Bia.Az

Anadangəlmə əqli zəifin da haqqı yeyilir - MÜRACİƏT

Fakt
 19-01-2023, 12:27     195

“Qızımın pensiyasını 2022-ci ilin dekabr ayından kəsiblər. Yenidən müraciət etsək də, imtina cavabı almışıq”.

Bu sözləri Toplum TV-nin qaynar xəttinə Goranboy rayonu Baxçakürd kənd sakini Vamiq Vəliyev yazıb.

Şikayətçinin sözlərinə görə qızı Vəliyeva Lətifə epilepsiyadan və əqli gerilikdən əziyyət çəkir.

“Qızım 22.02.2012-ci ildə anadan olub. Anadangəlmə əqli zəif və sudurqalıdır. 2016-cı ildən pensiya alırdı. 2022-ci ilin dekabrında pensiyası kəsildi. Kəsilməsinə səbəb 3 illik komissiyadan keçmə vaxtının tamam olması idi. Biz rayon mərkəzi xəstəxanasında forma 88 düzəldib vurdurduq. Ancaq imtina cavabı gəldi. İmtinaya səbəb isə forma 88-in düzgün doldurulmaması göstərilir. Xəstəxanadan isə deyirlər ki, biz forma 88-i düzgün doldurub sistemə vurmuşuq. Fakt, mənim övladım anadan gəlmə xəstədir. Bizi niyə süründürməçiliyə məruz qoyurlar, anlamıram”.

Məsələ ilə bağlı Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin şöbə müdiri Tural Qurbanov Toplum TV-ə bildirdi ki, göndərişdə vətəndaşın instrumenal müayinə nəticələri ətraflı qeyd olunmayıb.

“Vəliyeva Lətifə Vamiq qızının əlilliyinin qiymətləndirilməsi ilk növbədə tibb müəssisəsi tərəfindən elektron sistemə daxil edilmiş göndəriş əsasında, özünün iştirakı olmadan aparılıb. Müəyyən edilib ki, göndərişdə vətəndaşın instrumenal müayinə nəticələri ətraflı qeyd olunmayıb. Bu səbəbdən ona 05.01.2023-cü il tarixində e-sistem üzərindən imtina qərarı verilib. Buna baxmayaraq, vətəndaş Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin yerli Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində əyani müayinə ediləcək və qanunvericiliyə uyğun olaraq əlilliyin qiymətləndirilməsi aparılacaq.

Vətəndaşla əlaqə saxlanıldı və bununla bağlı məlumat verildi”.

Məsələni diqqətdə saxlayacağıq.

Toplum TV
скачать dle 12.1