Bia.Az

Matəmdən anıma doğru - Deputatın yazısı

Gündəm
 20-01-2023, 13:56     265

20 yanvar millətimiz üçün bir anım günüdür. Öz istiqlaliyyətini qazanmaq istəyən bir millətin övladları keçmiş Sovet imperiyasının ordusu tərəfindən qətliam edilmişdir. Bir tərəf öz azadlığını əldə etmək, digər tərəf isə dövlətdə mərkəzdənqaçmanın qarşısını almaq istəyirdi.

Hər iki tərəf öz mülahizəsinə görə haqlı sayıla bilərdi. Ancaq birinci tərəf öz istiqlaliyyətini iki il sonra qazandı, ikinci tərəf isə iki il müddətində bir dövlət olaraq çökdü. Burada məqsədin, hədəfin qalib gəldiyini gördük. Qarabağ savaşı da bizim üçün eyni məzmundadır. Öncə torpaqlarımız işğal olundu, çox sayda şəhidlərimiz, qazilərimiz, itkinlərimiz, əsirlərimiz, dağıntılarınız, məcburi köçkünlərimiz oldu və məğlubiyyət aurası içində illər boyu qalmağa məhkum olduq. Nəhayət otuz il sonra yenə də şəhidlərimiz, qazilərimiz oldu, lakin qarşımıza hədəf olaraq qoyduğumuz torpaqlarımızın böyük bir hissəsini de-fakto, hamısını de-yure düşmən işğalından azad etdik. Yəni xalqların taleyində həmişə qan, qada, şəhid acısı, torpaq, dəyər itkisi var. Lakin yekunda o xalqlar uğur qazana bilirlər ki, onlar öz itkilərini matəmə çevirmirlər, ümidsizlik içində gələcəyə baxmırlar.
Qara Yanvar — Vikipediya
Eyni itkilər hər bir insanın taleyində bu və ya digər dərəcədə yaşanır, ancaq acısını içinə gömüb “ölən öldü, qalan sağlar bizimdir” deyibən gələcəyin hədəflərinə doğru yürüyən insan, həm də bu yolda ölən insanların məsuliyyətini öz üzərinə götürmüş olur. Kimsəyə sirr deyil ki, əsrlər boyunca bizim yaşadığımız din, bir matəm dini olub. İnsanlığa öz obrazında kamilləşmə örnəyi gətirən, kamilləşmə kitabını bəxş edən Məhəmmədi çoxlmuz yaşam tərzinin deyil, məhz matəm rituallarının peyğəmbəri kimi tanımışıq. Bizim genetik kodumuzda hələ də bir virus kimi dolaşan yassevər iranlı kimliyi də heç şübhəsiz ki, buradan qaynaqlanır. Matəm mazoxizmi qədər bir millət üçün təhlükəli sayılacaq başqa sindrom ola bilməz. Əslində bədnam qonşumuz ermənilərin də bu gün yaşadıqları matəm mazoxizmidir. Lakin bu onların dinindən deyil, yanlış siyasi hədəflərindən qaynaqlanır. Elə düşünürlər ki, milli birliyin ən vacib elementi qondarma “soyqırım” nağılı altında uyumaqdır. Çevrədəki başqa etnik kimliklərə nifrət aşılayan bu ideyaya görə bir əsrdə dəfələrlə soylarının hissə-hissə qırılmasına da məhz özləri səbəb olmaqdadırlar.
Anlamalıyıq ki, 44 günlük savaşda qazanılan qələbə millət olaraq bizə yalnız yeni şəxsiyyət qazandırmadı. Həm də dəyərlərimizi kökündən dəyişdirdi. Bu dəyərlərdən biri də 20 yanvarın matəm günündən anım gününə çevrilməsidir. Yaşayan hər bir insan, həm də boynunda haqqı olan insanların ideallarını gerçəkləşdirmək məsuliyyəti daşıyan insandır. O insanın da ömürünün arxada qalan hissəsində matəm deyil, anım duyğusu hakim olarsa, o durmayacaq, çalışacaq və uğura qoşacaqdır.
Vətən müharibəsi: Azərbaycan necə qələbə qazandı? - TƏHLİL

20 yanvar hadisəsi eyni zamanda bizim mənfili-müsbətli hər bir cəhətimizi üzə çıxaran tarixdir. İlk növbədə tanıdığımız, tanımadığımız qəhrəmanlarımızı, qəhrəmanlığımızı üzə çıxardı. Burada çəlimsiz vücudu ilə tankın qarşısına çıxan tələbə-intellektualımız Ülvidən başlamış yüzlərlə ölən və sağ qalan fədakar Vətən övladlarına qədər bir anın üzə çıxardığı qəhrəmanlardan söhbət gedir. Bu hadisələrdə ən böyük qəhrəmanlar isə kimsənin bəlkə də gözləmədiyi halda yerdən deyil, göydən deyil, dənizdən çıxdı. Azərbaycanın gəmi kapitanları bir neçə gün ərzində Bakı buxtasında öz idarə etdikləri mülki gəmilərlə imperiya ordusuna qarşı elə bir müqavimət göstərdilər ki, bu 20 yanvar qətliamının miqyasca böyüməsinin qarşısını almış oldu. Sevdiyi Əsli üçün deyil, sevdiyi millət üçün mülki gəmisi ilə “Mən tarana gedirəm” hayqıran kapitan Kərəmin və başqa Azərbaycan dənizçilərinin qarşısını düşmən gülləbaranla almağa məcbur oldu. Onlarla gəmi kapitanını həbs edərək işgəncə altında Rusiyanın vilayətlərinə həbsxanaya göndərdilər. Qırx gün müddətində etiraz tətili edən onlarla müəssisənin işçilərinin fədakarlığı da bu qəhrəmanlıq epizodları idi.
Əbülfəz Elçibəyin vəfatından 20 il ötür
Ali Sovetin fövqəladə sessiyasi, Şeyxin, AXC sədri Əbülfəz Elçibəyin dünyaya yayılan sərt müraciətləri, Heydər Əliyevin Moskvadakı nümayəndəliyimizə gələrək imperiyanın mərkəzində bu hadisələrə görə Sovet rəhbərliyinin əməlini ifşa etməsi, şəhidlərin dəfn mərasimi, istintaq komissiyasının operativ çalışmaları bir millət olaraq üzümüzü ağardan nümunələr sayıla bilər.
Heydər Əliyev 20 yanvar hadisələri ilə bağlı | TAM VERSİYA - YouTube
Onlarla belə faydalı nümunələri göstərmək olar. Digər yanda isə üz çıxan partiya elitamızın nadanlığı, xalq hərəkatı öncüllərinin siyasi naşılıqları, hakimiyyət eşalonunda vəzifə davaları, atılmış partiya biletlərinin geri götürülməsi uğrunda mübarizə kimi məsələləri də gözardı etmək doğru olmaz. Yəni həm qürur duyulası, həm heyrətlənəsi, həm də bəzi məqamlardan xəcalət çəkiləsi bir ortaq tariximiz. Ona görə də bu cür tarixləri bütün yönləriylə xatırlamalı və xatırlatmalıyıq ki, ibrət götürməli olduğumuz məsələləri də gözardı etməyək.

Anılan insanlar, öz ömür yollarında elə izlər buraxırlar ki, onun faydasını qalanlar görürlər, duyurlar, bəhrələnirlər. Evi üçün, tayfası üçün, dostları üçün anılan insanlar barəsində hamımızın bilgisi yetərincədir. Ancaq eli üçün, milləti üçün, ümməti üçün anılmanın dəyəri bir başqadır. Bütün millət şəhidlərinə baxışımız da bu cür olmalıdır. Hamımızın öləcəyimiz bu fani dünyada məhz buna görə el yolunda ölənlər bizdən həmişə bir neçə mərtəbə ucada olacaqlar.

Fazil Mustafa, Milli Məclisin deputatıскачать dle 12.1