Bia.Az

SOS: Azərbaycanın bir neçə kəndi yerli-dibli ləğv olunub – Nazirlik rəsmisi

Cəmiyyət
 25-12-2022, 02:59     289

Havanın, dənizin, qurunun, bütövlükdə ətraf mühitin artan çirkliliyi və sui-istifadəsi bu gün aktual məsələlərdəndir. Baş verən təbii fəlakətlərin və ekoloji tarazlığın insan əli ilə pozulması bir faktdır.

Ermənistan illərdir Azərbaycanın flora və faunasını, təbii sərvətlərini bilərəkdən məhv etməklə ziyan vurur. Ərazisinin 20 faizi işğal olunmuş Azərbaycanın təbii sərvətləri sərbəst şəkildə İrana və Ermənistana daşınıb. 30 il işğal altında olan bu torpaqlar sənaye və tikintidə böyük əhəmiyyəti olan müxtəlif növ tikinti materialları, mis-qızıl yataqları ilə çox zəngindir. İşğalın sona çatmasına baxmayaraq hələ də Azərbaycanın Ağdərə şəhəri ətrafında yerləşən “Qızılbulaq” qızıl və “Dəmirli” mis-molibden yataqları qanunsuz istismar olunur.
Azərbaycan təbii sərvətlərinin qanunsuz istismarına son qoyulması üçün müvafiq dövlət qurumlarının nümayəndə heyəti dekabrın 3-də Xocalıda Rusiya sülhməramlı qüvvələrin qərargahında müzakirələr aparsalar da, bu cəhdlər nəticəsiz qalıb. O gündən monitorinq aparılmasını tələb edən ölkə ekoloqlarının, qeyri-hökumət təşkilatlarının nümayəndələrinin, fəalların və könüllülərin Xankəndi-Laçın yolunda başlatdıqları etiraz aksiyası hələ də davam edir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Geoloji Kəşfiyyat Xidmətinin idarə heyətinin sədri Əli Əliyev Teleqraf.com-a bildirib ki, Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonları zəngin mineral xammal ehtiyatlarına malikdir.
O qeyd edib ki, işğala qədərki dövrdə ölkə ərazisində 167 yataq kəşf edilib: “Bu yataqların ehtiyatları hesablanıb və dövlət balansında qeydiyyata alınıb. Bura həm filiz faydalı qazıntıları, həm yeraltı termal mineral və içməli su yataqları daxildir. Təəssüflə qeyd edim ki, işğaldan sonrakı dövrdə də ölkəmizin bir sıra dəyərli xammal ehtiyatları talançı rejim tərəfindən istismar olunur. Bu istismarada da onlara xarici şirkətlər yaxından himayədarlıq edir. Azərbaycanın çox dəyərli mineral xammal ehtiyatları Ermənistana, oradan da dünyanın digər ölkələrinə satışa çıxarılıb. Ən acınacaqlısı da odur ki, bu satışdan əldə edilən pullar daha çox regiondakı separatçı rejimin fəaliyyətini təmin etməyə istiqamətləndirilib.
44 günlük Vətən müharibəsindən sonra regiondakı faydalı qazıntı yataqları Azərbaycanın özünə qayıtdı. Birinci mərhələdə 30 il işğalda qalmış bu yataqların real vəziyyətini dəyərləndirmək üçün monitorinq və diaqnostik tədqiqatların aparılması ilə mövcud fondun yenidən qiymətləndirilməsi oldu. Bu məqsədlə Kəlbəcər, Laçın, Qubadlı, Zəngilan, Cəbrayıl, Füzuli və Ağdam rayonları ərazisində müvafiq tədqiqatlar icra edildi. 2021-2022-ci illər ərzində ilkin mərhələdə 167 yataqdan 120-nin qiymətləndirilməsin həyata keçirmişik. Monitorinqin nəticəsində 13-ü filiz, “Söyüdlü” və “Vejnəli” qızıl yataqlarına dəymiş zərər və qalıq ehtiyatlar hesablandı. Son hesablamalar başa çatandan sonra bu rəqəmlər müvafiq hüquq-mühafizə orqanlarına təqdim ediləcək. Sonda ölkəmiz Ermənistana və həmin ərazilərdə qanunsuz fəaliyyət göstərən xarici şirkətlərə təzminat davası açacaq. “Qızılbulaq” qızıl və “Dəmirli” mis-molibden, “Mehmana” mis yataqlarının da monitorinqləri başa çatdırdıqdan sonra hesablamalar yekunlaşacaq. Demək olar ki, bu işlər başa çatmaq üzrədir”.
Əli Əliyev deyir ki, rus sülhməramlılarının müvəqqəti nəzarətində olan “Qızılbulaq” qızıl və “Dəmirli” mis-molibden yataqları monitorinq nəzarətindən kənarda qalıb: “Dekabrın 3-dən Xankəndi-Laçın yolunda başlanan ekofəalların aksiyası bilavasitə adıçəkilən yataqlarının qanunsuz istismarı ilə əlaqədardır. Bu yataqlara dəymiş ziyanı hesablaya bilmirik. Bu günə qədər oradan 10 minlərlə ton mis daşınıb. Bunun bəlli bir dəyəri var. O cümlədən 54 kvadrat kilometrdən çox meşə fondu məhv edilib. Biomüxtəliflik, yeraltı və yerüstü sular dağıdılıb. Ərazidə dağ-mədən sənayesinin qurulması üçün Azərbaycanın bir neçə kəndi yerli-dibli yox olub. Həmin kəndlər birbaşa istehsal sahəsinin ərazisinə düşdüyünə görə, köçürüb ləğv ediblər. Təbii ki, 30 il ərzində bizə vurulmuş ziyan hesablanacaq və təzminat davası açılacaq.
44 günlük Vətən müharibəsində qondarma rejim həmin yataqlarda fəaliyyətini məcbur dayandırmışdı. Çünki müharibə başlayanda ermənilər Qarabağı tərk etmişdilər. Amma Azərbaycan ən müasir texniki vasitələr, o cümlədən peyk çəkilişi vasitəsilə həmin ərazidə talançılıq faktlarının dayanmadığını aşkarladı. Məlum oldu ki, ermənilər “Dəmirli” mis-molibden yatağında qanunsuz fəaliyyətinə yenidən davam edirlər. “Qızılbulaq” qızıl yatağında isə qismən fəaliyyət başlayıb.
İşğal dövründə “Qızılbulaq” qızıl yatağında istismar işləri maksimal dərəcədə aparılmışdı. Ona görə də bu yataqda ehtiyatlar demək olar ki, tükənmək üzrədir. Amma “Dəmirli” çox zəngin mis-molibden yatağıdır, ehtiyatlarının həcmi 100 min tonlarla hesablanır”.
(Peyk çəkilişi)
Müsahibimiz adıçəkilən yataqlarda qanunsuz fəaliyyət göstərən xarici şirkətlərə də diqqət çəkib: “Ermənistan beynəlxalq hüquq və normalara əhəmiyyət vermədən işğalçı və talançı fəaliyyətini davam etdirir. Rəhbərləri erməni olan “Vallex Group”un törəmə şirkəti “Base Metals”dır. Bu korporasiyasının maliyyə investoru İsveçrə vətəndaşı Vartan Sirmakesdir. Kəlbəcər, Zəngilan və Ağdərə rayonlarındakı “Söyüdlü”, “Zod”, “Vejnəli”, “Qızılbulaq”, “Dəmirli” və digər zəngin qızıl, mis, molibden yataqlarının işlənməsi və istismarına cəlb edilib.
Ermənilərin həmin yataqların ərazisini pərakəndə, plansız və qanunsuz istismar edib. Nəticədə regionun geoekoloji şəraitində neqativ hallar müşahidə olunmaqdadır. İşğaldan azad olunmuş ərazilərdə apardığımız monitorinqlərin nəticələrindən görürük ki, ərazilərin yeraltı və yerüstü çirklənməsi baş verib, təbii relyefi pozulub. Bu, İsveçrənin yerüstü dağ-mədən fəaliyyəti ilə məşğul olan “Base Metals” şirkətinin plansız və qanunsuz fəaliyyəti nəticəsində meydana gəlib”.
Əli Əliyev deyir ki, işğaldan azad olunmuş ərazilərdə yaranmış ekoloji problemin həlli üçün Azərbaycan mütəxəssislərinin monitorinqlər keçirməsinə ehtiyac var: “Beləcə real ekoloji şərait qiymətləndiriləcək, yaranmış neqativ vəziyyətin aradan qaldırılması üçün bəlli tədbirlər proqramı hazırlayıb dövlətə təqdim edilməlidir. Yaranmış problemin həlli uzun müddətlə yanaşı, çox böyük maliyyə vəsaiti də tələb edir.
“AzərGold” QSC, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndələri adıçəkilən yataqlarının ərazisində ekoloji monitorinqlərin aparılmasını zəruri sayıblar. Bu məqsədlə rus sülhməramlılarının rəhbərliyinə xüsusi müraciət edildi. Ancaq müraciət təmin olunmadığı üçün biz Xankəndi-Laçın yolunu 4 saatdan artıq bağladıq. Bundan sonra Qarabağdakı Rusiya sülhməramlı kontingentinin general-mayoru Andrey Volkovla iki dəfə görüşdük. Birinci görüş bağlanan yolda, ikinci isə Xocalı şəhərində baş tutdu. Qarşı tərəf məsələyə anlayışla yanaşdı. Monitorinq keçirilməsi üçün bir yol xəritəsinin hazırlanmasını xahiş etdilər. Qısa zamanda monitorinq tədbirləri və işin icra ardıcıllığını göstərən yol xəritəsini hazırladıq. Dekabrın 7-də hazırladığımız yol xəritəsini qarşı tərəfə təqdim etdik. Eyni zamanda göstərdik ki, monitorinqin icrası zamanı Azərbaycan vətəndaşları sayılan erməni icmasının nümayəndələrindən də istifadə edə bilərik. Onlara nə qədər sivil bir düşüncədə olduğumuzu göstərmək istədik. Bizim üçün əsas məsələ ekoloji şəraitin qiymətləndirilməsidir. Çox maraqlıdır ki, erməni icması da bu monitorinqin keçirilməsinə etirazla etmədilər.
Ancaq dekabrın 10-da hər iki yatağa etdiyimiz monitorinq yarımçıq qaldı. Separatçı rejimin bir qrup nümayəndəsi hər iki yatağın və hər iki emal fabrikinin ərazisində aksiyalarla qarşımızı kəsdilər. Təhdidlər, uzun mübahisələr... Sonra məlum oldu ki, bizim ərazilərə girişimiz mümkün deyil. Yəni qarşı tərəf düşünülmüş şəkildə bu proseslərin icra edilməsinin qarşısını almağa cəhd edirdi. Bu da onu deməyə əsas verir ki, həmin ərazilərdə hələ də intensiv istismar işləri aparılır. Qarşı tərəf “Base Metals” şirkətinin simasında həmin əraziyə girişimizi istəmədi. Çünki biz orada ciddi emalın getdiyinə şahid olacaqdıq.
Azərbaycanın ekoaktivistləri, geoloqları, fəalları və dağ-mədən sektorunda çalışan mütəxəssisləri məsələnin nə qədər ciddi olduğunun fərqindədir. Buna görə Laçın-Xankəndi yolunu təkrar bağlamalı olduq. Bu zaman tələblərimiz dəyişdi: monitorinqlərin icra edilməsi, mineral xammal dəyərlərinin qanunsuz istismarının dayandırılması və bu yataqlardan götürlən filizin, emal edilmiş mis konsentratın Ermənistana daşınmasının qarşısını almaq”.

Qurum rəsmisinin sözlərinə görə, hər gün Laçın-Xankəndi yolundan iri tonnajlı maşınlarla filiz və mis konsentratının Ermənistana daşınmasının qarşısı alınıb: “Bu aksiyanı məqsədimizə çatana qədər davam etdirəcəyik. Azərbaycan ərazisində qanunsuz istismara yol verilmir! Vətəndaşlarımız konstitusion hüquq çərçivəsində istənilən fəaliyyətlə məşğul ola bilərlər. Kimliyindən asılı olmayaraq Azərbaycanın qanunlarını heç kəs poza bilməz. Xarici şirkətlərin beynəlxalq normaları, konveksiyaları, Azərbaycan qanunlarını pozaraq ölkə ərazisindəki fəaliyyəti yolverilməzdir. Monitorinqlərdən sonra Azərbaycana dəyən zərərlər həmin dövlətlərdən və şirkətlərdən tələb olunacaq”.

Milli Məclisin deputatı Azər Badamov Teleqraf.com-a bildirib ki, Azərbaycan iqlim dəyişikliklərinə qarşı mübarizə və ekologiyanın qorunması ilə bağlı qlobal çağırışlara könüllü qoşulub.
O deyib ki, ölkəmiz 2030-cu ilə qədər istehsal olunan elektrik enerjisinin 30%-ni yaşıl enerjiyə keçirmək çağırışına, atmosferə karbon emissiyaların atılmasına qarşı mübarizəyə könüllü qoşularaq ciddi addımlar atmaqdadır: “Ölkəmizdə mütəmadi keçirilən “Hərəyə bir ağac əkək” aksiyasında milyonlarla ağac əkilib. Bundan əlavə, kökü kəsilməkdə olan heyvan növlərini artırmaq məqsədilə xaricdən gətirib milli qoruq zonalarına yeni heyvanlar buraxılıb.
İşğaldan azad olunmuş ərazilərdə ermənilərin 30 ildə törətdikləri ekosidin nəticələri aradan qadırılmaqdadır. Ermənistan torpaqlarımızı işğal etdiyi 30 ildə bu ərazilərdəki nadir ağac növləri olan meşələri qırmış, çaylarımızın təbii axınlarını süni şəkildə dəyişmiş və zərərli tullantılarla flora və faunanı məhv edib. Şəhər və kəndlərimiz boşaldılanda ərazilərdəki meşələr düşünülmüş şəkildə məhv edilib. Torpaqlarımız işğaldan azad ediləndən sonra bu əraziləri “Yaşıl zona” adlandıran ölkəmiz ermənilərin ekologiyamızı məhv edərək yaratdığı fəsadlarını aradan qaldırmağa çalışır. Belə ki, yeni meşə zolaqları salınır, çaylara yeni balıq növləri buraxılır, vəhşi təbiətin canlandırılması üçün xaricdən gətirilərək yeni heyvan növlərinin məskunlaşması aparılır”.
Azər Badamov təəssüflə qeyd edib ki, bu gün ermənilərin məskunlaşdığı Azərbaycanın suveren ərazilərində ekosid davam etdirilir: “Azərbaycanın milli mineral ehtiyatları talan edilərək Ermənistana daşınır, bacardıqları qədər ekologiyamızı məhv etməkdə davam etdirilir. Rus sülhməramlıların məsuliyyət zonasında olan ermənilərin yaşadıqları bu ərazilər ekoloji terror yuvası olaraq qalır. Amma Azərbaycanın ekoaktivistləri və cəmiyyətin fəalları ermənilərin ekologiyamızı düşünülmüş şəkildə qarət edərək məhv etməsini görərək səssiz qala bilməzdi. Ona görə də dekabrın 3-dən ekoaktivistlər və cəmiyyətin nümayəndələri Laçın-Xankəndi yolunda davamlı aksiya keçirərək təbiətin qorunması ilə bağlı şüarlar səsləndirir, torpaqlarımızda erməni ekoterroruna son qoyulmasını tələb edirlər.
“Qızılbulaq” qızıl və “Dəmirli” mis-molibden yataqları Ermənistan və xarici şirkətlər tərəfindən qanunsuz istismar olunur. Bu ərazilərin monitorinqi nəzarətdən kənarda qalıb. Ekoaktivistlər bu tələblərini qəbul etdirənə qədər aksiyalarını davam etdirməkdə israrlıdırlar.
Hər birimizin içində olan Vətən sevgisi və vətənpərvərlik ruhu soyuğa, iqlimin sərtliyinə baxmayaraq gecə-gündüz aksiyanın davam etdirməyə ruhlandırır. Aksiyaçılarımızın tələbi onu göstərir ki, doğma torpaqlarımızda cinayətlərin törədilməsinə biganə qala bilmirik. Bu torpaqlar ermənilərin olmadığı üçün talayır, məhv edir və bacardıqları qədər ziyan vurmaqda davam edirlər. Aksiyalar ekomonitorinq aparılana qədər davam edəcək”.
Deputat vurğulayıb ki, Qərbin ikili standartlarının digər bariz nümunəsi özünü ekoloji terrorda da göstərib: “Maraqlı məqam odur ki, ağız dolu ekologiyanın qorunmasından danışan Qərb, Azərbaycan ərazilərinə münasibətə yenə də ikili standartlardan çıxış edərək ekosit törətməkdə davam edən ermənilərə güldən ağır söz demir. Təəssüf ki, Qərb ancaq Azərbaycana məsləhət verməklə işini bitmiş hesab edir. Görünür Azərbaycana kənar məsləhətlərin lazım olmadığını yaddan çıxarıblar.
Ekologiyanı qorumaq hamının borcudur. Laçın yolunda aksiya keçirən mülkü insanların yeganə istəyi erməni özbaşınalıqlarına son qoymaqdır. Aksiyaçılarımız Ermənistanın yalan informasiya üzərində qurulmuş təbliğat maşının dediyi kimi, Laçın yolunu blokadaya almağı düşünmürlər. Onlar mülkü insanların, humanitar məqsədli hərəkətlərin davam etdirilməsinə mane olmurlar. Oradan qanunsuz yüklərin, separatçılar üçün silah-sursatın, təlimçilərin, o cümlədən təbii ehtiyatların daşınmasına icazə verilmir. Bu, həm də Azərbaycanın regionda davamlı sülhü dəstəklədiyinin nümayişidir.
Ermənistan anlamalıdır ki, ermənilərin məskunlaşıb yaşadıqları Qarabağ əraziləri Azərbaycanın suveren torpaqlarıdır. Bu ərazilərdə ediləcək hər bir hərəkət Azərbaycanın qanunlarına uyğun olmalıdır. O cümlədən dövlət qurumları da istənilən vaxtı bu ərazilərdə monitorinqlər keçirməli və mövcud vəziyyəti dəyərləndirə bilməlidirlər”.
Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə “ekologiya və ətraf mühitin mühafizəsi” istiqaməti üzrə hazırlanıb.


Müəllif: Yeganə Oqtayqızıскачать dle 12.1