Bia.Az

İran rejimi daha da qəddarlaşır - proseslərin gedişi nə vəd edir

Gündəm
 29-12-2022, 13:11     275

Asif Nərimanlı: ""Ərəb baharı"ndakı kənar müdaxilə ilə molla rejimini devirmək imkanı azdır"

İranda aylar öncə başlayan “azadlıq” aksiyaları davam edir. Paralel olaraq molla rejimi də qəddarlaşmaqdadır.
“İrandakı mövcud quruluşa hücum etmək istəyən düşmənlərimizə layiqli cavablar verilir”.
Xarici media xəbər verir ki, bu sözləri İran Prezidenti İbrahim Rəisi ölkədəki etiraz aksiyalarından bəhs edərkən deyib. O söyləyib ki, müstəmləkəçilər və böyük dövlətlər azadlıq, aldadıcı şüarlarla xalqa yoxsulluq və zillət gətirirlər. İ. Rəisi ölkədəki uğurların İranın ali rəhbəri ayətullah Seyid Əli Xameneyinin və onun başçılıq etdiyi rəhbərliyin sayəsində əldə edildiyini, çatışmazlıqların imansızlara aid olduğunu vurğulayıb.
İran Prezidenti dünyada korrupsiyanın, ədalətsizliyin və fironçuluğun hökm sürdüyünü bildirərək deyib: “Bu müharibədə şahçılar, ikiüzlülər, təkəbbürlü insanlar öz rollarını oynadılar”.
O, habelə kütləvi informasiya vasitələrini “cahilliyi təbliğ etməkdə” və “düşmən” adlandırdığı etirazçıları ittiham edib. Bu arada, İranın hökumət mollaları etirazların qarşısını almaq üçün “İslam qanunlarına əsasən” etirazçıların əl və ayaqlarının kəsilməsini tələb edib.
Hazırda İranda edam hökmlərinin icrasının sayının ötən illə müqayisədə 88 faiz artdığı bildirilir. Bu barədə İrandakı İnsan Hüquqları Müdafiə Agentliyinin illik hesabatında qeyd olunub. Təşkilatın hesabatına əsasən, 2022-ci ildə 565 nəfər barəsində ölüm hökmü çıxarılıb. Onlardan 6-nın edamı ictimaiyyətin gözü qarşısında icra olunub. Edam hökmü alanlardan 11-i qadın olmaqla, 501-nin kimliyi müəyyən edilib. Agentlik qeyd edib ki, cari ildə tələblərinin cavabsız qalması səbəbindən 31 əyalətdə qrup halında vətəndaşlar azı 3046 etiraz aksiyası keçirib. Hesabata əsasən, 2022-ci ildə fəalların və vətəndaşların həbsi ötən illə müqayisədə 13 dəfədən çox artıb. Buraya son üç ayda mülki, ideoloji və ya siyasi fəaliyyətə görə həbs edilən 23 min 977 vətəndaş da daxildir.
Görünən odur ki, İran rejimi bir müddət öncə hicab tələbinin aradan qaldıracağını, yumşalmaya gediləcəyini vəd etsə də, sonradan qəddar kursu prioritet seçib. Nədən molla rejimi geri çəkilmək əvəzinə qəddarlaşmağa cəsarət edir? Qərbdən hansısa vəd alıblarmı ki, çevriliş, inqilab olmayacaq? Ümumiyyətlə, İrandakı proseslərin sonu necə görünür hazırkı mərhələdə?
Asif Nərimanlı: "Gəncəyə terror hücumlarından iki il ötür"
Asif Nərimanlı
Siyasi şərhçi Asif Nərimanlı mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki, İran rejiminin əxlaq polisinin ləğvi, qadınların həyat tərzinə dair qaydaların yumşaldılacağına dair vədləri inandırıcı görünmürdü: “Çünki bu, öz mövcudluğunun təməl prinsiplərindən də imtina etmək olardı. O baxımdan, bu cür vədlər və informasiyalar daha çox manipulyativ gediş idi. Məqsəd etirazçılara "qələbə" qazandıqlarını göstərmək, qüvvələrini toplamaq və aksiyalarda yarana biləcək rahatlıqdan istifadə edərək daha sərt müdaxilə etməkdir. İran rejiminin əlini gücləndirən məqamlardan biri dünyanın baş verənlərə yalnız sözdə dəstək verməsi, lazımi qədər müdaxilə etməməsidir. Mövcud şərtlərdə etirazların rejimin yaxın dövrdə dəyişməsi ilə nəticələnəcəyi gözləntisi də azdır. Rejim inzibati resurslarından da kifayət qədər istifadə edə bilir və əhali arasında dini amilə dəstəkçiləri də var".
Ekspert əlavə edib ki, proseslərin sonunu proqnozlaşdırmaq mümkün deyil, çünki hər şeyi hadisələrin inkişafı müəyyənləşdirəcək: “Hələ ki proses rejimi dəyişdirəcək istiqamətdə inkişaf etmir. Rejimin dəyişməsi üçün xarici dəstək, müdaxilə də lazımdır, amma ərəb ölkələrindən fərqli olaraq, İranda rejim daha güclüdür, "ərəb baharı"ndakı kənar müdaxilə ilə molla rejimini devirmək imkanı azdır. Lakin etirazların uzunmüddətli olacağı da aydın görünür, müəyyən səngimələr olsa belə, tam başa çatmayacaq. Həlledici amillərdən biri də ordunun, yaxud təhlükəsizlik qüvvələrinin xalqın tərəfinə keçməsi ssenarisi ola bilər. İranda rejim daxilində qarşıdurmanın olması da sirr deyil. Xameneyinin qəfil ölümü də rejim daxilindəki parçalanmanı gücləndirə, etirazların nəticəsinə təsir edə bilər".
Qeyd edək ki, təkcə son bir neçə gündə Tehran, Geşmə, Yəzd, İsfahan, Məşhəd və digər şəhərlərdə “Diktatora ölüm!”, “İran azad olacaq!”, “Seyid Əli rejimi devrilməlidir!” şüarları altında mitinq və nümayişlər keçirilib.
Rusdar şəhərində (Gilan vilayəti) etirazçılar arasında qadınlar kütləvi şəkildə hicablarını yandırıb, eyni zamanda Xomeyni və Xameneyinin təsvirləri olan pankartlara “molotov kokteyli” atıblar. Həmin əyalətdə yerləşən Rəşt şəhərində nümayişçilərlə polis arasında şiddətli toqquşma olub, aksiyanın bir iştirakçısı yaralanıb. Tehranın bir neçə rayonunda vətəndaş fəal Məcidreza Rəhnavərdin edam edilməsi ilə bağlı nümayişlər keçirilib. Təbrizdə etirazçılar hökumət əleyhinə nümayiş zamanı yüksək rütbəli zabit və iki Bəsic döyüşçünün qətlində şəriklik etməkdə ittiham olunaraq edama məhkum edilmiş “Traktor”un futbolçusu Əmir Nəsir-Azadinin azadlığa buraxılmasını tələb ediblər. Bağırşəhr, Yəzd, Babolser şəhərlərində nümayişçilər Bəsiclərin qərargahını, Babolserdə də yerli administrasiyanın binasını yandırıblar. Bələdiyyənin yandırılması hakimiyyət üçün bir növ “qara ləkə”yə çevrilib. Etirazçılar həbs olunan nümayişçilərin edamları davam edərsə, İranın bütün dövlət idarələrini, o cümlədən Ali Rəhbər Əli Xameneyinin iqamətgahını yandıracaqları ilə hədələyirlər. Vətəndaş fəalı Məcidreza Rəhnavardin edam edilməsi yeni etiraz dalğasına səbəb oldu. Həbs edilən iki etirazçının edam edilməsi ilə bağlı etiraz aksiyaları Təbriz Elm və Tibb Universitetinin tələbələri tərəfindən keçirilib. Geşm, Rezavi və Məşhəd şəhərlərində gənclər tonqal yandıraraq mərkəzi küçələri bağlayıblar. Məşhəddə “Molotov kokteyli” yüksək vəzifəli dövlət məmurlarının yaşayış kompleksini yandırıb.
Bu arada, xarici medianın yazdığına görə, İslam Respublikasının beynəlxalq aləmdə təcrid olunması güclənir. Bir sıra dövlət başçıları, o cümlədən Pakistanın baş naziri Şahbaz Şərif və Venesuela Prezidenti Nikolas Maduro Tehrana səfərlərini ləğv ediblər.
Pekin və Tehran arasında İran qazının alınması ilə bağlı on il davam edən danışıqlardan sonra Səma İmperiyası mövqeyini dəyişərək Qətərdən qaz idxal etmək üçün 60 illik müqavilə bağladı. Rusiya da İran pilotsuz uçan aparatlarının istehsalı üçün zavodun tikintisi barədə də danışmağı dayandırıb.
Avropanın aparıcı dövlətlərinin rəhbərləri enerji resurslarının alınması üçün sərfəli müqavilələr bağlamaq ümidi ilə bütün dünyada axtarış etdikləri bir zamanda, İrana işgüzar təkliflə çıxış etmək heç ağıllarının ucundan belə keçirmirlər. Halbuki uzun müddət əvvəl ən böyük neft ixracatçılarından biri idi. İran əhalisi təhlükəsizlik qüvvələrinə nəqliyyat vasitələri ilə kömək edən şirkətləri müflisləşdirməkdə davam edir. Süd məhsulları və dondurma istehsal edən “Domino” şirkəti bu dəfə nümayişçilərin sanksiyaları altına düşüb. Əvvəllər Mihanın süd zavodları boykot səbəbindən bağlanmışdı. Ümumiyyətlə, etirazlar, tətillər və kütləvi boykotlar SEPAH və Ayətullah Xameneyinin monopoliyasında olan İslam Respublikasının iqtisadiyyatına ciddi zərbələr vurur.../Musavat.com/скачать dle 12.1