrin ərazisinə keçirmək ehtimalına necə baxırsınız?
– Yəqin ki, Tehran buna cəhd göstərəcək. Tutaq ki, bu savaşı ölkəmizin ərazisinə keçirə bilər. Ona görə də Azərbaycan əvvəlkindən daha çox Türkiyəyə  sarılmalıdır, qardaş ölkə ilə birlikdə hərəkət etməlidir. Azərbaycan Qərblə və onun institutları ilə əməldaşlığı qətiyyən kəsməməlidir. Onların bizə yönəltdiyi bəzi iradları nəzərə alıb, ölkə daxilində milli birliyə nail olmaq, düşərgələşmənin qarşısını almaq üçün addımlar atılmalıdır.
– Sizcə bu, Qərbin Azərbaycana qarşı qərəzli mövqeyində kəskin dəyişikliyə səbəb olacaqmı?
– Hər halda bəhanələrini kəsmək üçün gərəkən addımlara gedilməlidir. Mən bir şey də deyim. Azərbaycanda milli ideologiya daşıyıcılarının izoliasiya vəziyyətindən çıxarılması, onların fəaliyyət göstərə bilməsi üçün münbit şəraitin yaradılması vacibdir. Bu qüvvələrin fəaliyyətinin azalması İranın və başqa ölkələrin yad ünsürlərinin Azərbaycanda əl-qolunu açıb. Bu vəziyyət həmin yad ünsürlərin xüsusilə sadə əhali arasında çox ciddi fəallaşmasına, təşkilatlanmasına yol açıb. Hakimiyyət bu yöndə də bəzi addımlar atmalıdır. Milli birliyin, həmrəyliyin yaranması üçün islahatların həyata keçirilməsinin vaxtının çatdığını düşünürəm. Bu, ilk növbədə seçkili orqanlarda təmsilçilik məsələsində özünü göstərməlidir. Daxildəki sabitlik yalnız güc hesabına təmin edilə bilməz. Xarici düşmənlərə qarşı mübarizədə – söhbət yalnız Ermənistandan, yaxud İrandan getmir – cəmiyyətin vahid mövqedən çıxış etməsini təşkil eləmək üçün islahatlara gedilməsi önəmlidir. Azərbaycan bütün dünyada yaşayan azərbaycanlıların Vətəni, dövlətidir. Bunun üçün ölkəni cazibəli hala gətirmək lazımdır. Bu daha çox İranın ölkəmizə qarşı aqressiyasında əyləc rolu oynaya bilər. Orda yaşayan azərbaycanlılar buranı rahat şəkildə öz dövləti, vətəni hesab edə bilməlidir. İran rejimi də başa düşməlidir ki, onun ərazisində ən azı 30 milyon Azərbaycan türkü yaşayır.скачать dle 12.1