Bia.Az

Azərbaycan və İranın rəsmiləri görüşdü - Tehran yanlışlarını düzəldir, yoxsa...

Gündəm
 26-01-2023, 12:50     270

Uzun müddətdir İranın Azərbaycana qarşı yanlış siyasəti həyata keçirilir və bunun nəticəsində münasibətlər kifayət qədər gərginləşib. Əlbəttə, Azərbaycan bu məsələdə tamamilə haqlıdır, Tehranın Ermənistanla qucaqlaşması, Azərbaycanın əleyhinə ermənilərlə birgə fəaliyyət göstərməsi, Zəngəzur dəhlizi ilə bağlı təxribatçı mövqe sərgiləməsi heç bir əndazəyə, qonşuluq siyasətinə sığmır.
Ancaq deyəsən, rəsmi Bakı İrana dərs verdikdən sonra Tehranda rəsmi Azərbaycan və onun qardaşı Türkiyə ilə normal davranmaqdan başqa variant olmadığı dərk edilib. İran Prezidentinin Türkiyəyə səfərinin hazırlanması, bu arada İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahianın Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla görüşməsi, bir gün sonra İranın Azərbaycandakı səfiri Seyid Abbas Musavinin Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə görüşməsi bu cür düşünməyə əsas verir. Bu görüşlərdən sonra İranın Bakı ilə bağlı yanlış siyasətinin düzəldiləcəyinə ümid etmək olarmı?
Güclü Azərbaycan naminə - Ceyhun Məmmədov
Ceyhun Məmmədov: “Səmimi olsalar, Zəngəzur dəhlizinin açılmasına mane olmasalar, Azərbaycan-İran münasibətlərində yeni səhifə açıla bilər”
Yeni Azərbaycan Partiyasından Milli Məclisin deputatı Ceyhun Məmmədov “Yeni Müsavat”a bildirdi ki, Azərbaycan hər zaman İranla münasibətlərində səmimi olub, lakin qarşılığında İrandan səmimi münasibət görməyib. Əgər İran Azərbaycana qarşı səmimi olarsa, Azərbaycana qarşı müxtlif formalarda təxribatlara son qoyarsa Azərbaycan İranla əməkdaşlığın, qonşuluq əlaqələrinin daha da gücləndirilməsində maraqlı olacaq: “İran hakimiyyəti həqiqətən də Azərbaycanla münasibətlərini yaxşılaşdırmaqda səmimidirsə, qarşıdakı dövrdə biz bunu onların addımlarının nədən ibarət olduğunu izləməklə dəqiq biləcəyik. Səfirin Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevlə, xarici işlər nazirinin Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla görüşündə İranın məqsədi münasibətləri yaxşılaşdırmaqdırsa, dediyimiz kimi, səmimi olub-olmadıqları yaxın dövrlərdə bəlli olacaq. Əgər bu tərəfdən ”Azərbaycanla tarixən dostuq, qardaşıq" deyib, o biri tərəfdən Azərbaycanın maraqlarına qarşı fəaliyyət nümayiş etdiriləcəksə, münasibətlər düzəlməyəcək. Yox əgər dost-qardaş münasibətinin tələb etdiyi şəkildə münasibət sərgilənəcəksə, Zəngəzur dəhlizinin açılmasına mane olmasalar, əlbəttə, Azərbaycan-İran münasibətlərində müsbətə doğru ciddi dəyişikliklər başlayacaq. Biz İranla əməkdaşlıqda maraqlı olduğumuzu həmişə bəyan etmişik. Yetər ki, İran səmimi olsun. Belə olsa münasibətlərdə yeni səhifənin açılmasını görəcəyik".
Həqiqəti təkcə ermənilər deyil, bəzi dünya gücləri də anlamırlar” -  Abutalıb Səmədov » www.DIASPOR.info
Abutalıb Səmədov: “Vəziyyətin dəyişməsi hamımızın, ilk növbədə də İranın maraqlarına xidmət edərdi, ümid edək ki, İran rəsmiləri bunu anlayacaqlar”
Azərbaycan Naminə Alyans Partiyasının sədri Abutalıb Səmədov isə bildirdi ki, İran son iki ildə bölgədə və dünyada yaranmış reallıqları qəbul etmək və xarici siyasətini yaranmış vəziyyətə uyğunlaşdırmaq zorundadır. Bu baxımdan çox arzu edərdik ki, böyük qonşumuz bəzi məsələləri mümkün qədər tez anlasın. Bununla belə İranın Azərbaycana münasibətdə yeritdiyi yanlış siyasəti ciddi şəkildə dəyişdirəcəyinə ümid etmək çox təəssüf ki, mümkün deyil: “İranı Azərbaycanın apardığı müstəqil siyasət qane etmir və bizə kiminlə münasibət qurub, kiminlə qura bilməyəcəyimiz barədə ”göstərişlər" vermək istəyirlər. Xüsusilə, bizim İsraillə olan əməkdaşlığımızı qəbul etmək istəmirlər və buna mane olmaq üçün hətta “hərbə-zorba” gəlməkdən belə çəkinmirlər. Anlamırlar ki, Azərbaycanla bu cür davranmaq heç kimin həddi deyil. Heç kim dövlətimizə necə hərəkət etməyi bu vaxta qədər diqtə edə bilməyib və bundan sonra da edə bilməyəcək. Eyni zamanda İran Ermənistanla son dərəcə isti münasibətlər qurub, ona mümkün olan yardımları göstərib və göstərir. Fasiləsiz olaraq cənubi Qafqazdan kənarda yerləşən  dövlətlərin “arzuolunmaz” olduğunu, onların bölgənin işlərinə müdaxilə etməmələrini bəyan və tələb edir. Ancaq iş gəlib ABŞ-ın Ermənistandakı 2500 nəfərlik “səfirliyinə”, yaxud Avropa İttifaqının ermənilərin “sifarişi” ilə göndərdiyi iki illik “müşahidə missiyası”na çıxanda nədənsə etiraz etməyi “unudur”. Bu münasibət bundan sonra dəyişəcəkmi? Çox təəssüf ki, yox. Bu günlərdə aparılan danışıqlardan sonra İranın “Zəngəzur dəhlizi”nə münasibətinin dəyişəcəyinə ümid etmək də təəssüflər olsun ki, mümkün deyil. Qonşumuz bu dəhlizin bizim şərtlərimizə uyğun şəkildə açılmasını öz maraqlarına zidd hesab edir və nəyin bahasına olursa-olsun Ermənistanla “isti təmasda” olmaq istəyir. Bəs, nə dəyişə bilər? Bu danışıqlardan sonra İran normal qonşuluq siyasəti yeritməyin, bir-birinin daxili işlərinə qarışmamağın və iki gündən bir sərhəddə təlim keçirərək Azərbaycana “güc göstərmək” şakərindən imtina etməyin zəruriliyini anlaya bilər. Bu isə bölgədə münasibətlərin normallaşmasına, gərginliyin xeyli azalmasına şərait yaradar. Vəziyyətin dəyişməsi hamımızın, ilk növbədə də İranın maraqlarına xidmət edərdi. Ümid edək ki, İran rəsmiləri bunu anlayacaqlar"./“Yeni Müsavat”/скачать dle 12.1