Bia.Az

Pənah Hüseyn: “Bu qanunun konsepsiyası xeyli dərəcədə qadağanedicidir”

Siyasət
 20-12-2022, 13:35     190

“Siyasi partiyalar haqqında” qanunun Prezident tərəfindən imzalanmayıb bəzi düzəlişlər edilməsi üçün Milli Məclisə qaytarılmasının tərəfdarlarından biri mənəm.

Bu barədə Musavat.com-a açıqlamasında Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn bildirib.

AXP sədri bu mövqedə olmasının səbəbini belə izah edib ki, xüsusən ikinci oxunuşdan sonra bir sıra mühüm texniki xarakterli dəyişikliklər edilsə də, bu qanunun mahiyyəti, konsepsiyası xeyli dərəcədə qadağanedicidir və siyasi partiyaları dövlətin qeyri-adekvat nəzarəti altında saxlayan müddəalar orada saxlanıb.
Pənah Hüseynin sözlərinə görə, prinsip etibarilə hansısa bir müqavilə öhdəliyi yoxdur ki, qanun layihələri mütləq Venesiya Komissiyasına göndərilməlidir və rəy alınmalıdır: “Venesiya Komissiyası 2010-cu ildə “Siyasi partiyalar haqqında” qanuna əlavə və dəyişikliklər barədə qanun layihəsinə mənfi rəy vermişdi. Nəticədə həmin qanun layihəsinin müzakirəsi saxlanmışdı. Bu dəfə isə məlum olan odur ki, qanun layihəsi rəy üçün ümumiyyətlə Venesiya Komissiyasına göndərilməyib. Prinsip etibarilə hansısa bir müqavilə öhdəliyi yoxdur ki, qanun layihələri mütləq Venesiya Komissiyasına göndərilməlidir və rəy alınmalıdır. Amma siyasi xarakterli qanun layihələrinə müsbət rəyin olması ölkənin maraqları üçün lazımdır. Mənim fikrimcə, “Siyasi partiyalar haqqında” qanuna Venesiya Komissiyasının rəyindən daha artıq və vacib olan Azərbaycanın özünün siyasi qüvvələrinin, siyasi partiyalarının rəyləridir. Dinləmələr zamanı heç də siyasi proseslərdə axırıncı rolu oynamayan bir sıra partiyalar tənqidi xarakterli münasibətlərini bildirdilər, təkliflər verdilər. Mən AXP sədri olaraq təklifimizi irəli sürdüm. Təxminən 7-8 partiya mənfi rəyini ifadə etmişdi. Bunlar da nəzərə alınmalıdır. Qanun nə dərəcədə çoxpartiyalılıq prinsipinə və siyasi plüralizmə xidmət edir buna önəm verilməlidir. Hər bir qanun qəbul ediləndən sonra ona əlavə və dəyişikliklərin edilməsi ehtimalları qalır”.скачать dle 12.1