Bia.Az

Qorbaçovu axtarıb tapan köməkçi – Pribıtkov bir az ləngisə MK katibi başqası olacaqmış

Dünya
 13-01-2023, 15:59     165

Uzun illər komsomol və partiya orqanlarında yüksək vəzifələr tutan Viktor Pribıtkov 1976-cı ildən Mərkəzi Komitənin katibi, daha sonra baş katib Konstantin Çernenkonun köməkçisi vəzifəsində işləyib.

Kreml məmurları onu köməkçidən daha çox, Çernenkonun sağ əli kimi tanıyıblar. Təsadüfi deyil ki, Leonid Brejnev üçün hazırlanan məruzələrə, çıxışlara, müraciətlərə son dəfə nəzər salmağı, düzəlişlər etməyi Çernenko Pribıtkova etibar edib və bu illər ərzində köməkçi Mərkəzi Komitədə bir çox maraqlı hadisələrin şahidi və iştirakçısı olub...
1935-ci ildə Lipetskdə anadan olan Pribıtkov orta təhsilni başa vurduqdan sonra ilk əmək fəaliyyətinə Lipetsk traktor zavodunda başlayıb. O, əvvəlcə Lipetskdə Maşınqayıtma Texnikumunda, daha sonra Voronej universitetinin hüquq fakültəsində qiyabi yolla təhsil alıb. Ali təhsil aldıqdan sonra fəaliyyətini komsomol orqanlarında davam etdirən Pribıtkov Lipetsk vilayət komsomol komitəsinin birinci katibi, Ümumittifaq komsomol komitəsində şöbə müdiri vəzifələrində işləyib.
16079440922054724567_m.jpg (69 KB)
1972-ci ildə Pribıtkov Mərkəzi Komitəyə dəvət olunaraq əvvəlcə ümumi şöbədə təlimatçı, daha sonra isə sektor müdiri vəzifəsinə təyinat alıb. 1976-cı ildən isə o, Mərkəzi Komitənin katibi Konstantin Çernenkonun köməkçisi təyin edilib.
Pribıtkov Mərkəzi Komitə aparatında savadlı, məsuliyyətli, bacarıqlı kadr kimi tanınmaqla yanaşı, həm də maraqlı, olduqca ünsiyyətcil adam kimi ad çıxarıb. Aparat işçiləri tez-tez onun kabinetinə toplaşıblar, fikir mübadiləsi aparıblar. Çernenko dəfələrlə köməkçisinə bu söhbət məclislərinin yığışdırılması ilə bağlı xəbərdarlıq etsə də, bəzən özü də bu söhbətlərə qoşulub.
1990-cı illərdən sonra Pribıtkovun bir neçə xatirə kitabı işıq üzü görüb. “Aparat”, “Baş katib Çernenkonun 390 günü və bütün həyatı” adlı kitabları isə daha çox populyarlıq qazanıb.
preview_140x175.png (274 KB)
Pribıtkov öz memuarlarında Çernenko haqqında maraqlı faktlar açıqlayıb. O, Çernenkonun hələ Brejnevin dövründə baş katib vəzifəsini icra etdiyini də bildirib:
“Çernenkonun iş yükünün ağırlığının nə qədər olduğunu mən köməkçi kimi yaxşı bilirdim. Mərkəzi Komitədə bütün məsələlər əvvəlcə Çernenko ilə müzakirə olunurdu və qərar verilirdi. Son söz həmişə onda olurdu. Bundan sonra hazır qərarlar, müzakirələrin nəticələri Brejnevə təqdim edilirdi. Baş katibin Çernenkoya inamı, etibarı böyük idi. Əgər Çernenko hansısa bir məsləyə “hə” deyirdisə, həmin məsələ Brejenv tərəfindən müzakirə olunmurdu. Baş katibin qəbuluna yalnız Çernenko vasitəsi ilə düşmək mümkün idi. Onun razılığı olmadan Brejnevlə görüşmək mümkünsüz məsələ sayılırdı. Səhhətində ciddi problemlər olsa da, Çernenko bütün gücünü işə sərf edirdi. Ailəsi bu cür iş rejiminə etiraz etsə də, mənası olmurdu. Çernenkonun baş katib seçilməsini həyat yoldaşı televizordan eşitmişdi. Həmin gün işdən sonra Çernenko ilə birlikdə mən də onların evinə getmişdim. Düşünürdüm ki, Anna Dmitriyevna (Çernenkonun həyat yoldaşı) yeni vəzifə ilə bağlı bir süfrə açacaq. Amma əksinə oldu. O, həyat yoldaşını qapıda böyük həyəcanla qarşıladı:
- Kostya, bu sənin nəyinə lazım idi? Sənin səhhətin bu vəzifəni daşımağa imkan verəcəkmi? Niyə buna razılıq verdin?
zLFvntVdUNaZ6aNsz5rAzXQysKtt0RXqx1inRnQF.jpg (119 KB)

Çernenko isə özünəmüxsus tərzdə onu sakitləşdirdi:
- Partiya üçün bu lazımdırsa, demək, mənim üçün də lazımdır. Mənim kommunistlərin yekdil qərarana qarşı çıxmaq hüququm yoxdur.
Həqiqətən də Çernenko 13 aylıq baş katibliyi dövründə onsuz da problemli olan səhhətini bir az da ağırlaşdırdı...”
Pribıtkovun memuarlarında maraqlı faktlardan biri də Mixail Qorbaçovla bağlıdır. O, Qorbaçovun Mərkəzi Komitəyə gətiriliməsində özünü də günahkar sayıb:
“Çernenkonun Qorbaçova münasibəti pis deyildi. Həmişə deyirdi ki, Qorbaçov işgüzar adamdır, amma çox danışır, elə ki danışmağa başladı, qurtarmaq bilmir. 1978-ci ildə Mərkəzi Komitənin kənd təssərrüfatı məsələləri üzrə katibi Fyodr Kulakov vəfat edəndə onun yerinə namizədlərdən biri də Yuri Andropovun təşəbbüsü ilə Qorbaçov idi. Məsələ ilə bağlı Qorbaçovu Moskvaya dəvət etmişdilər.
Viktor_Pribytkov__Apparat.jpeg (97 KB)
Plenumdan bir gün əvvəl Çernenko mənə dedi ki, Qorbaçovu təcili Mərkəzi Komitəyə çağır, Brejnev onu qəbul edəcək. Adətən həmin vaxtlar vilayət və diyar partiya komitələrinin katibləri Moskvaya gələndə “Arbat” mehmanxanasında qalırdılar. Mən həmin mehmanxanaya zəng vurdum. Dedilər ki, Qorbaçov mehmanxanada yer götürməyib. Mərkəzi Komitənin şöbələri ilə əlaqə saxladım, bildirdilər ki, Qorbaçov şöbələrdə görünməyib. Hər yarım saatdan bir isə Çernenko mənə zəng vurub Qorbaçovu soruşurdu.
Nəhayət, ona konkret cavab verdim:
- Konstantin Ustinoviç, mən Qorbaçovu tapa bilmirəm.
- Demək, yaxşı axtarmırsan. Baş katib bizi gözləyir. Əgər onu tapmaq mümkün deyilsə, bizim başqa namizədimiz də var. Biz onu Brejnevə təqdim edəcəyik.
Mən son çıxış yolu kimi Stavropol diyar partiya komitəsinin ikinci katibinə zəng vurdum, xahiş etdim ki, Qorbaçovun Moskvada qalmaq ehtimalı olduğu yaxınlarının telefon nömrəsini versin. İkinci katib xahişimə olduqca konkret cavab verdi:
- Mən sizə bir neçə nömrə yox, yalnız bir nömrə verə bilərəm. Həmin nömrədə siz Qorbaçovu dəqiq tapa biləcəksiniz.
887.jpg (75 KB)
 
O mənə Mərkəzi Komitənin təbliğat şöbəsinin müdir müavini Marat Qramovun nömrəsini verdi. Qramov da vaxtilə Stavropolda işləmişdi. Mən tələsik onun bağ evinin telefon nömrəsini yığdım. Qramov dəstəyi Qorbaçova verdi. Özümdən asılı olmayaraq səsimin tonunu qaldırdım və onu təcili Mərkəzi Komitəyə çağırdım. Dəstəyi yenicə yerə qoymuşdum ki, Çernenko məni kabinetinə çağırdı:
- Daha Qorbaçovun arxasınca qaçma, biz fikrimizi dəyişəsi olacağıq.
- Konstantin Ustinoviç, 20-30 dəqiqəyə Qorbaçov yanınızda olacaq.
Çernenko əlini yelləyib, başını buladı. Yarım saatdan sonra isə o, Qorbaçovla birlikdə Brejnevin kabinetinə yollandılar və hər ikisi baş katibin kabinetindən razı halda çıxdılar. Həmin vaxt mən Qorbaçovun axtarışına vaxtında son qoysaydım, yəqin ki, Mərkəzi Komitənin katibi başqa birisi olacaqdı...”
img_1713.jpg (118 KB)
Çernenkonun vəfatından sonra Pribıikov köməkçi vəzifəsindən çıxarılıb. O, sonrakı fəaliyyətini SSRİ Nazirlər Soveti yanında fəaliyyət göstərən ədəbiyyat və nəşriyyat üzrə baş idarədə, mətbu əsərlərə senzura və kütləvi informasiya vasitələrində dövlət sirrinin qorunmasını həyata keçirən “Qlavlit”də davam etdirib.
Pribıtkov Çernenkonun vəfatından sonra onun ailəsi ilə əlaqələri kəsməyib. O, sabiq baş katibin bütün ailə problemlərinin həllində yaxından iştirak edib, qayğı və köməyini onlardan əsirgəməyib.
Viktor Pribıtkov 2020-ci ildə, 85 yaşında vəfat edib.
İlham Cəmiloğlu, Musavat.comскачать dle 12.1