Arxiv

Oxunub:387 / 22 fev 11:43sosial

Bakıdan gələn qonağa Ağcabədidə qonaqlıq: Beyləqan RİH başçısı hesabat yığıncağına belə “hazırlaşır”



Bakıdan gələn qonağa Ağcabədidə qonaqlıq: Beyləqan RİH başçısı hesabat yığıncağına belə “hazırlaşır”

Beyləqan rayon icra hakimiyyətinin başçısı Vaqif Abdullayev uzun sürən fasilədən sonra nəhayət ki, rayonda görünüb. Məlumat üçün bildirək ki, icra başçısının bir müddətdir, işə çıxmadığı və rayondakı evini boşaltdığı haqda məlumatlar dolaşır.

Ötən gün isə Vaqif Abdullayev “şeytanın qıçını qıraraq” rayona təşrif buyurub.

Savash.org-u məlumatlandıran mənbənin sözlərinə görə, icra başçısının rəhbərlik etdiyi rayonda görünməsinin səbəbi bu gün-fevralın 19-da Beyləqan RİH-də keçirilməsi planlaşdırılan 2015-ci ilin sosial-iqtisadi yekunlarına dair hesabat yığıncağında iştirakla bağlı olub.

Amma iş otağında üst-üstə bir saata yaxın müddətdə qalmağa tənəzzül edən Vaqif Abdullayev rayon ərazisini yenidən tərk edib. Mənbə bildirir ki, o günorta saatlarında hesabat yığıncağında iştirak etmək üçün Beyləqana ezam olunmuş Əflatun (soyadını dəqiqləşdirə bilmədik-red) adlı məsul şəxslə Ağcabədi rayonundakı məşhur restoranların birində “boğazlarını yaşlamağa” gediblər. Fevralın 18-də axşam saatlarına qədər icra başçısı ilə Bakıdan gələn qonağın Beyləqana qayıtmadığı bildirilir. Bu gün-fevralın 19-da, səhər saatlarında isə Beyləqan RİH-də ənənəvi hesabat yığıncağı baş tutmalıdır.

Maraqlıdır, son günlər rəhbərlik etdiyi rayondan çox paytaxt Bakıda olan Vaqif Abdullayev hesabat məruzəsində hansı “uğurlarından” bəhs edəcək.
Biz, Savash.org olaraq Beyləqan RİH başçısının bu gün edəcəyi hesabat məruzəsini maraqla gözləyirik. Məhz bundan sonra isə Vaqif Abdullayevin Beyləqan rayonunda “gördüyü işlər”in hesabatını təqdim edəcəyik.
Teref.info