Bia.Az

BAXMUT: “ƏT MAŞINI”, “CƏHƏNNƏM”, “STALİNQRAD”... – Türk mənşəli Ukrayna şəhəri uğrunda ölüm-dirim savaşı

Gündəm
 15-12-2022, 13:38     342

Müharibəyə qədər Ukraynanın şərqində, Donetsk vilayətində yerləşən bu şəhərdə 80 minə yaxın əhali yaşayıb. Rusiya işğalçı ordusu bu ilin iyun ayında - öz gücünün demək olar, pik vaxtlarında ələ keçirdiyi Severodonetsk və Lisiçansk şəhərlərindən sonra həmin şəhərləri əsas platsdarm kimi istifadə etməklə, Baxmut, Seversk, Kramatorsk və Slavyansk şəhərlərinin işğalını qarşısına əsas məqsəd olaraq qoydu.

Lakin həmin vaxtdan keçən 6 ay ərzində rus ordusu sözügedən ərazidə bəzi istiqamətlərdə bir-iki kilometr, bəzilərində bir neçə yüz metr irəliləyə bilib. Əvəzində, Ukrayna Ordusunun Xarkov vilayətində həyata keçirdiyi uğurlu əks-hücumdan sonra İzyum və Liman şəhərlərinin azad olunması nəticəsində rus ordusunun yuxarıda qeyd etdiyimiz şəhərləri operativ mühasirəyə alması, onlara xüsusilə də şimaldan hücum etməsi mümkünsüz oldu. Nəticədə bütün qüvvələr Baxmut istiqamətinə atıldı.
Bəs, nədən Baxmut bu qədər vacibdir, nədən onun uğrunda bu qədər qanlı, böyük canlı qüvvə itkiləri və silah-sursat məsrəfləri ilə müşayiət olunan ağır döyüşlər gedir?
Şahidlər və şəhərdən reportajlar hazırlayan hərbi jurnalistlər artıq Baxmutun şəhər kimi demək olar, mövcud olmadığını bildirirlər. 80 minlik əhalidən şəhərdə 5-7 min insanın qaldığı bildirilir ki, bunların da böyük əksəriyyəti heç yerə gedə bilməyən yaşlı insanlardır. İyul ayından şəhərin böyük hissəsinə işıq, qaz, su demək olar ki, verilmir. Rusiyanın artilleriya zərbələri nəticəsində Baxmutda salamat bina qalmayıb. Onun uğrunda gedən döyüşlərin şiddəti isə mətbuatda və sosial şəbəkələrdə “ət maşını”, “cəhənnəm”, “Stalinqrad” kimi ifadələrlə əks etdirilir. Hazırda Kremlin təbliğatçıları şəhərin az qala bütünlüklə işğal olunduğunu iddia etsələr də, müstəqil mənbələr rus ordusunun bəzi bölmələrinin yalnız Baxmutun kənarındakı dağılmış zavodlardan birinin ərazisində möhkəmlənməyə çalışdığını xəbər verirlər. Bunun üçün rus ordusunun verdiyi itkilərinsə sayı-hesabı yoxdur. Şəhəri müfadiə edən ukraynalı hərbçilər bildirirlər ki, Baxmutun həndəvərində gedən döyüşlərdə rusiyalılar gün ərzində 10 dəfədən artıq hücum cəhdi edirlər. Hər dəfə bu hücumların qarşısı alınır və düşmən çoxsaylı canlı qüvvə itkisi verərək geri çəkilir. Buna baxmayaraq, rusiyalı döyüşçülər öz silah yoldaşlarının həlak olmuş və döyüş meydanında qalmış meyitlərinin üstündən keçərək, hücum etməyə çalışırlar. Lakin onlar da eyni taleyi yaşayırlar.
Məsələn, Donbasdakı separatçı hərəkatın yaradıcılarından olan və terrorçu kimi beynəlxalq axtarışa verilən İqor Strelkov Baxmut üzərinə birbaşa hücumun doğru olmadığını, onu cinahlardan keçərək, mühasirəyə almağın gərəkdiyini deyib. Lakin bunu da etmək asan deyil. Ukrayna Ordusu bütün cəbhə xətti boyu güclü istehkamlar yaradıb.

Ukraynanın tanınmış hərbi ekspertlərindən olan Roman Svitan deyib ki, Rusiyanın bütün təzyiqlərinə rəğmən Ukrayna Ordusu Baxmutu tərk etməməlidir və böyük ehtimalla tərk etməyəcək də. Çünki bu şəhərdəki dağılmış binalar özü-özlüyündə hərbi istehkamlara çevrilib ki, onların da hər birini almaq üçün rus ordusu böyük itkilər verməli olacaq. Ukrayna Ordusu hələ Mariupolda şəhər döyüşləri aparmağı bacardığını sübut edib. Odur ki, bu ərazidə rus ordusunun bütün hücum potensialı israf edilə bilər.

Hazırda Baxmut ətrafında 30-35 minlik Rusiya hərbi qruplaşması döyüşür ki, onun da əhəmiyyətli hissəsini “Vaqner” döyüşçüləri təşkil edir. Ümumiyyətlə, bu istiqamət daha çox “Vaqner”-in başçısı, Putinin şəxsi aşpazı kimi tanınan Yevgeni Priqojin tərəfindən kurasiya edilir. Çoxları hesab edir ki, bu şəhərin belə ağır itkilər hesabına da olsa işğal edilməsi cəhdləri daha çox onun adıyla bağlıdır. Belə ki, Priqojin Baxmutu, nəhayət, ələ keçirməklə “Vaqner”-in və özünün nə qədər “uğurlu və vacib” subyekt olduğunu isbat etmək istəyir. Putinə isə Baxmutun ələ keçirilməsi ard-arda ağır məğlubiyyətlərdən sonra hansısa kiçik də olsa qələbə görüntüsü yaratmaq üçün lazımdır. Yəni ki, Baxmut Rusiyanı idarə edənlər üçün daha çox hərbi yox, siyasi hədəfdir. Əslində isə 300 minlik Xersondan qaçıb, 70 minlik Baxmut uğrunda ölüm-dirim savaşı aparmaq, yumşaq desək, bir qədər məntiqsiz görünür... 
Əksər ekspertlərin fikrincə, sırf hərbi əhəmiyyəti baxımından Baxmut şəhəri onun uğrunda sərf edilən canlı qüvvə və silah-sursat itkisinə dəymir. Buradan avtomobil yolları keçsə də, şəhər əhəmiyyətli dəmir yolu qovşağı deyil və logistika baxımından da hər hansı bir böyük strateji əhəmiyyət daşımır. Doğrudur, rus ordusuna həm də Slavyanska və Kramatorska hücum etmək üçün Baxmutu ələ keçirməsi lazımdır. Lakin “dünyanın ikinci ordusu” indiki durumunda sözügedən şəhərləri işğal etməkdən daha çox Ukraynanın gözlənilən əks-hücumundan müdafiə olunmaq barədə düşünməlidir. Rusiyalı hərbi ekspertlər də hazırda rus ordusunun strateji müdafiə vəziyyətinə keçdiyini bildirirlər və bunun fonunda Baxmut istiqamətində durmadan ordunun olan-qalan potensialının məhv edilməsi məqsədəuyğun deyil. Ukrayna Ordusu bu şəhəri tərk etsə də, bunu həlledici itki hesab etmək olmaz. Ancaq əvəzində, Baxmut Rusiya ordusu üçün canlı qüvvə və hərbi texnikanı, mərmiləri, silah-sursatı “udan” böyük bir qara dəliyə çevrilib. Burada Ukrayna tərəfinin də itkiləri çoxdur. Lakin bu itkilər öz miqyasına görə heç cür Rusiya tərəfinin itkilərilə müqayisə oluna bilməz. Ona görə də ukraynalı ekspertlər Baxmutdan çıxmağı məqsədəuyğun saymırlar və şəhərin rus ordusunun “üyüdülməsi” üçün əlverişli mövqe olduğunu bildirirlər. Belə ki, burada rus qoşunları ilişib qalarkən və öz hücum potensialını “əridərkən”, Ukrayna Ordusu üçün digər istiqamətlərdə - məsələn, Zaporojye istiqamətində əks-hücuma keçmək imkanı yaranır. 
ABŞ Müharibə Araşdırmaları İnstitutu da Baxmut ətrafındakı vəziyəti təhlil edərkən, Rusiya ordu rəhbərliyinin Severodonetsk və Lisiçansk döyüşlərindən nəticə çıxarmadığını, verilən itkilərin Baxmutun hərbi əhəmiyyəti ilə müqayisəyə gəlməyəcək dərəcədə böyük olduğunu bəyan edib. Beləliklə, Baxmut Ukraynanın məhv edilən, az qala yer üzündən silinmiş şəhərləri sırasına daxil omaqdadır. Bir zamanlar normal, dinc həyatın hökm sürdüyü Baxmutun adıyla bağlı müxtəlif versiyalar var. Şəhərin adı buradan keçən Baxmut çayının adıyla eynidir. Bir çox mənbələr Baxmut adının tatar-türk mənşəli olduğunu bildirirlər və Mahmud, yaxud Məhəmməd adından götürüldüyünü qeyd edirlər. Belə ki, orta əsrlərdə bu ərazilərin tatar-türk idarəçiliyində olduğuna dair tarixi məlumatlar var.
Ukraynada sovet hakimiyyəti qurulandan sonra şəhərin adı dəyişdirilərək, sovet inqilabçılarının birinin şərəfinə Artyomovsk adlandırılıb. Ukrayna müstəqillik qazanandan bir müddət sonra şəhərə əvvəlki adı qaytarılıb. İndi isə Rusiya rəsmi orqanları və KİV-ləri yenə şəhərin adını Artyomovsk kimi qeyd edirlər. Lakin Ukrayna xalqı, ordusu Baxmutu sona qədər qorumaqda israrlıdır və bütün şəhərləri kimi onun da işğalıyla barışmayacağını, gec-tez bütün torpaqlarını azad edəcəyini bəyan edir. Odur ki, hər necə olsa, Baxmut da Baxmut olaraq qalacaq və işğalçılar onu Artyomovsk edə bilməyəcəklər.../“AzPolitika.info/скачать dle 12.1