Bia.Az

"Qarabağda antiterror əməliyyatı keçirilə bilər" - Politoloq

Siyasət
 27-12-2022, 17:50     165

Artıq 16 gündür ki Azərbaycan ekofəalları və qeyri-hökumət təşkilatlarının (QHT) nümayəndələri Laçın-Şuşa yolunda etiraz aksiyası keçirir. Onlar, monitorinq qrupu Qızılbulaq qızıl yatağı və Dəmirli mis-molibden yatağına buraxılmayınca, aksiyanı dayandırmaq fikrində deyillər. Laçın yolu bağlı olduğundan son günlər Qarabağdakı erməni separatçıları da aksiyalara başlayıblar. Yaranmış vəziyyət bölgədə gərginliyin daha da artması, hərbi qarşıdurma və ya silahlı təxribatların baş verməsinə səbəb ola bilərmi?

Məsələ ilə bağlı politoloq Elxan Şahinoğlu Bakupost.az-a açıqlama verib. Onun sözlərinə görə, hələlik aksiya keçirilən ərazidə toqquşma olmayıb:

"Rus hərbi kontingenti anlayır ki, etirazçılarımıza qarşı güc tətbiq edilsə, Rusiya-Azərbaycan münasibətlərində gərginlik yaranacaq. Bu isə Rusiyanın təhlükəsizlik maraqlarına cavab vermir. Çünki Rusiya onsuz da Ukrayna bataqlığının içindədir. Orada işğalçı müharibə aparır. Ona görə də Azərbaycanla da münasibətləri gərginləşdirmək Rusiyaya sərfəli deyil. Bu baxımdan gərginliyin artacağını düşünmürəm. Amma erməni separatçılarından istənilən təxribatı gözləmək olar. Əgər belə bir təxribat olsa, əlbəttə ki, Azərbaycan bölgədə antiterror əməliyyatı həyata keçirmək barədə ciddi qərarlar verəcək".


Elxan Şahinoğlu bildirib ki, Azərbaycan Qarabağı tam nəzarətə götürüb suverenliyini bərpa etməlidir:

"Bizim əsas hədəfimiz odur ki, 3 ildən sonra rus hərbçiləri ölkəni tərk etsin. Amma etirazçılara qarşı inanmıram ki, ciddi bir təxribat olsun. Çünki rus hərbçıləri ordadır və erməni separatçıları məsafədə saxlayırlar. Ruslar ermənilərin aksiya keçirilən yerə yaxınlaşmağına imkan vermirlər. Ona görə də ekoloqlarımıza qarşı hər hansı təxribat ehtimalını yüksək qiymətləndirmirəm. Amma söhbət ermənilərdən gedirsə, istənilən təxribata hazır olmalıyıq".
скачать dle 12.1