Bia.Az

Bir güllə atmadan Xankəndiyə doğru: "sarsaq"lar 72 saat dözmədi

Siyasət
 15-12-2022, 13:02     170

Geoloji Kəşfiyyat Agentliyinin İdarə Heyətinin sədri Əli Əliyevin REAL TV-yə müsahibəsini izlədim. Bəzilərinin iddia etdiyi kimi, Qızılbulaq və Dəmirli yataqlarında monitorinq aparılması məsələsi yeni ortaya çıxmayıb, dövlətimiz torpaqların azad olunmasından sonra bu işlə məşğul imiş. Əli Əliyev söylədi ki, 2021-ci ildə də sözügedən əraziyə baxış keçirib və ötən bir ildə erməni separatçıları talançılığı daha yüksək sürətlə davam etdirirmişlər, bu mənada daha təsirli tədbirlər görmək zərurəti yaranıb.

Qızıl, mis-molibden mədənləri ilə bağlı müzakirələrə, aparılan olduqca vacib prosesə dodaq büzənlərin diqqətinə çatdıraq ki, Qızılbulaq yatağı 18 ildir erməni quldurlar tərəfindən istismar olunur, Dəmirli yatağı isə 10 ilə yaxındır talanır. Burdan əldə olunan pulların bir hissəsi separaçı-terrorçu rejim təmsilçilərinin cibinə gedirsə, digər hissəsi qanunsuz rejimin mövcudluğuna xərclənir. Yəni bu yataqlar faktiki olaraq erməni separatizmi, terrorizmi üçün donor mənbəyinə çevrilib, “sağlam inək” funksiyasını yerinə yetirir. Ermənistan özü artıq iflas vəziyyətindədir, erməni diasporundan da əvvəlki kimi pul gəlmir, deməli, erməni separatçılarının maliyyə qaynağı Azərbaycanın yeraltı-yerüstü sərvətləridir. Onların bu sərvətlərdən məhrum edilməsi çox vacib məsələdir, təqribən “tısbağanı ya öldür, ya da arxası üsrtə çevir” misalındakı kimi...Ruben Vardanyanın Qarabağ iştahının arxasındakı əsas məsələ də məhz burdakı qiymətli filizlərdən qazanacağı pullar idi. Təsadüfi deyil ki, Rubenin Qarabağa gəlişindən, avqust ayından sonra yataqların talanması prosesi sürət götürüb. Milyarder erməni tyalamaya, daşımaya pul qoyub ki, pul götürsün. Yoxsa 30 il ərzində “sarsaq” rejim yadına düşmədi, indi onun Qarabağdakı haylara sevgisi baş qaldırdı?
Qayıdaq Əli Əliyevin dediklərinə. Hörmətli mütəxəssis deyir ki, dekabrın ilk günlərində sülhməramlı kontingentin rəhbərliyi ilə aparılan danışıqlar müsbət sonluqla bitib. Rusiya sülhməramlıları da, “erməni icması”nın nümayəndələri də anlayışla qarşılayıb. Razılaşmaya uyğun olaraq 10 dekabrda yol xəritəsinə uyğun hərəkətə edərək, sülhməramlıların müşayiəti ilə monitorinq üçün hərəkət ediblər. Lakin Qızılbulaq yatağının qarşısında yolu ermənilər kəsib. Heyət Dəmirli yatağına yetişəndə baxıblar ki, Qızılbulaqdakı erməni separatçılar bu yatağın girişində peyda olub. Sülhməramlılar isə heç bir müdaxilə etməyib.
Bu yerdə qeyd edək ki, separatçıların nümayəndəsi Vitaliy Balasanyan da keçirilən danışıqlarda iştirak etmişdi və heç bir etiraz-filan olmamışdı. Sonradan Balasanyanın monitorinq əleyhinə mətbuatda dahər hansı açıqlamasına rast gəlmədik. Və o gündən bəri həm Volkov yoxa çıxıb, həm də Balasanyan. Yəni monitorinqin keçirilməsi ilə bağlı danışıqların iştirakçıları, şərti olaraq hər iki tərəfin nümayəndə və rəhbərləri.
Şuşa-Laçın yolunda artıq 4-cü gündür sivil aksiya keçirən ekofəallarımız, vətəndaş cəmiyyəti təmsilçiləri, media nümayəndələri və digər insanlarımızın Volkovu tələb etməsinə bu günədək rəsmi reaksiya verilməyib. Aksiya yerinə gəlib, monitorinq aparılmasına inkan yaradacağına verdiyi vədin nə səbəbə icrasına şərait yaratmadığı sualına cavab verməli olan Volkov həmin ünvana səsgücləndiricilər yollayıb. Əslində bu səsgücləndiricilər monitorinq aparmağa yollanan heyətin yolunu kəsən erməni separatçıların qarşısına aparılmalı, heç olmasa meqafonla onlara dağılışmaq üçün çağırış edilməli idi.
Rusiya Müdafiə Nazirliyinin son açıqlamasında da iddia olunur ki, Azərbaycan və Ermənistanla Laçın yolunun açılması istiqamətində danışıqlar aparılır. Yolu ağır texnika, kran və yük maşınları ilə kəsən Rusiya hərbi kontingenti, danışıqlar Azərbaycan və ya Ermənistanla (bu da növbəti absurd) aparılır?! Azərbaycan Prezident köməkçisi səviyyəsində bəyan edib ki, Laçın yolu Rusiya sülhməramlı kontingenti tərəfindən bağlanıb. Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev diplomatik korpusun nümayəndələri ilə görüşündə Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələrinin talan edilmiş təbii sərvətlərin qanunsuz daşınmasının qarşısını almağa çalışdıqlarını, mülki təyinatlı digər nəqliyyat vasitələrinin hərəkəti məsələlərinə qarışmadıqlarını deyib. Azərbaycan XİN isə hətta Qarabağdakı ermənilərə humanitar yardım etməyə hazır olduğunu elan edib, bütün olub-keçənlərə rəğmən.
Görünən budur ki, Ruben Vardanyan separatçılara rəhbərliyi tam şəkildə əlinə alıb, “”hərbi rejim”in şərtlərini diqtə edir, hər gün yeni açıqlamalar verir, “əhali”ni təşvişə düşməməyə çağırır, üstəlik, “xəstə”ləri də Qarabağdan kənara buraxmayacağını qəti şəkildə bildirib. Yəni “ölün, öldüyünüz yerdə!” Dünənə qədər Rusiya hərbi kontingentinə Qarabağda ermənilər onların özlərinin mövcudluğu üçün lazım idisə, bu gün Vardanyan da ermənilərə öz maraqları prizmasından baxır. Şübhə yoxdur ki, Rusiya hərbi kontingenti yolu təşviş içərisində olan və artıq bu vəziyyətdən bezən ermənilərin “xəstə” adı altında Xankəndidən qaçacaqlarını bildiyi üçün bağlayıb, məhz “Rusiyanın Xankəndidəki canişini” Vardanyanın tapşırığı ilə. Vardanyanın cinayət ortağı Volkovun yoxa çıxmasında da Vardanyanın barmağı olmamış deyil. Həmçinin Vardanyanın əsas rəqibi Balasanyanın gözdən itməsində.
İstənilən halda proses Azərbaycanın maraqlarına uyğun gedir və inşallah qələbə ilə bitəcək. Ermənilər arasında parçalanma hökm sürür, həm Ermənistanda, həm də Qarabağda. Ümidsiz, çarəsiz halda qalıblar, əllərində kanistr, yanacaq növbəsinə düzülüblər. Yekə-yekə “dövlət” olduqlarını iddia edən “sarsaq”lılar 72 saat dözmədilər...Hər gün ermənilərə xitabən “panikaya uymayın” çağırışları edilsə də, xeyri yoxdur. Dünənə qədər evlərini satışa qoyan ermənilər indi canlarını qurtarmağın yollarını arayırlar, ilk növbədə cinayətkar Vardanyan-Arutyunyan rejimindən...
Azərbaycan Xankəndiyə doğru BİR GÜLLƏ ATILMADAN əzmlə irəliləyir!
İnşallah bayrağımız Xanın yurdunda dalağalanacaq!

Elşad PAŞASOYскачать dle 12.1