Arxiv

Oxunub:349 / 15 noy 12:34sosial, gundem

Nəsiminin icra başçısı “MTN şəbəkəsi”nin məşhur adamına pilot layihə etibar edib



Nəsiminin icra başçısı “MTN şəbəkəsi”nin məşhur adamına pilot layihə etibar edib














VƏTƏNDAŞLAR DƏLƏDUZLUĞA GÖRƏ HƏBS EDİLƏN YAVƏR QURBANOVA ETİBAR ETMİR

Son zamanlar paytaxtın müxtəlif ünvalarında yaşayış üçün istismar dövrünü başa vuran beşmərtəbəli binaların sökülməsi prosesinə başlanılıb. Pilot layihə adı ilə gercəkləşən bu prosesdə isə bir sıra qalmaqallar, narazılıqlar ortaya çıxır. İnsanların faktiki yaşadığı binalardan zorla köçürülmə halları qarşıdurmalarla nəticələnir.

Belə ki, vətəndaşlar binanın sökülərək, yerində yenisini inşa edəcək şirkətin müqaviləsini qəbul etmir. Buna səbəb isə təklif edilən müqavilənin qarşılıqlı razılaşmadan daha çox şirkətin maraqlarına xidmət etməsidir.

Gununsesi.info-ya Nəsimi rayonu, Azadlıq prospekti 80 ünvanında yerləşən beşmərtəbəli binalarda yaşayan vətəndaşların müraciəti daxil olub.
Vətəndaşların müraciətinə səbəb isə ərazidə tikinti aparacaq “Fədək” MMC adlı şirkətin rəhbərliyi barəsində olan faktlardır. Belə ki, tikintini aparan Yavər Qurbanov adlı iş adamının köhnə dələduzluq əməllərinin üzə çıxması sakinlərin haqlı narahatlığına səbəb olub. Sakinlər bildirir ki, Yavər Qurbanov bir müddət əvvəl dələduzluq əməlinə görə cinayət məsuliyyətinə cəlb olunub. Onun barəsində məhkəmə hökmü də var. İndi belə bir şəxsin gəlib insanları köçürməsi və onlara mənzillər vəd etməsinə inan yoxdur.

Nəsiminin icra başçısı “MTN şəbəkəsi”nin məşhur adamına pilot layihə etibar edib

Maraqlıdır ki, Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov üzərində dələduzluq maddəsi olan birinə niyə bu prosesi həvalə edib. Gununsesi.info-nun araşdırması zamanı bəlli olub ki, 2009-cu ildə Daxili İşlər Nazirliyinin yaydığı məlumata əsasən “Fədək” MMC-nin təsisçisi olan Yavər Qurbanov “Eyfel” MMC-nin direktoru vəzifəsində çalışarkən saxta sənəd tərtib etməklə yeni inşa edilən çoxmərtəbəli binadan Rasif Sultanov adlı şəxsə mənzil satıb. Bu dələduzluq faktı ilə bağlı Yasamal Rayon Polis İdarəsinə şikayət ərizəsi təqdim edilib. Ərizə əsasında cinayət işi qaldırılıb və Qurbanov həbs edilib. Yavər Qurbanovun direktoru olduğu həmin “Eyfel” MMC Bakı metrosunun “Nizami” stansiyasının yaxınlığında çoxmərtəbəli yaşayış binasının inşasını həyata keçirib. Mətbuatda yer alan xəbərlərə görə o, həmçinin sabiq MTN şefi Eldar Mahmudovun xüsusi agenti, hazırda beynəlxalq axtarışda olan “Akula Akif”lə birlikdə 2010-cu ildə “ZAZ” MTK adlı digər tikinti şirkəti də təsis etmişdi.

Göründüyü kimi, hazırda Azadlıq prospekti 80 ünvanındakı binanı yaşayış ola-ola sökən şirkətin təsisçisinin imici sakinlərin ona etibar etməməkdə heç də haqsız olmadığını göstərir. Gununsesi.info-nun araşdırması zamanı Yavər Qurbanovun “MTN işi”nə görə axtarışda olan “Akula Akif“ ləqəbli Akif Mustafayevlə də iş birliyinin olması üzə çıxıb. Belə ki, Eldar Mahmudovun ölkədə “at oynatdığı” dönəmdə Yavər Qurbanov MTN-nin dəstəyi altında bir sıra qanunsuzluqlara imza atıb. O, törətdiyi dələduzluq əməlinə görə 10 ildən artıq azadlıqdan məhrumetmə cəzasına məhkum olunmalı halda MTN-nin dəstəyi ilə cəmi 8 aylıq cəza ilə canını qutara bilib.

Qeyd edək ki, başqa bir mənbəmiz Yavər Qurbanovun baş nazirin sabiq birinci müavini Abbas Abbasovla da yaxın münasibətindən bəhs edir.
Mövzuya qayıdacağıq.
Gununsesi.info