Arxiv

Oxunub:22 / 07 dek 07:55siyaset

Xaləddin İsgəndərova yolun sonu göründü — Yır-yığışa başlayıb



Xaləddin İsgəndərova yolun sonu göründü — Yır-yığışa başlayıb














Yaxın günlərdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı, sabiq vergilər naziri Fazil Məmmədovun kürəkəni Xaləddin İsgəndərovun da vəzifədən azad olunacağı gözlənilir.
“Ölkə.Az”-ın mötəbər mənbədən əldə etdiyi məlumata görə, icra başçısının vəzifədən azad olunması ilə bağlı proses başlayıb.

Qeyd edilir ki, 2015-ci ilin mayında Binəqədi rayonu ərazisindəki hündürmərtəbəli binada baş verən yanğın hadisəsindən sonra yenə də icra başçısı Xaləddin İsgəndərovla bağlı şikayətlərin sayı artıb.

Son vaxtlar Binəqədi rayon İcra Hakimiyyətinin fəaliyyəti yerli sakinlər tərəfindən də böyük narazılıqlarla qarşılanır. Dəfələrlə maliyyə vəsaiti ayrılmasına baxmayaraq, uzun müddətdir yararsız vəziyyətdə olan Binəqədi şosesi də insanların kütləvi narazılığına səbəb olub.

Son illər rayondakı yolların və kanalizasiya sistemlərinin bərbad vəziyyətdə olması, Binəqədi rayon İcra Hakimiyyəti tərəfindən insanlara qarşı laqeyd münasibətlər, açıq hədələmə və süründürməçilik hallarının kəskin artması nəticəsində insanların ölkə başçısına şikayətlərinin sayı da çoxalıb. Hətta, insanların narazılığı pik həddinə çatdığı üçün Binəqədi yolunu “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyəti təmir etməyə məcbur olub.
Binəqədi sakinləri ilə apardığımız söhbət zamanı da bunun bilavasitə şahidi olduq. Rayon sakinləri də icra başçısının illərlə üzünü görmədiyini söyləyirlər:

Sakinlər deyir ki, Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov yaxın qohumu olan keçmiş vergilər naziri Fazil Məmmədova (Fazil Məmmədov 5 dekabr 2017-ci il tarixində Prezident İlham Əliyevin Sərəncamı ilə tutduğu vəzifədən azad olunub – müəllif) arxalandığı üçün şikayətçiləri belə qəbul etmək istəmir.

Sakinlərin sözlərinə görə, 2015-ci ilin mayında Binəqədi rayonu ərazisindəki hündürmərtəbəli binada baş verən yanğının da əsas günahkarı Xaləddin İsgəndərovdur.

“Əgər həmin binanın üzlüyünə icra başçısı kimi Xaləddin İsgəndərov icazə verməsəydi, heç həmin faciə də baş verməzdi. Xaləddin İsgəndərov iddia edir ki, guya onun xəbəri olmadan binanı üzləyiblər. Necə yəni xəbərim olmayıb? Əgər sən icra başçısı ola-ola xəbərin olmayıbsa, deməli o vəzifəyə layiq deyilsən. Binəqədidə daş üstə daş qoyan kimi, İcra Hakimiyyətinin adamları dərhal başının üstünü kəsirlər. O boyda bina üzlənir, amma icra başçısının xəbəri olmur? Bu yalana Xaləddin İsgəndərovun özü belə inanmaz. Ona görə də həmin binanın yanmasının ən böyük günahkarı icra başçısı kimi Xaləddin İsgəndərovdur. Özü də nazir qohumu olmuş Fazil Məmmədova arxayın olduğu üçün cəzadan yan keçdi”, – deyə sakinlər qeyd edir.