Bia.Az

Toplanlarla Cəmilin yerini dəyişmək məsələsi... - ETİRAZ

Cəmiyyət
 18-01-2023, 13:29     206

Saytlarda belə bir xəbər var ki, ötən 2022-ci ildə dünyada 86 jurnalist və mətbuat əməkdaşı öldürülüb. Xəbəri müşayiət edən şəkildə asfalt üzərində boş qalmış dəbilqə görünür, üstünə yekə hərflərlə “PRESS” yazılıb.

Bu barədə UNESCO məlumat yayıb. Heç demə, daha çox (44 nəfər) jurnalist Cənubi Amerikada və Karib hövzəsində öldürülüb. Oralarda öldürülən jurnalistlərin sayı münaqişə zonalarında öldürülən jurnalistlərdən iki dəfə çoxdur.

Bu da ona görədir ki, adı çəkilən regionlarda da müharibə gedir, hökumət qüvvələri ilə narkokartellər eyzən atışırlar, nəticədə araya girən, tərəflərin mövqeyini işıqlandırmaq istəyən jurnalistlərin çırağı söndürülür, xatirələrinə şam yandırılır.

Bundan başqa, ayrı-ayrı ölkələrdə jurnalistləri müxtəlif səbəblərdən öldürürlər – biri gedib mütəşəkkil cinayətkarlığı ifşa etmək istəyir, vururlar, o biri ekstremistlərdən yazır, güllələyirlər, başqası korrupsionerlərlə, vəzifə səlahiyyətlərindən sui-istifadə edənlərlə düz dolanmır, nəticədə bir gün yol qırağında meyidi tapılır.

Necə ki əsgərlər müharibədə, polismenlər cinayətkarlarla mübarizədə həlak olurlar, jurnalistlərin də ölümü adətən peşələri ilə bağlı olur. Bu üzdəndir ki, dünyanın hər yerində jurnalistikanı təhlükəli peşələrdən biri sayırlar.

UNESKO-da bir qayda olaraq öldürülən jurnalistlərin statistikasını aparır, döyülən, hədələnən, şantaj olunan, məhkəməyə verilən, ələ alınan jurnalistlərin hesabını aparan yoxdur. Bir də arada həbs olunan jurnalistlərin siyahısını tuturlar (bu siyahıya reket jurnalistlər daxil edilmir).

Maşallah, bu siyahı çox genişdir. Dünyanın 200 ölkəsindən 100-dən artığı bu siyahıya öz töhfəsini verir.

Biz də o sıradayıq. Düzdür, bizdə arada jurnalist adıyla dələduzluq edənləri də cələkləyib içəri qoyurlar, amma bu, kov deyil, hamı bilir ki, onlar onu-bunu şantaj edib xırda pul qazanmaq istəyənlərdir, əsl jurnalist deyillər.

Amma jurnalist Cəmil Məmmədlinin Xaçmazda həbs edilməsi göstərir ki, beynəlxalq monitorinqçilər onun adını öz siyahılarına salacaqlar. Çünki xaçmazlı məmurlar Cəmili çoxdan, 2-3 il əvvəldən hərləyirdilər. “Şərləyirdirlər” demək də olar.

Söz yox, o da dinc durmurdu, rayondakı, regiondakı neqativ halları işıqlandırırdı və bu işıq gur olanda, məmurların gözünü qamaşdıranda onlar orda-burda toplanır, oturub fikirləşirdilər ki, nə etsinlər, nə qayırsınlar. Amma görürdülər ki, yox, toplananların yerini dəyişəndə Cəmil dəyişmir, höcətliyinə salıb yazır. Ona görə də, görünür, axırda belə qərara gəliblər ki, adamı bir neçə illiyə ağzıbirə saldırsınlar.

Əslində xaçmazlı məmurlar humanist davranıblar. Onların yerində venesuelalı, meksikalı, kolumbiyalı məmurlar və ya narkobaronlar olsaydı, indi Cəmilin meyidini Samur-Abşeron kanalından tapardılar. Nəticədə UNESKO-nun siyahısında ötən il öldürülən jurnalistlərin sayı 86 olmazdı, 87 olardı. Bir nəfər az, bir nəfər çox, nə fərqi var? Əvəzində o zonanın məmurların problem həll olunardı.

Fəqət indi Xaçmaz məmurlarının dediyi olsa, jurnalist cəzaya məhkum olunsa, ölkəmizin adı dillərə düşsə, necə olacaq? Heç nə. Həmkarları bir az məqalə, status yazıb sakitləşəcəklər. Amma bir müddətdən sonra DTX-nın qaramaskalı əməkdaşları gedib Xaşmazda neqativ işlər görən məmurların bir dəstini-dəstəsini “Fiat Dobla”ya basıb Bakıya gətirəndə, barələrində cinayət işi açılanda yada düşəcək ki, bay, yazıq Cəmil 2022-ci ildə bunların bu zibil işlərindən yazırdı axı. Bax, onda məcbur qalıb Cəmili buraxacaqlar, ya da artıq buraxıblarsa və o, Avropa İnsan Haqları Məhkəməsinə müraciət edərək qalib gəlibsə, xeyli qanqaraçılıq olacaq.

Bu baxımdan bu günün işini sabaha saxlamaq olmaz, Şərləndiyi göz önündə olan jurnalistin yaxasını buraxmaq, onun tənqidinin hədəfi olan məmurları içəri basmaq lazımdır ki, həm ölkənin adı pis siyahılara düşməsin, həm də haqq-ədalət bərqərar olsun.

Bir sözlə, xalqın, dövlətin varidatına kəm baxan bəzi əliəyri toplanlarla Cəmilin yerini dəyişmək lazımdır.

Samir SARI
//musavat.com//скачать dle 12.1