Bia.Az

“TÜRKİYƏ KƏŞFİYYATI TƏKLİF EDİB Kİ, TALIBOV ÇIXARILSIN...” – “Trikotaj Fabrikində işləyəndə paltar oğurlayıb satırdı...”

Siyasət
 27-12-2022, 10:33     168

“Vasif Talıbovu İran və Rusiya ilə oyunlarına, Türkiyənin əleyhinə apardığı işlərə görə çıxarıblar”
Vasif Talıbovun Naxçıvan rəhbərliyindən uzaqlaşdırılması ictimaiyyət üçün əsas gündəm mövzularından biri olaraq qalır.
“AzPolitika.info” bu mövzunu Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu ilə müzakirə edib. 
- Sərdar bəy, nəhayət, kadr islahatları Naxçıvanı da əhatə etdi və Vasif Talıbov Ali Məclisin sədri vəzifəsindən “səhhətinə” görə istefa verdi. Naxçıvanda başlayan dəyişiklikləri necə şərh edirsiniz?
- Əvvəla, eyni adamın uzun müddət vəzifədə qalması politologiyada ciddi qüsurlardan biri kimi qiymətləndirilir. Azərbaycanda məmurlar 20-30 il hakimiyyətdə qalır və bir növ vəzifəni özəlləşdirirlər. Halbuki, konstitusiyamızıda bütün vətəndaşların hakimiyyətdə və dövlət idarəçiliyində iştirak hüququ təsbit olunub. Bir adamın 20-30 il vəzifədə qalması isə o deməkdir ki, minlərlə insan həmin vəzifəni tutmaq şansını itirir. Yəni, bir şəxsin uzun müddət məmur kimi vəzifə tutması vətəndaşların hüquqlarının pozulmasıdır.
İkincisi, uzun müddət vəzifədə qalanlar vəzifəni özəlləşdirir, hakimiyyətlə özləri arasında məsafə saxlaya bilmir, düşünürlər ki, vəzifə onların dədə-baba malıdır. Həm də uzun illər vəzifədə qalmaq məmurların bir-birilə qohumluq, biznes, korrupsiya əlaqələri qurmasına gətirib çıxarır.
Ümumiyyətlə, kadrlar təyin ediləndə onların bu vəzifələrə layiq olub-olmamasına diqqət edilməlidir. Bir çox hallarda təsadüfi adamlar vəzifə tuta bilir və vəzifə cinayətləri də bu səbəbdən yaranır. Təəssüf ki, yeni kadrların təyinatında da bəzən belə hallar müşahidə edilir.
Naxçıvana gəldikdə deyim ki, Prezident Naxçıvandakı hadisələri Azərbaycana tabe etdirib, səlahiyyətli nümayəndə vasitəsilə bu proseslərə şəxsən nəzarət etmək imkanı yaradıb. Amma ora təyin olunan şəxsin Vasif Talıbovun 30 il ərzində viran qoyduğu Naxçıvanı nə dərəcədə reabilitasiya edə biləcəyini zaman göstərəcək.
Bismark qeyd edirdi ki, pis qanunlar və yaxşı məmurlar əslində yaxşı cəmiyyət, yaxşı qanunlarla pis məmurlar isə pis cəmiyyət deməkdir. Bu baxımdan çox şey məmurların şəxsiyyətindən asılıdır.
Digər tərəfdən, əslində, Naxçıvanın Vasif Talıbova verilməsi məncə, səhv addım idi və mümkündür ki, həmin dövrün ağırlığından doğurdu. Talıbovu biz tanıyırdıq və bilirdik ki, onun heç bir qabiliyyəti yox idi. Onun yeganə üstünlüyü o idi ki, zamanında mərhum Heydər Əliyevə xidmət etmişdi, onunla müəyyən qohumluq bağı var idi. Onun bundan başqa heç bir üstünlüyü yox idi. Talıbov nəinki Naxçıvan miqyasında hansısa yüksək vəzifə, heç işlədiyi Trikotaj Fabrikində sex müdiri vəzifəsi tuta bilməmişdi.
- Deməli, Vasif Talıbovu yaxından tanıyırsınız...
- Çox yaxşı tanıyıram. Xalq hərəkatı zamanı proseslərə qoşulmadı. Trikotaj Fabrikində işləyəndə oradan paltar oğurlayıb satırdı. O vaxtdan hamı onu o cür tanıyırdı. Özü də qabiliyyətsiz adamdır, çıxışları da ortadadır, bir zamanlar rum rəqəmlərini ayırd edə bilmədiyi haqda mətbuatda yazılar gedirdi. Bütün bunlar onun qabiliyyətsiz və savadsız adam olduğunu göstərir. Sonradan da məlum oldu ki, Bakıda hüquq fakültəsini bitirib. Bu, gülməlidir. Onun ümumiyyətlə hüquqdan anlayışı yoxdur. Onun danışıqlarında və çıxışlarında indiyə qədər bircə dəfə olsun hüquq termini işlətməsinə rast gəlinməyib.
Konkret mənim onunla “salam-sağ olum” olmayıb. Sadəcə, qardaşım oğlu şəhid olmuşdu, yas mərasiminə gəlmişdi, mən də ona çox sağ ol dedim ki, başsağlığına gəlib. Bundan başqa onunla ünsiyyətim olmayıb. Amma xalq hərəkatı zamanı biz Naxçıvanda müxalifət mövqeyində idik, Heydər Əliyevlə də yola getmirdik. Vasif Talıbov da öz aləmində bizə nifrət edirdi. Amma şəxsi ünsiyyətimiz və kontaktımız olmayıb.
Digər tərəfdən, yaslara gedəndə polis uzaq məsafədən bizi izləyirdi, Naxçıvana daxil olan kimi bütün rəhbərlik bilirdi ki, mən gəlmişəm, bir-birinə xəbər verirdilər, kəndə polislər gəlirdi, kəndin mərkəzində dururdular ki, birdən mən siyasi iş apararam. Belə total nəzarət həyata keçirirdi, amma yaxına gəlmirdi. Şəxsən mənə qarşı heç vaxt kobud hərəkətə yol verməyib.
- Rəsmi açıqlama belə oldu ki, Talıbov vəzifədən səhhətinə görə gedir. Sizcə, əsl səbəb nədir?
- Məncə, bu, daha çox xarici amillərlə bağlı məsələyə oxşayır - xüsusilə, PKK və İŞİD-lə bağlı. Eləcə də Rusiya və İran məsələsi var, Azərbaycan əleyhinə iş aparıla bilərdi. Talıbovu İran və Rusiya ilə oyunlarına, Türkiyənin əleyhinə apardığı işlərə görə çıxarıblar. Yəni, siyasi səbəblərdən.
Mənim eşitdiyimə görə, Türkiyə Milli Kəşfiyyat İdarəsi (MİT) onun işdən çıxarılmasını təklif edib. Yəni, bu adamın təhlükəli olduğu, Naxçıvana rəhbər kimi qalmasının Azərbaycan-Türkiyə yaxınlaşmasına mənfi təsir edəcəyi, eləcə də İran və Rusiyanın bölgədə müəyyən oyunlar qurmasında rol alacağı qənaətinə gəlinə bilərdi. Əslində, II Qarabağ müharibəsinin sonlarında, noyabrın 9-da Naxçıvan ərazisi yaxınlığında Rusiya helikopterinin vurulması bunun əyani sübutlarından biridir.
- Düşünürsünüz ki, bu prosesdə Vasif Talıbovun hansısa formada iştirakı ola bilərdi?
- Helikopter Naxçıvan istiqamətində vurulub, bu günə qədər bilinmir ki, niyə vurulub və belə bir əmri kim verib.
İkincisi, bir dəfə Tehran televiziyası iddia etmişdi ki, guya Naxçıvandan bir qrup adam “Naxçıvanın İrana qatılması” haqda müraciət edib. Amma qəribədir ki, nə Vasif Talıbov bu haqda danışdı, nə də belə bir saxta məktubun olması təkzib olundu. Ümumiyyətlə, İlham Əliyevə və Azərbaycan dövlətinə qarşı İranın təhdidlərinə Naxçıvandan nə bir deputat, nə də bir ziyalı ağzını açıb cavab vermədi. Mən İranla qarşıdurma dövrünü nəzərdə tuturam. Bunun özü göstərir ki, İranla onların yaxşı əlaqələri olub. Bu səbəbdən də dövlətin maraqları onlar üçün ikinci dərəcəli idi.
- Dediniz ki, Talıbov son 27 ildə Naxçıvanı viran qoyub. Amma hamı deyir ki, son illərdə Naxçıvan çox gözəlləşdirilib. Siz konkret nəyi nəzərdə tutursunuz?
- Naxçıvan boşaldılıb, ona divan tutulub. Bənəniyar kəndində yüzlərlə insana işgəncə verilib. Hətta bir adamı işgəncə ilə öldürüblər. İstintaq altında ölən insanlar olub. Naxçıvanı tərk edənlər, əmlakı əlindən alınanlar olub. Yəni, 27 ildə Naxçıvanda bir ailədən başqa sanki heç kim yaşamayıb. Təsəvvür edin, orada göstəriş verilmişdi ki, insanlar iki nəfərdən artıq bir yerdə dura bilməz. Kəndlərin çayxanaları, mərkəzləri dağıdılmışdı. Naxçıvan Muxtar Respublikasında XIV-XVI əsrə aid yerli tarixi əhəmiyyətli abidələr dağıdılmışdı, süni abidələr düzəldilmişdi. Orada tariximizə böyük zərbələr vurulub. Eləcə də mədəniyyətimizə. Naxçıvanın mədəni mühiti məhv edilib. Naxçıvan hər zaman vətənpərvərlik əhvalına, ziyalılıq potensialına, mədəni mühitinə görə Azərbaycanın öndə gedən bölgələrindən olub. Bunların hamısı məhv edilib.
İş yerləri olmadı, insanlara müstəqil fəaliyyət göstərməyə imkan verilmədi. Bütün müəssisələr Talıbovun tayfasının əlinə keçdi. İnsanlar da ailələrini dolandırmaq üçün Türkiyəyə, paytaxt Bakıya və başqa yerlərə üz tutdu. Bəzi adamlar da reperssiya səbəbindən oranı tərk etdi. Bütün bunlar Naxçıvan kimi əhəmiyyətli bölgəmizin boşaldılmasına gətirib çıxardı.
Əlbəttə, Naxçıvanın boşaldılması müqavimətin azalması demək idi. Məsələn, tutaq ki, İran hansısa bəyanat verəndə onun cavabını vermək lazım gəlirdi. Amma bunu görmədik. Təbii ki, 27 ildə Naxçıvanın boşaldılması ancaq xarici düşmənlərimizə sərf edirdi.
- Siz PKK məsələsini qeyd etdiniz. Düşünürsünüz ki, Vasif Talıbovun bu qurumla da hansısa əlaqələri ola bilərdi?
- Mən düşünmürəm, Türkiyə MİT-inin bu barədə Azərbaycan tərəfinə dəfələrlə məlumat verməsi, hətta bəzi şəxslərin Naxçıvan vasitəsilə qaçırılması barədə məlumatlar var. Eləcə də onların terror hücrələrində Naxçıvanda istehsal olunan məhsullara rast gəlinib. Başqa məlumatlar da var.
Bildiyiniz kimi, Naxçıvan Türkiyədən Rusiyaya gedən əsas tranzit istiqamətlərindən biridir. PKK-çıların çoxu bu yolla Rusiyaya gedə bilərdi. Aydındır ki, PKK-nın ən böyük mərkəzlərindən biri də Rusiyadadır.
- Vasif Talıbov getdi, Naxçıvana xüsusi nümayəndə təyin olundu. Gözləntilər nədir?
- Mən indi konkret bir söz deməyə çətinlik çəkirəm, hətta düşünürəm ki, müsbət proseslər ola da, olmaya da bilər. Ora təyin olunan şəxslə bağlı da geniş məlumatım yoxdur.
İndi Naxçıvanda yeni idarəçilik həyata keçirilir. Səlahiyyətli nümayəndənin də hələ hansı işlə məşğul olacağı, hansı səlahiyyətlərinin olması mənə məlum deyil. Üstəlik, yeni kadrın necə işləyəcəyi, niyə məhz onun təyin edilməsinin səbəblərini bilmirəm. Bu təyinatın Naxçıvanda hansı müsbət dəyişikliklərə səbəb olacağını zamanla görmək və qiymətləndirmək mümkün olacaq. Amma mənim hələlik optimist fikrim yoxdur. Hər halda, ümid edək ki, Talıbovun dövründən daha yaxşı dövr olacaq.
- Siz nə təklif edirsiniz, Naxçıvanda hansı tədbirlər həyata keçirilməlidir?
- Mən heç nə təklif etmirəm. Azərbaycanda idarəetmə prinsipləri dəyişməlidir ki, müsbət nəticələr olsun. Bunu mən demirəm, siyasi nəzəriyyə deyir. Aşağı keyfiyyətli idarəetmədə yalnız pis adamlar təmsil oluna bilər. Ümid edək ki, kadr dəyişikliklərindən sonra idarəetmə prinsiplərində də dəyişikliklər yaşanacaq. Məsələn, bizdə dəfələrlə cavan kadrlar vəzifəyə gətirilib, amma bir müddət sonra məlum olub ki, bunlar da əvvəlkilər kimi yanlış işlə məşğul olublar. Məsələn, Mədəniyyət naziri, eləcə də onun birinci müavini kimi. Bunlar iki il işlədilər və məlum oldu ki, korrupsiya ilə məşğul olublar. Odur ki, idarəetmə prinsiplərinin dəyişməsi vacibdir. Ümid edək ki, təkcə kadrlar yox, idarəetmə prinsipləri də dəyişəcək./“AzPolitika.info”/
скачать dle 12.1