Bia.Az

İranın al-qırmızı xətti və QUM SAATI

Gündəm
 27-01-2023, 14:25     240

Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum TERROR AKTIdır! “Kalaşnikov”la silahlanmış cinayətkarın, terrorçunun səfirliyin içərisində törətdiyi qanlı hadisəni “şəxsi” müstəvidə təqdim etmək cəhdi isə qəbulolunmazdır. Tehranın polis rəisi Sərdar Hüseyn Rəhiminin hələ heç bir ciddi araşdırılma aparılmadan, istintaq getmədən, cani sorğulanmadan kameralar önünə çıxıb terroru şəxsiləşdirmək cəhdi göstərməsi ən azı izin azdırılmasına xidmət edən cəhd sayıla bilər. Odur ki, Azərbaycan XİN-in “Azərbaycanın İrandakı səfirliyinə hücumun həyata keçirilməsinin şəxsi zəmində olduğunu düşünmürük”-cavabı tam məntiqlidir!
WhatsApp Image 2023-01-27 at 13.56.02.jpeg (192 KB)
Prezident İlham Əliyev “Twitter” hesabındakı paylaşımda “Bu gün Tehrandakı səfirliyimizə qarşı törədilmiş terror aktını şiddətlə qınayıram. Səfirliyin və səfirlik əməkdaşlarının mühafizəsini təmin edərkən həlak olan baş leytenant Əsgərov Orxan Rizvan oğlunun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verirəm. Bu terror aktının tezliklə araşdırılmasını və terrorçuların cəzalandırılmasını tələb edirik. Diplomatik nümayəndəliklərə qarşı terror hücumu qəbuledilməzdir!”-yazıb. Özünü müsəlman qonşu adlandıran ölkəyə diplomatik dillə vaxt verilmiş sayıla bilər! Azərbaycanla düşmənçilik xəttini seçənlər əmmamələrini qabaqlarına qoyub, düşünsünlər! QUM SAATI işə salındı, deyə bilərik...
Son aylar, xüsusilə də Qarabağ Zəfərindən sonra Azərbaycanın qələbəsini qəbul edə bilməyən ölkələrdə səfirliklərimizə qarşı davamlı şəkildə təxribat-terror cəhdləri həyata keçirilmişdi. Londonda, Parisdə itkilər verməmişdik, amma canilərin cəzalandırılmasını da görə bilmədik. Müsəlman qonşumuz İrandakı səfirliyimizdə isə şəhid verdik!
Hadisə ilə əlaqədar ən müxtəlif təxminlər var. Bu arada Azərbaycan-İran münasibətlərinin daha da pisləşməsinə çalışan qüvvələrin barmağının olduğunu söyləyənlər də haqsız görünmür. Bəli, illərdir ki, Azərbaycan ərazisindən İrana qarşı istifadə etmək istəyən güclər var, rəsmi Bakının iradəsini qıra bilmir, çünki Azərbaycan müstəqil siyasət yürüdən və nəinki regionda, bütün dünyada sülhüm, əminamanlığın mövcudluğu üçün töhfə verən dövlət olaraq müstəqil siyasət yürüdür! Çox təəssüf ki, İrandakı rejim Azərbaycanın bu mövqeyini, KİŞİ davranışlarını layiqincə qiymətləndirə bilmədi, əksinə, işğalçı, terrorçu Ermənistanla çiyin-çiyinə dayandı! Elə bu günlərdə Tehran və İrəvan arasında “bacı paytaxtlar” haqqında saziş imzalandı. Və...ardınca səfirliyimizdə qan töküldü!
WhatsApp Image 2023-01-27 at 13.19.36.jpeg (75 KB)
Təxribat nəticəsində həyatını itirən Orxan Əsgərov
Bir çox müşahidəçilər şübhə etmir ki, burada erməni barmağı da olmamış deyil. İranın Azərbaycana qarşı təhdidlərlə çıxış etməsi, sərhədlərimizdə hərbi təlimlər keçirməsi, Zəngəzur dəhlizinin açılmasına müqavimət göstərib də, tez-tələsik Qafanda baş konsulluq açması Ermənistanda necə məmnunluq doğurmuşdu...İran Ermənistanı işğal dövründə də, ondan sonra da ayaqda saxlamaq üçün hər şeyindən keçib. Hətta 44 günlük müharibədən sonra da İran TIR-ları nəinki Ermənistana, hətta Qarabağa, Laçın yolu ilə yanacaq, müxtəlif şübhəli yüklər daşıyırdı, sonda dövlətimizin hərəkətə keçməsi ilə bu əlaqə kəsildi. Son olaraq Tehranı qəzəbləndirən Laçın yolu ilə Xankəndiyə 14+13 İran vətəndaşının – hansı məram-məqsədlə gəldiyi barədə hələ də rəsmi izahat verilməyən şəxslərin gəlməsi barədə faktların ortaya qoyulması oldu. Azərbaycanın hüquq-mühafizə orqanları İran vətəndaşlarının pasportlarını belə ortaya qoydu, ifşa etdi erməni terrorçuları ilə işbirliyində olan məkrli siyasəti!
Bütün bunların fonunda ermənilərlə İrandakı rejimin daha sıx birləşməsini müşahidə etməkdə idik. İrandan Azərbaycan əleyhinə SEPAH generallarından tutmuş, rəsmi hakimiyyət nümayəndələrinə, deputatlara qədər bir çoxları ölkəmizi hədələdilər, təhdid etdilər. Hətta keçən ilin noyabrında Azərbaycana qarşı hücumun olacağı barədə açıq təhdidlər də səslənmişdi. Xatırladaq: iranlı siyasi şərhçi Həkmid Babai xəbərdarlıq etmişdi ki, noyabrın 15-də İranın Bakıdakı səfirliyi qarşısında mitinq keçirilsə, dərhal adekvat cavab veriləcək. Yəni Tehranda aksiya keçiriləcək, aksiya iştirakçıları Azərbaycan səfirliyinə daş atacaqlar. Eyni zamanda Azərbaycanın Naxçıvan Muxtar Respublikası ərazisindən İrana daxil olan yük maşınlarının sürücüləri öldürüləcək və nəqliyyat vasitələri götürülərək yandırılacaq. Təsəvvür edirsinizmi?!
WhatsApp Image 2023-01-27 at 12.52.05.jpeg (89 KB)
Amma bu terror çağırışı ilə bağlı İranın hüquq-mühafizə orqanları hərəkətə keçmədi, Babaiyə xəbərdarlıq belə, edilmədi. Çünki İrandakı rejim seçimini etmişdi, “Ermənistana hücum İrana hücum sayılacaq”-mövqeyindən çıxış edirdilər son zamanlar. Baxmayaraq ki, kiminsə Ermənistana hücum etmək niyyəti olmamışdı, o cümlədən Azərbaycanın!
Tehrandakı terrorda hansısa üçüncü, dördüncü qüvvənin, kəşfiyyatın da əli ola bilər. Amma məsələ burasındadır ki, baş vermiş terror aktı nəticədir...Bu hadisəyə qədər mövcud olan situasiyadan qısaca bəhs etdik. İran Ermənistanın sərhədlərini “qırmızı xətt” elan etmişdi. Biz bu QIRMIZını gördük – 27 yanvar, 2023-cü il tarixdə, Tehrandakı səfirliyimizdə, şəhid Orxan Əsgərovun, yaralı əməkdaşların tökülən qanını! İran sərhədlərdəki qırmızıdan danışarkən bunumu nəzərdə tuturmuş?!
İran rejiminin mənsubları, sərhədlər dəyişdirilə bilməz deməkdən usanmadınız Azərbaycan 30 il ərzində işğalda olan torpaqlarını azad etdikdən sonra, bəs, Tehrandakı Azərbaycan səfirliyinin sərhədləri?! Niyə yadınıza düşmədi?! Ölkə ərazisində olan səfirlik və ya konsulluqlar həm də dövlətlərin bir parçası, ərazisi sayılır. Deməli, Azərbaycan ərazisinin sərhədlərini tapdayıb keçmək olarmış, özü də “Kalaşnikov”la?! On illərdir Azərbaycanın dövlət sərhədlərini pozub, narkotik maddə, silah, digər qanunsuz mallar daşıyan İran vətəndaşlarının da İran sərhədçiləri tərəfindən saxlanıldığını eşitmədik. Cinayətkarlarla mübarizədə sərhədçilərimiz hətta şəhidlər də veriblər dəfələrlə. Bu dəfə də Tehranda şəhid verdik! Niyə İran polisi çıxmadı səfirliyimizə, Azərbaycanın ərazisinə soxulan terrorçunun qarşısına?! Ötən ilin sentyabrından, Məhsa Əmini qətlə yetiriləndən sonra İranda ixtişaşlar baş verməkdədir, 500-dən artıq etirazçı öldürülüb, minlərlə yaralı, həbs edilən, onlarla edam olunan var. Necə oldu ki, bu hadisələrin fonunda İranın güc strukturlarının yadına düşmədi Azərbaycandakı səfirliyin mühafizəsini gücləndirmək, bayırdan içəri daxil olanları yoxlamaq? Görün terrorçuda əminlik nə qədər olub ki, içəriyə heç olmasa tapança ilə deyil, AVTOMATLA daxil olub?! Bu, necə ola bilər? Azərbaycandakı İran səfirliyinin, yaxud konsulluqlarının necə mühafizə olunduğunu İranda görmürlərmi? Necə oldu ki, İran qadınlarının çadranı düzgün örtməməsini cinayət hesab edən güc strukturlarının nəzərindən yayındı “Kalaşnikov”lu cani?!
hfdujesfhjrdnsx.jpg (108 KB)
Bu hadisənin SEPAH-ın terrorçu təşkilat elan olunmasından sonra baş verməsi düşündürücüdür. Amma hər halda bu ad biz qoymadıq!
Bu hadisənin İsraildə səfirliyimizi açmağımızdan, səfir təyinatından sonra baş verməsi müzakirə mövzusudur. Amma Ermənistan İsraildə səfirliyini hələ 2020-ci ilin sentyabrında açıb, ondan sonra İranın Azərbaycana təhdidləri daha da artıb, nəinki Ermənistana!
Ötən həftə Anna Akopyanı yüksək səviyyədə qəbul etdilər, başa çıxartdılar, Qum şəhərinə aparıb, məscidə saldılar, urvatsız elədilər müqəddəslərin uyuduğu məkanları...Həm də Azərbaycanın acığına! Ardınca da belə bir terror! Ondan əvvəl Təbrizdə Ermənistanın baş konsulluğunun açılacağının anonsunu vermişdilər...
İranda hətta uşaqların da beynini anti-Azərbaycan şüarlarla zəhərləməyə başlayıblar son illər. Bir müddət əvvəl Bakıya ünvanlı klipdə “qəbruvi qazma” təhdidini səsləndirən uşaqlar yadınızdadı? Ardınca da guya Arazı qaçıb, Azərbaycanı “zəbt” etmək üçün bu taya keçmək istəyənlər də iranlı uşaqlar idi. Ardınca bir rolik hazırladılar, Qüdsün azadlığının “Bakının fəthi”ndən keçdiyi haqda. Bütün bu zəhərlənmə əməliyyatlarından, siyasətindən sonra başqa nə gözləyə bilərdik? Hətta Azərbaycanın Londondakı səfirliyinə hücumun arxasından da İranın barmağı çıxmışdı. Orda test etdilər, Tehranda reallaşdırdılar...
1979-cu ildə ABŞ səfirliyinə hücum, səfirliyin əməkdaşlarının 444 gün girovluqda saxlanması nələrə gətirib çıxartdı, məlumdur. İran paytaxtında növbəti dəfə səfirliyə qanlı hücum 44 il sonra həyata keçirildi!
Hadisədən keçən saatlar ərzində hələ də İrandan normal reaksiya, üzrxahlıq, şəhidin ailəsinə başsağlığı, Bakıya telefon zəngi barədə məlumat yoxdur. Bu, ciddi şübhələr yaradır! Əgər hesab edirsənsə ki, bu terror aktı təkcə Azərbaycana qarşı yönəldilməyib, təkcə Azərbaycana qarşı xain hücum deyil, onda mövqeyini ifadə elə! Əgər burada İranla Azərbaycanı düşmən etmək, toqquşdurmaq istəyən qüvvələrin barmağı varsa, ifşa elə, birgə istintaq qrupu yarat, biz də əmin olaq! Yox, əgər susursansa, demək...
Elşad PAŞASOYскачать dle 12.1