Bia.Az

Bayram gəlir, amma bayram əhvalı gəlmir: - “Məmuru da saxlayan bizik”

Sosial
 15-12-2022, 14:12     241

Yeni ilin gəlməsinə sayılı günlər qalsa da, artıq Azərbaycanın hotellərində yer tapmaq mümkün deyil. Qiymətlərin əl yandıran olmasına baxmayaraq, hər kəs yeni ilini xüsusi qarşılamaq istəyir.

Maraqlısı budur ki, bütün il boyu qiymətləri münasib olan hotellər yeni il öncəsi qiymətlərini ən azı 2 dəfə bahalaşdırır.

Mütəxəssislərin fikrincə, bu tələbin artması ilə bağlıdır. Bazar iqtisadiyyatına görə, tələb artdığı zaman təklif dəyərlənir. BİA.AZ-ın məlumatına görə, “Azad İstehlakçılar” Birliyinin sədri Eyyub Hüseynov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, hotellərin qiyməti ilə bağlı vəziyyətin çətinləşdiyini müşahidə edir. Onun sözlərinə görə, bununla bağlı təşkilata müxtəlif şikayətlər daxil olur.

“Bu günlərdə bizə bir müraciət edilmişdi. Turizm həvəskarı olan şəxs deyirdi ki, adi gündə bir günlük qiyməti 200-300 manata olan hotellər bayramqabağı bir günlük qiyməti 1000 manata qaldırıb.

Bu sahədə böyük problemlər yaşanır. Sanki Azərbaycan əhalisi iki qrupa bölünüb. Bir hissəsi həvəskar olsa da, istəkləri ürəyində qalır, “xəyal-plov” yeyir. Bəziləri isə imkan tapır və bu xidmətdən istifadə edir. Şübhəsiz ki, qiymətlərin artmasına səbəb tələbin təklifi üstələməsi məsələsidir. Bu zaman prosses yüksək qiymət və keyfiyyətsiz xidmətlə müşahidə olunur. Dünən “Köhnə Azərbaycan sənətkarlığının yaşanmasının tərəfdarı” olan bir şəxs kimi ayaqqabı ustalarının yanında idim. Mən həmişə onlara dəstək verirəm ki, bu sənət yaşasın. Bir ayaqqabı gətirdilər, 5 min Euro-ya alınıb. Onu azca təmir etdirmək 150 manata başa gəldi. Ayaqqabı ustası ilə xeyli söhbət etdim. Deyir ki, bura əl çantası və ya ayaqqabıya minlərlə dollar pul xərcləyən şəxslər də gəlir. Bu cür qeyri-adi bir təbəqələşmə məni çox narahat edir. Görünür həmin təbəqənin adamlarıdır ki, qiymətin yüksəlməsi üçün şərait yaradırlar. Demirəm ki, onların hüququ yoxdur yüksək qiymətli hotellərdən istifadə etsinlər. Lakin, bunun fonunda digər istehlakçıların əlçatanlığı zəifləyir. Məhz bu səbəbdən də, orta səviyyəli hotellər şəbəkəsi də olmalıdır ki, ora da gedə bilənlər dincəlsin. Hazırda ölkəmizdə bu sahədə problem var. Xüsusən, bayramlarda bu məsələ daha da qabarır”,- deyə o əlavə edib. Ekspert hesab edir ki, quru sərhədlərin bağlı olması, təyyarə biletlərinin həddindən artıq bahalaşması əslində Azərbaycanda yerli turizmin inkişafına kömək etməlidir.İnsanların istirahətə əlçatanlığı yaxşılaşmalı idi. Hazırda isə bunun əksini müşahidə edirik.

E.Hüseynov hesab edir ki, bütün baş verənlərin səbəbi ölkədə istehlakçı hüquqlarını qoruyan qanunda olan boşluqlardır. Qanun 1995-ci ildə qəbul olunub. Sonradan edilən 5 dəyişiklik isə istehlakçının zərərinədir.

“Qanuna vacib dəyişikliklərin labüdlüyü, istehlakçı hüquqlarını qoruyan qanunlar kompleksinin dəyişdirilməsi və buna nəzarət edən dövlət orqanlarının effektiv işləməsi haqda Parlamentdə, Kommisiyaların iclaslarında, Ombusman Aparatında, İqtisadiyyat Nazirliyində çıxışlar etmişəm. Heç kəs bu qanuna əl vurmaq istəmir. “Hər şey biznes üçün” şüarı ilə irəliləyirlər. Lakin dərk olunmalıdır ki, biznesi də, ordunu da, məmuru da saxlayan biz istehlakçılarıq”,- deyən ekspert hesab edir ki, biznes qurumları Azərbaycan hökümətinin onlar üçün yaratdığı bu şəraitdən, real yoxlamaların olmamasından istifadə edirlər. Qiymətləri qaldırmaq bir kənara, eyni zamanda təklif etdikləri xidmətlər də keyfiyyətsizdir.

“Bu sahədə vəziyyət dəyişməlidir. Hər bir istehlakçının turizm xidmətinə, hotel xidmətinə əlçatanlığı təmin olunmalıdır. Bunun üçün hökumət müvafiq işlər aparmalıdır. Ən əsası istehlakçıların hüquqlarının müdafiəsi haqqında qanun dəyişməlidir”-deyə o bildirib.

P.S. Amma gəlin, etiraf edək ki, nə qədər yazsaq da, nə qədər danışsaq da, Azərbaycanda istehlakçıların hüquqları qorunmur. Bunu biz təkcə hotellərin qiymətinin hansısa zaman kəsiyində artması ilə deyil, digər sahələrdə də müşahidə edirik. Təəssüf ki, qanun “ağa” ancaq öz biznesinin hüququnu müdafiə edir.
скачать dle 12.1