Bia.Az

Akif Çovdarov Vasif Talıbov haqda hansı şok məlumatı dövlətə ötürüb? – Sensasiya

Siyasət
 1-01-2023, 13:37     184

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sabiq sədri Vasif Talıbovun istefa qərarının müzakirələrinin davam etdiyi bir vaxtda gündəmə daha bir xəbər bomba kimi düşdü: Akif Çovdarovun əlindən alınan əmlakları geri qaytarıldı. V.Talıbovun istefası nə qədər təbii idisə, Çovdarov üçün keçirilən “qaytarılma əməliyyatı”  bir o qədər gözlənilməz oldu. Lakin prosesləri diqqətlə analiz edəndə və siyasi kuluarlarda gəzən söhbətlərlə paralellər aparılanda bir çox mətləblərdən xəbər tutmaq olur.

Yenipress.az Globalinfo.az-a istinadən xəbər verir ki, dövlətin içində ciddi proseslərə start verilib və bunun dayaqları kifayət qədər möhkəmdir. Təmizləmə prosesinin V.Talıbovla yekunlaşmayacağı bəllidir və artıq müxtəlif yüksəkrütbəlilərin adı zaman-zaman hallanır. Xüsusən “Tərtər işi” ilə bağlı yekun və ciddi qərarların verilməsini Azərbaycan xalqı maraqla gözləyir və digər məsələlərdə olduğu kimi, burada da Prezident İlham Əliyevin siyasi iradəsinə sona qədər dəstəkdir.
Azərbaycanın dövlət orqanlarında öz şəbəkəsini quran “5-ci kolon”la bağlı addımların ən uc nöqtəyə – klanbaşına qədər gedəcəyi şübhəsizdir. Vasif Talıbova böyük cəza kəsib, Akif Çovdarovu əfvdən sonra da əfv etmək, yəni əmlakını qaytarmaq dövlətin böyük planının olduğuna işarədir.
Çovdarovla bağlı “maddi əfv” qərarının verilməsi Talıbovun istefası ilə təxminən eyni vaxta düşdü. Siyasi cameənin pərdəarxasında gəzən söhbətlərə görə, ehtimal ki, A.Çovdarov V.Talıbov barədə hansısa mühüm sirri, həlledici əhəmiyyətli informasiyanı dövlətə ötürüb. Qeyd edilir ki, Akif Çovdarov V.Talıbovla yaxınlıq edən, onunla gizli işlər görən xeyli sayda deputat, iş adamı və məmur haqda əlində, arxivində olduqca mühüm bilgilər olub və o bilgiləri dövlətlə paylaşıb.
Politoloq Cümşüd Nuriyev bir qədər əvvəl Globalinfo.az-a müsahibəsində Milli Məclisdə Vasif Talıbov və Ramiz Mehdiyevə sadiq 70-ə yaxın deputatın olduğunu bildirmişdi. Mümkündür ki, A.Çovdarov həmin “sadiq” adamlardan kimlərinsə adını çəkib.
A.Çovdarov azadlığa çıxdıqdan sonra evində ziyafət verir. Aprel, 2020-ci il
Akif Çovdarov uzun illər ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyində (MTN) mühüm vəzifə tutub. O, MTN-nin Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin rəisi vəzifəsində çalışıb. A.Çovdarov 2015-ci ilin dekabrın 14-də həbs edilib. 2020-ci ilin 6 aprelində Prezident İlham Əliyevin imzaladığı əfv sərəncamı ilə azadlığa buraxılıb.
Çovdarov olduqca ziddiyyətli, mübahisəli personadır. Vəzifədə olduğu müddətdə onun adı qəddar rəftarda, qanunsuz fəaliyyətdə çox hallanırdı. 2015-ci ildə Eldar Mahmudov vəzifədən çıxarıldıqdan sonra Akif Çovdarovun da qara günləri başladı. Mahmudov-Çovdarov tandeminin qanunsuz əməlləri haqda mətbuatda indiyədək bəlkə yüzlərlə məqalə dərc edilib. Bu ikilinin əl atmadığı qanunsuzluq, çıxmadıqları oyunlar qalmayıb. Öz komanda yoldaşlarını – nazirləri, komitə sədrlərini, deputatları, digər səlahiyyətli şəxsləri şantaj və hədə-qorxu yolu ilə aylıq hesaba oturdublar. Şantaja, adam oğurluğuna kimi gediblər. Bu haqda məhkəmə ifadələri, mətbuata verilmiş müsahibələr var.
Akif Çovdarovun bu qədər qanunsuz fəaliyyətinə, dövlətin reputasiyasına zərər gətirən davranışlarına rəğmən əfv edilməsinin əsas səbəbi kimi əlində olan məlumatları dövlətlə paylaşmasıdır. Onun Eldar Mahmudov və digərləri barədə bilgiləri lazımı ünvanlara ötürüb, azadlığını satın alması barədə çox yazılıb, deyilib. Deyilənə görə o məlumatlardan sonra Eldar Mahmudovun ötkəm rəftarında xeyli senmə, yumşalma olub və aidiyyatı üzrə ondan istənilən hər şeyə razılıq verib…
A.Çovdarovun indi də eyni metodla əmlaklarını əfvə saldırdığı iddia edilir. Mənbəmiz bildirir ki, A.Çovdarovda Vasif Talıbova aid olduqca sensasion, şokedici məlumatlar olub. General-mayor o məlumatları vəzifədə olanda sistemli şəkildə arxivləşdirib. Görünür, zamanı gələndə istifadə edəcəyini düşünürmüş. İndi zamanı gəlib və açıb sandığı, töküb pambığı. Akif Çovdarov bir xüsusi xidmət zabiti olaraq heç vaxt pambıqla baş kəsməyib. Onun qılıncının qəbzəsinin də kəsdiyi vaxtlarda vurduğu başa sorğu-sual olmayıb. Adı olduqca ağır cinayətlərdə, qətllərdə hallanan Çovdarov heç vaxt bu iddialara görə ittiham edilmədi. Onu 2015-ci ildə tamam başqa maddələrlə hakim önünə çıxarmışdılar.
Budur, indi o özü özünün həm hakimidir, həm prokuroru, həm də vəkili. Əslində, A.Çovdarov hazırda kimlərin barəsində istəyir, hökm verir – əlindəki ən öldürücü silahla – məlumatla gözdən və vəzifədən düşmüş keçmiş məmurların barəsində nə bilir, deyir, yazır, ötürür.
Sual oluna bilər: hazırda xüsusi xidmət orqanları Vasif Talıbov və klanı haqda məlumat əldə etməyə bu qədər acizdir? Dövlət Çovdarovun boyat məlumatlarına möhtacdır? Yox, təbii ki. Burda bir incə məqam var. Son 7 ildə Azərbaycan xüsusi xidmət orqanlarında üç rəhbər, elə o sayda komanda dəyişib. 2015-ci ildə Eldar Mahmudov işdən çıxarıldı. Onun komandası da vəzifələrdən uzaqlaşdırıldı. Xeyli sayda MTN zabiti həbs edildi. Həmin ilin dekabrında MTN-nin bazasında Dövlət Təhlükəsizlik Xidməti (DTX) yaradıldı. Xidmətin bütün rəhbər heyəti yeniləndi. DTX rəisi vəzifəsinə Mədət Quliyev gətirildi.
2019-cu ilin iyun ayının 20-də DTX-da növbəti rəhbər və komanda dəyişikliyi baş verdi. General Əli Nağıyev Dövlət Təhlükəsizlik Xidmətinin rəisi təyin edildi. Bu dəfə də rəhbər heyətdə əhəmiyyətli dəyişikliklər baş verdi. İddialara görə, bu dəyişiklər fonunda məlumat zəncirinin qırılması, sistemliliyin zədələnməsi, hətta agentura şəbəkəsi haqda informasiyalarla oynanılması mümkündür. “Köhnələr” tədbir məqsədli bəzi prosedurlar da həyata keçirə bilər.
Məsələn, xüsusi xidmət orqanlarının fəaliyyətində məlumatı məhv etmək təcrübəsi var. Vəzifəsi, səlahiyyəti olan xidmət zabiti sərəncamındakı dosyeləri, apardığı işləri istədikdə müəyyən adlar altında məhv edir. Bəzən isə bu məlumatları məhv etmək adı ilə özündə saxlayır. Vaxtı yetişəndə onları  yazımızın “qəhrəmanı” Akif Çovdarov kimi şəxsi məqsədləri üçün yararlanır.
Mənbəmiz bildirir ki, Akif Çovdarovun əlində 2015-ci ilə qədərki dövrə aid xüsusi bilgilər var (bu haqda mətbuatda da indiyədək çox yazılıb). Hansı ki, o bilgilər toplananda Vasif Talıbova, Zakir Qaralova, Xanlar Vəliyevə, Ramiz Mehdiyevə və daha neçə-neçə məmura dövlətin, Prezidentin güvəni, etimadı tam olub. Planlarının, fəaliyyətlərinin üstü açılmayıb. Ona görə də bu adamlar barədə ya xüsusi dosyelər hazırlanmayıb, ya da həmin dosyelər arxivdən götürülüb. Daha bilməyiblər ki, Akif Çovdarov kimi bir neçə ili öncədən hesablamağı bacaran hiyləgər general hamının qovluğunu hazırlayıb, rəfə atıb. İndi tozunu silib, istifadə edir.скачать dle 12.1