Bia.Az

Türkmənbaşı sammitində çıxış, razılaşmalar

Siyasət
 14-12-2022, 20:19     169

Dekabrın 14-ü Türkmənistanın Türkmənbaşı şəhərində Azərbaycan prezidenti İlham Əliyev, Türkiyə prezidenti Rəcəb Teyyub Ərdoğan və Türkmənistan prezidenti Sərdar Berdiməhəmmədovun məhdud tərkibdə görüşü keçirilib, ardınca dövlət başçıları geniş tərkibdə bir araya gəliblər.

AZƏRTAC xəbər verir ki, İlham Əliyev çıxışında deyib: “Azərbaycan, Türkiyə və Türkmənistan etnik, dini-mədəni köklər və ortaq mənəvi dəyərlərlə sıx bağlıdır. Biz xalqlarımızın zəngin tarixi-mədəni irsi və bəşər sivilizasiyasına verdiyi böyük töhfələrlə qürur duyuruq.
Azərbaycanın həm Türkiyə, həm də Türkmənistanla siyasi əlaqələri yüksək səviyyədədir. Türkiyə ilə keçən il imzaladığımız Şuşa bəyannaməsi münasibətlərimizi strateji müttəfiqlik səviyyəsinə çatdırıb. 2017-ci ildə Azərbaycanla Türkmənistan arasında strateji tərəfdaşlıq haqqında bəyannamə imzalanıb.
Ölkələrimiz beynəlxalq təşkilatlar, o cümlədən BMT, İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı, ATƏT və digər təsisatlar çərçivəsində bir-birinə qarşılıqlı dəstək göstərir və əməkdaşlıq edir.
Tarixi bağlar üzərində qurulmuş münasibətlərimiz ölkələrimiz arasında iqtisadiyyat, ticarət, nəqliyyat-logistika və digər sahələrdə əməkdaşlığın inkişafı üçün imkanlar yaradır. 2022-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanın Türkiyə ilə ticarət dövriyyəsi 45 faiz, Türkmənistanla ticarət dövriyyəsi 5 dəfə artıb.
Azərbaycan, Türkiyə və Türkmənistan nəqliyyat-logistika sahəsində böyük uğurlara imza atıb. Hər üç ölkədə bu sahəyə qoyulan sərmayələr yeni, müasir infrastrukturun yaradılmasına xidmət edir.
Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin fəal iştirakçısıdır və öz ərazisində dəmir yolu, avtomobil nəqliyyatı və hava nəqliyyatı ilə bağlı olan bütün əsas layihələri icra edib, önəmli tranzit ölkəsinə çevrilib. 2022-ci ilin 10 ayında Azərbaycan ərazisindən keçən ümumi tranzit daşımalarının həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 80 faizdən çox artıb.
Hazırda Zəngəzur dəhlizinin açılması ilə fəal məşğuluq. Zəngəzur dəhlizinin Azərbaycan ərazisindən keçən hissəsində aparılan işlərin dəmir yolu xətti üzrə 40 faizi, avtomobil yolu üzrə 70 faizi icra olunub. Bütün işlər 2024-cü ildə tamamlanacaq və nəticədə yeni nəqliyyat dəhlizi yaranacaq.
Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ildə 15 milyon ton yükaşırma qabiliyyətinə malikdir və bu həcmin 25 milyon tona çatdırılması üçün vəsaitin ayrılması nəzərdə tutulur.
Keçən il Xəzər dənizi sahilində yerləşən Ələt Azad İqtisadi Zonasının təməli qoyuldu və orada artıq ilk rezidentlər yerləşir. Türkiyədən və Türkmənistandan olan şirkətləri bu zonanın imkanlarından faydalanmağa dəvət edirik.
2017-ci ildə Bakı-Tbilisi-Qars dəmir yolunun açılışını etdik. Bu layihəyə əlavə 100 milyon dollardan çox sərmayə qoyulacaq və onun ötürücülük qabiliyyəti hazırkı 1 milyondan 5 milyon tona çatdırılacaq.
Azərbaycan 50-dən çox yük gəmisi ilə Xəzər dənizində ən böyük ticarət donanmasına malikdir. 2013-cü ildə istismara verilmiş Bakı Gəmiqayırma Zavodu hazırda tam gücü ilə işləyir. Bu zavodda istənilən növ gəmilər inşa edilə bilər.
Azərbaycan 18 yük təyyarəsi ilə regionumuzda ən böyük mülki hava yük donanmalarından birinə malikdir. Növbəti 10 il ərzində yük donanmamıza daha 9 təyyarənin əlavə edilməsi nəzərdə tutulub. Hazırda Azərbaycanda 8 beynəlxalq hava limanı fəaliyyət göstərir. 9-cu beynəlxalq hava limanının 2024-cü ildə Laçında açılması nəzərdə tutulub”.
Dövlət başçısı əlavə edib ki, dünyada yeni çağırışlar və təhdidlər var, bu səbəbdən üç ölkə arasında təhlükəsizlik, müdafiə, müdafiə sənayesi kimi sahələrdə də əməkdaşlığın genişləndirilməsi böyük önəm daşıyır.
Geniş tərkibdə görüşdən sonra Azərbaycan-Türkiyə-Türkmənistan sənədləri imzalanıb: birgə bəyanat; “Ticari-iqtisadi əməkdaşlıq haqqında hökumətlərarası saziş”;“2023-2025-ci illər üzrə elm, təhsil və mədəniyyət sahələrində əməkdaşlığa dair hökumətlərarası çərçivə proqramı”; “Gömrük əməkdaşlığına dair birgə məşvərət komissiyasının yaradılması haqqında qarşılıqlı anlaşmaya dair hökumətlərarası memorandum”; “Energetika sahəsində əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı qarşılıqlı anlaşmaya dair qurumlararası memorandum”; “Nəqliyyat sahəsində əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı qarşılıqlı anlaşmaya dair qurumlararası memorandum”.
İlham Əliyevin Rəcəb Teyyub Ərdoğanla görüş keçirdiyi də xəbər verilir.скачать dle 12.1