Bia.Az

Bir qərinə əvvəlki tarix- 20 Yanvarın açılmayan sirri qaldımı?

Gündəm
 18-01-2023, 12:54     239

“Baş vermiş qanlı hadisələr, kütləvi qətliam və bunları doğuran səbəblər bəllidir, üzərində qaranlıq pərdə qalmayıb”

İki gün sonra Azərbaycan xalqı  20 Yanvar faciəsinin 33-cü ildönümünü qeyd edəcək. 1990-cı il yanvarın 20-də ölkəmizə qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkar hərəkətlərindən və keçmiş SSRİ rəhbərliyinin onlara havadarlığından hiddətlənən, Bakının küçələrinə və meydanlarına çıxaraq buna öz qəti etirazını bildirən geniş xalq kütlələrinə qarşı sovet ordusunun döyüş hissələrinin yeridilməsi Azərbaycanda misli görünməmiş faciəyə gətirib çıxardı.
Böyük itkilərlə, günahsız insanların qətli ilə nəticələnən 20 Yanvar faciəsi Mixail Qorbaçov başda olmaqla, SSRİ-nin cinayətkar rəhbərliyinin Azərbaycana qarşı xəyanətkar siyasətinə dözməyən, öz azadlığına, müstəqilliyinə can atan xalqımızın mübarizliyini, əyilməzliyini, məğrurluğunu bir daha nümayiş etdirdi. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə, əvvəlcədən fövqəladə vəziyyət elan edilmədən sovet ordusu Azərbaycana qarşı hərbi əməliyyatlara başladı. Faciə zamanı 147 insan öldürüldü, 744-ü ağır xəsarət aldı, 841 nəfər isə qanunsuz olaraq həbs edildi. 
Bu illər ərzində 20 Yanvar tarixi ağrı ilə xatırlansa da, beyinlərdə daim cavabsız suallar qalıb: “Kimdir günahkar?”
Həmin vaxt xalqın önündə gedən xalq hərəkatının aprıcı qüvvəsi-təşkilatı sayılan Azərbaycan Xalq Cəbhəsi (AXC) daxilində böhran yaranmışdı. Radikallar və liberallar adlanan iki cəbhə formalaşmışdı və bu bölünmə xalqın ümumi mübarizəsində öz mənfi təsirlərini göstərirdi. AXC “Milli azadlıq hərəkatı qansız ötüşmür” məntiqini təbliğ edirdi. İndiyədək deyilənləri və yazılanları ümumiləşdirsək, 20 Yanvar faciəsinin əsas səbəbkarları AXC rəhbərliyinin hadisələrin hara apardığını proqnozlaşdıra bilməməsi,  Azərbaycan Kommunist Partiyasının bacarıqsızlığı, Qorbaçov başda olmaqla Sov.İKP MK Bürosunun cinayətkarlığı idi.
Artıq o qanlı hadisələrin - 20 Yanvar faciəsinin 33-cü ildönümü tamam olur. Yanvar cinayətinə görə məsuliyyət daşıyanlarla bağlı məsələ dəfələrlə müzakirə olunub. 1990-cı illərin sonlarında seçilmiş parlamentdə deputat-istintaq komissiyası yaradıldı. Bu komissiyasının araşdırmaları olduqca əsaslı idi. Lakin komissiyanın bir çox materiallarını Moskvaya apardılar. Bir sıra adamların, eləcə də əsas günahkarlardan sayılan Yevgeni Primakovun adını bu işdən çıxartdılar.
Bəs bu 33 ildə 20 Yanvarla bağlı açılmayan sirr qaldımı?
Azərbaycan xalq hərəkatının öncüllərindən biri olan Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı “Yeni Müsavat”a bildirdi ki, 20 Yanvar hadisələrinin mahiyyəti, səbəbləri kifayət qədər aydınlaşıb, qaranlıq, açılmayan məqamlar demək olar qalmayıb: “Öncə qeyd edim ki, Ulu öndər Heydər Əliyev hakimiyyətə gələndən sonra onun təşəbbüsü ilə Azərbaycan Milli Məclisi 20 Yanvar faciəsinə hüquqi-siyasi qiymət verib. Baş vermiş qanlı hadisələr, kütləvi qətliam və bunları doğuran səbəblər demək olar ki, bütün mənalarda artıq bəllidir, üzərində qaranlıq pərdə qalmayıb. Azərbaycan həmin dövrdə Sovet İttifaqının çökməsində öndə gedirdi. Azərbaycan xalqının başladığı mübarizə SSRİ-nin dayaqlarını sarsıdırdı. Azərbaycan ərazisində başladılan erməni separatizminə qarşı müqavimət Azərbaycanda geniş milli hərəkata çevrilmişdi. Ölkə başdan-başa erməni separatizminə, Kremlin ədalətsiz mövqeyinə, dünya erməniliyinin Azərbaycan əleyhinə fəaliyyətinə qarşı qətiyyətli iradəsini ortaya qoyurdu. Separatizmə qarşı dinc müqavimət nəticə vermirdi və hadisələrin gedişi milli azadlıq mübarizəsinə çevrilirdi. Bunun ayrı-ayrı elementləri özünü mitinqlərdə, şüarlarda, çıxışlarda, tətillərdə qoyulan tələblərdə göstərirdi. Belə bir vəziyyətdə SSRİ rəhbərliyi Azərbaycan xalqını cəzalandırmaq, gözünü qorxutmaqla imperiyanın çökməsinə mane olmaq, Azərbaycanda başlanan milli azadlıq hərəkatının bütün SSRİ-yə yayılmasına imkan verməmək üçün 20 Yanvar faciəsini törətdi. Bu qanlı qətliam SSRİ rəhbərliyinin əmri, SSRİ müdafiə nazirinin planı əsasında həyata keçirildi. Cinayətkarlar onlar idi. Eyni zamanda daxildə də Moskvadan daha çox asılı olan, yerli hakimiyyətin başında dayanan Əbdürrəhman Vəzirov, Ayaz Mütəllibov kimi antimilli qüvvələr xalqın yanında olmaq əvəzinə Moskvanın tələblərini, addımlarını müdafiə edirdilər. Həmçinin Azərbaycanda hakimiyyət uğrunda mübarizə gedirdi. Belə bir vəziyyətdə 20 Yanvar hadisələri baş verdi. Odur ki, şübhəsiz yerli rəhbərliyin də mənəvi, siyasi məsuliyyəti bu faciədə kifayət qədərdir. Həmin hadisələr zamanı Xalq Cəbhəsinin də mövqeyi, davranışı cəmiyyət tərəfindən birmənalı qəbul edilməmişdi. Hətta mənim özüm də bununla bağlı 1990-cı ilin mart ayında Ağdaş rayonunda AXC-nin Ali Məclisinin yığıncağında Xalq Cəbhəsinin İdarə Heyətini qınadım, ittiham etdim. Xalqın qabağına çıxmaq əvəzinə onları ayrı-ayrı yerlərdə prosesi kənardan izləməkdə günahlandırdım. Xalqı ekstaza gətirərək ordunun qabağına çıxardaraq sonradan xalqla bərabər olmamalarını onların ən böyük səhvi, günahı, bəlkə də xəyanəti kimi dəyərləndirdim və sonra Xalq Cəbhəsinin Ali Məclisinin üzvlüyündən istefa verdim”.
Millət vəkili - Fəzail Ağamalı
Fəzail Ağamalı 
F.Ağamalı vurğuladı ki, əlbəttə azadlıq heç bir xalqa qızıl nimçədə təqdim olunmur. Azadlıq uğrunda mübarizə şübhəsiz ki, ağır döyüşlərdən, qurbanlardan, məhrumiyyətlərdən keçir: "Təəssüflər olsun ki, biz də o qurbanları verdik. Məhz 20 Yanvardan sonra Azərbaycanda hərəkat birmənalı olaraq milli azadlıq mübarizəsinə çevrildi. Xalqın bu mübarizəsi qarşısıalınmaz oldu. SSRİ-nin çöküşü qaçılmaza çevrildi. Ulu öndər Heydər Əliyevin Moskvada Azərbaycan nümayəndəliyinin binasına gedərək 20 Yanvar faciəsinə siyasi qiymət verməsi, SSRİ rəhbərliyini, Mixail Qorbaçovu ittiham etməsi, ordunun dinc insanların üzərinə yeridilməsini Azərbaycan xalqına təcavüz və ağır cinayət adlandırması da Azərbaycanda milli azadlıq hərəkatının gedişinə, böyüməsinə ciddi təsirini göstərdi, müstəsna rol oynadı. Beləliklə, bir tərəfdən 20 Yanvar bizim üçün qanlı faciədir, bir tərəfdən bizim şərəf və qürur mənbəyimizdir. Çünki o hadisələrdə şəhid olan vətəndaşlarımızın qanları, canları bahasına xalqımızın apardığı azadlıq mübarizəsi nəticə etibarilə milli istiqlalımıza gətirib çıxardı. Bu gün Azərbaycan müstəqil dövlət olaraq dünya miqyasında söz sahibi olan dövlətlərdən birinə çevrilib. Şəhidlərimizin ruhu rahatdır. Çünki həm müstəqil dövlətik və inkişaf etmişik, həm də torpaqlarımızın böyük hissəsini erməni işğalından azad etmişik. Qalan cüzi hissəsinin azad olunması üçün də mübarizə gedir. Əminəm ki, 2023-cü ildə biz bu məsələyə nöqtə qoyacağıq”.   /“Yeni Müsavat”/скачать dle 12.1