Bia.Az

Milli Məclisdə oturanların 60 %-i alim imiş... - SİYAHI

Siyasət
 14-12-2022, 11:33     198

Milli Məclisin deputatları içərisində akademik təhsil alaraq elmi dərəcəyə sahib olanların sayı kifayət qədər çoxdur. Onların içərisində deputatlıqla yanaşı elmi fəaliyyətini davam etdirənlər də var.

DİA.AZ Bizim.Media-ya istinadla xəbər verir ki, VI çağırış üzrə Milli Məclisdə mandat qazanmış deputatlardan 65 nəfərin elmi dərəcəsi var.

Həmin millət vəkillərinin siyahısını təqdim edirik:

1. Mahir Abbaszadə - Bakı Dövlət Universitetinin İqtisadi nəzəriyyə fakültəsini bitirib. İqtisad elmləri üzrə fəlsəfə doktorudur. 2 monoqrafiya, 21 elmi məqalə və 6 elmi tezis müəllifidir.

2. Fəzail Ağamalı - Azərbaycan Dövlət Universitetinin (BDU) Tarix fakültəsini bitirib. Tarix elmləri doktoru, professordur. «Şöhrət» ordeni ilə təltif edilmişdir. 4 monoqrafiya, 1 dərslik və 50-dən çox elmi məqalənin müəllifidir.

3. Ülviyyə Ağayeva - Azərbaycan Dillər Universitetinin Filologiya fakültəsini, eləcə də Dilşünaslıq ixtisası üzrə magistr pilləsini bitirib. Filologiya üzrə fəlsəfə doktorudur. 1 monoqrafiyanın, 100-dən çox elmi-publisistik məqalənin müəllifidir.

4. Novruzəli Aslanov - Azərbaycan Politexnik İnstitutunun Avtomatika və elektron-hesablayıcı texnika fakültəsini bitirib. Beynəlxalq Ekologiya-Energetika Akademiyasının fəlsəfə doktorudur. 11 kitabın, yüzlərcə musiqi əsərinin müəllifidir.

5. Vüqar Bayramov - Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə-kredit fakültəsini və Vaşinqton Universitetinin İqtisadiyyat fakültəsini bitirib. İqtisad elmləri üzrə fəlsəfə doktorudur. 37 elmi məqalənin müəllifidir.

6. Nizami Cəfərov - Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsini bitirib. Filologiya elmləri doktoru, professordur. Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, əməkdar elm xadimidir. 50-dən çox kitabın, onlarca məqalənin müəllifidir.

7. Tamam Cəfərova - Moskva Dövlət Universitetinin Tarix fakültəsini bitirib. Tarix üzrə fəlsəfə doktorudur. Elmi məqalələr və metodiki tədris vəsaitlərinin müəllifidir.

8. Məzahir Əfəndiyev - Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Dövlət və bələdiyyə idarəetməsi fakültəsinin bakalavr pilləsini, eləcə də Təhsilin təşkili və idarə edilməsi ixtisası üzrə magistr pilləsini bitirib. Davamlı inkişafın idarə edilməsi üzrə fəlsəfə doktorudur.

9. Adil Əliyev - Leninqrad Ali Hərbi Dənizçilik Akademiyasının Mühəndis-şturman fakültəsini, Azərbaycan Polis Akademiyasını və BDU-nun magistraturasını bitirib. Hüquq üzrə fəlsəfə doktorudur. 1 monoqrafiyanın müəllifidir.

10. Bəxtiyar Əliyev - Moskva Dövlət Universitetinin Psixologiya fakültəsini bitirib. Psixologiya elmləri doktoru, professordur. Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvüdür. 15 monoqrafiya və dərsliyin, 225 elmi məqalə və məruzə tezislərinin müəllifidir. Elmi rəhbərliyi ilə 42 nəfər elmlər doktoru və fəlsəfə doktoru hazırlanıb.

11. Etibar Əliyev - Azərbaycan Dövlət Universitetinin Fizika fakültəsini bitirib. Fəlsəfə üzrə fəlsəfə doktorudur. 7 kitabın və 30-dan çox elmi məqalənin müəllifidir.

12. Jalə Əliyeva - Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsini bitirib, daha sonra həmin universitetin Hüquq fakültəsində ikinci ali təhsil alıb. Filologiya elmləri doktoru, professordur. Türk dili və ədəbiyyatı üzrə mütəxəssisdir. 5 monoqrafiyanın, 2 dərs vəsaitinin və 120 elmi məqalənin müəllifidir.

13. Kamilə Əliyeva - Azərbaycan Dövlət Universitetinin Biologiya fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. Biologiya elmləri doktoru, professordur. 110 elmi əsər, 6 dərslik və dərs vəsaitinin müəllifidir.

14. Əziz Ələkbərov - Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsini bitirib. Filologiya üzrə fəlsəfə doktoru, dosentdir. 45-dən çox kitabın və 100-dən artıq elmi məqalənin müəllifidir.

15. Əhliman Əmiraslanov - Azərbaycan Dövlət Tibb İnstitutunun Müalicə-profilaktika fakültəsini fərqlənmə diplomu ilə bitirib. Tibb elmləri doktoru, professordur. Azərbaycan Milli Elmlər Akademiyasının və Polşa Tibb Elmləri Akademiyasının həqiqi üzvü, Rusiya Elmlər Akademiyasının və Rusiya Təbiət Elmləri Akademiyasının xarici üzvüdür. 500-dək elmi əsərin, o cümlədən 18 monoqrafiyanın, 31 dərsliyin və dərs vəsaitinin müəllifidir. 16 ixtirası və səmərələşdirmə təklifi vardır. Onun rəhbərliyi altında 48 nəfər elmlər və fəlsəfə doktoru hazırlanıb.

16. Ziyafət Əsgərov - Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsini bitirib. Hüquq üzrə fəlsəfə doktoru, professordur.

17. Cavanşir Feyziyev - Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun Fransız və ingilis dilləri üzrə tərcümə fakültəsini bitirib. Fəlsəfə üzrə fəlsəfə doktorudur. 8 monoqrafiyanın, 70-dən çox elmi məqalənin müəllifidir.

18. Sevinc Fətəliyeva - Azərbaycan Dillər Universitetinin Tərcümə fakültəsini bitirib. Filologiya üzrə fəlsəfə doktoru, dosentdir. 80-dən çox məqalə, tezis və metodik vəsaitin müəllifidir.

19. Emin Hacıyev - Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq iqtisadi münasibətlər fakültəsini, Rusiya Xarici İşlər Nazirliyi yanında Diplomatiya Akademiyasını bitirib. İqtisad elmləri üzrə fəlsəfə doktorudur.

20. Əli Hüseynli - Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirib. Hüquq üzrə fəlsəfə doktorudur.

21. Rafael Hüseynov - Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsini bitirib. Filologiya elmləri doktoru, professordur. Azərbaycan Milli Elmlər Akademiyasının, Oksford Akademiya İttifaqının həqiqi üzvüdür. Əməkdar incəsənət xadimidir. Azərbaycan Yazıçılar Birliyi İdarə Heyətinin və Teatr Xadimləri İttifaqının üzvüdür. 84 kitab, monoqrafiya və dərsliyin, 562 elmi araşdırmanın, 700-dən çox publisistik məqalənin müəllifidir.

22. Hicran Hüseynova - Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsini bitirib. Siyasi elmlər doktoru, tarix üzrə fəlsəfə doktoru, professordur. 20-dən çox monoqrafiya, dərslik və elmi məqalənin müəllifidir.

23. Sevinc Hüseynova - Saratov Dövlət Universitetinin Tarix fakültəsini bitirib. Tarix üzrə fəlsəfə doktorudur. 1 monoqrafiya və 8 məqalənin müəllifidir.

24. İsa Həbibbəyli - Azərbaycan Dövlət Pedaqoji İnstitutu Naxçıvan filialının Dil-ədəbiyyat fakültəsini bitirib. Filologiya elmləri doktoru, professordur. Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvüdür, əməkdar elm xadimidir. Müxtəlif dillərdə çap olunmuş 40-dan çox kitabın, 1000-dən artıq elmi məqalənin müəllifidir.

25. Naqif Həmzəyev - Bakı Dövlət Universitetinin Tarix fakültəsinin bakalavr pilləsini, eləcə də Yaxın və Orta Şərqin tarixi ixtisası üzrə magistr pilləsini, Türkiyənin Fırat Universitetinin Sosial Elmlər İnstitutunun doktoranturasını bitirib. Tarix üzrə fəlsəfə doktorudur. 2 kitabın müəllifidir.

26. Nurlan Həsənov - Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin bakalavr pilləsini və Almaniyanın Bremen Universitetinin Hüquq fakültəsinin Alman hüququ və müqayisəli hüquq ixtisası üzrə magistr pilləsini bitirib. Bremen Universitetinin Hüquq fakültəsində doktorluq elmi işi müdafiə edərək hüquq doktoru (Dr. jur) elmi dərəcəsi almışdır. 2 kitabın müəllifidir.

27. Fəzail İbrahimli - Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Tarix fakültəsində təhsil alıb. Tarix elmləri doktoru, professordur. «Şöhrət» ordeni ilə təltif edilmişdir. 100-dək elmi əsərin, o cümlədən bir neçə monoqrafiya, dərslik və dərs vəsaitinin müəllifidir.

28. Eldar İbrahimov - Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu və Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunda təhsil alıb. İqtisad elmləri doktoru, professordur. 7 kitabın və 27 elmi məqalənin müəllifidir.

29. Məlahət İbrahimqızı - Azərbaycan Dövlət Tibb İnstitutunun Pediatriya fakültəsini və Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirib. Harvard Universitetinin Kennedi Proqramının İctimai səhiyyə, Qadın və hakimiyyət kurslarında təhsil alıb. Tarix üzrə fəlsəfə doktorudur. Qadın hüquqlarına dair 5 kitabın müəllifidir.

30. Anar İsgəndərov - Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsini bitirib. Tarix elmləri doktoru, professordur. 20 monoqrafiya, 8 dərs vəsaiti və 260-dan çox elmi məqalənin müəllifidir.

31. Pərvin Kərimzadə - Bakı Dövlət Universitetinin Tarix fakültəsini bitirib. Tarix üzrə fəlsəfə doktoru, dosentdir. Əməkdar müəllimdir. 3 monoqrafiya, dərs vəsaiti və metodik vəsaitin, Azərbaycanda və xarici ölkələrdə dərc edilmiş 100-dək elmi məqalənin müəllifidir.

32. Sahibə Qafarova - Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutunun Rus dili və ədəbiyyatı fakültəsini, Azərbaycan Dillər Universitetinin İngilis filologiyası fakültəsini bitirib. Filologiya elmləri doktoru, professor, əməkdar müəllimdir. Bir neçə dərsliyin, dərs vəsaitinin, monoqrafiyanın və elmi məqalələrin müəllifidir.

33. Musa Qasımlı - Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsini fərqlənmə diplomu ilə bitirib. Tarix elmləri doktoru, professordur. Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvüdür. ABŞ-da Orta Şərq Araşdırmaları Mərkəzinin, Türkiyədə Turan Strateji Araşdırma Mərkəzinin, Orta Asiya və Qafqaz Araşdırmaları Mərkəzinin üzvüdür. Azərbaycanda və xarici ölkələrdə 10 dildə nəşr edilmiş 47 kitab və 190-dan çox elmi məqalənin müəllifidir.

34. Azay Quliyev - Bakı Dövlət Universitetinin Tarix fakültəsini bitirib. Türkiyə və Orta Şərq Dövlət İdarəçilik İnstitutunda «Beynəlxalq dövlət idarəçilik proqramı» üzrə təhsil alıb. Siyasi elmlər üzrə fəlsəfə doktorudur.

35. Eldar Quliyev - Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun Ticarətin iqtisadiyyatı fakültəsini bitirib. İqtisad elmləri doktoru, professordur. Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının, Avropa Təbiət Elmləri Akademiyasının, İtaliya Beynəlxalq İqtisadi və Sosial Elmlər Akademiyasının, Vatikan Bonifasian Akademiyasının həqiqi üzvüdür. Roma şəhərinin fəxri alimidir. 10-dan çox dərslik və monoqraqfiyanın, 100-dən artıq elmi məqalənin müəllifidir.

36. Musa Quliyev - Azərbaycan Dövlət Tibb İnstitutunun Müalicə-profilaktika fakültəsini və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Dövlət və bələdiyyə idarəetməsi fakültəsini bitirib. Tibb üzrə fəlsəfə doktorudur. 18 kitabın və 150-dən çox məqalənin müəllifidir.

37. Rüfət Quliyev - Kiyev Dövlət Universitetinin İqtisadiyyat fakültəsini bitirib. İqtisad elmləri doktoru, professordur. Azərbaycanda və xarici ölkələrdə nəşr edilmiş 300-dək elmi əsər və məqalənin müəllifidir.

38. Sadiq Qurbanov - Bakı Dövlət Universitetinin Mexanikariyaziyyat və Hüquq fakültələrini, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Dövlət və bələdiyyə idarəetməsi fakültəsini bitirib. Texnika üzrə fəlsəfə doktorudur. 2 kitabın həmmüəllifi, 10-dan çox elmi məqalənin müəllifidir.

39. Elşad Mirbəşiroğlu - Bakı Dövlət Universitetinin Sosial elmlər və psixologiya fakültəsinin Politologiya ixtisası üzrə bakalavr və magistr pillələrini bitirib. Siyasi elmlər doktorudur. 3 monoqrafiya, 1 dərslik, 6 tədris proqramı və 60-dan çox elmi məqalənin müəllifidir.

40. Rəşad Mahmudov - Türkiyə Respublikasında 9 Eylül Universitetini və Ege Universitetini bitirmişdir. Əməkdar həkimdir. Tibb elmləri doktorudur. 20-yə qədər beynəlxalq konfransın təşkilatçısı, Azərbaycanda və xarici ölkələrdə nəşr edilmiş 3 kitabın, 80-ə yaxın elmi məruzə və məqalənin müəllifidir.

41. Tahir Mirkişili - Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq iqtisadi münasibətlər fakültəsini bitirib. Oksford Universitetində «İqtisadiyyat və siyasət» xüsusi proqramı üzrə təhsil alıb. İqtisad elmləri üzrə fəlsəfə doktorudur. 1 monoqrafiya və 9 elmi məqalənin müəllifidir.

42. Aydın Mirzəzadə - Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun İnşaat fakültəsini və Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunu bitirib. Siyasi elmlər üzrə fəlsəfə doktoru, dosentdir. 13 kitabın, o cümlədən 1 dərsliyin müəllifidir.

43. Səttar Möhbalıyev - Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun Mühasibat uçotu fakültəsini bitirib. İqtisad elmləri doktoru, professordur. Rusiya Sosial Elmlər Akademiyasının və Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının həqiqi üzvüdür. Bir sıra kitabların müəllifidir.

44. Asim Mollazadə - Azərbaycan Dövlət Tibb İnstitutunun Müalicə-profilaktika fakültəsini bitirib. Tibb elmləri doktorudur. Bir sıra dərslik və elmi məqalələrin müəllifidir. Bir neçə ixtirası var.

45. Rasim Musabəyov - Azərbaycan Dövlət Neft və Kimya İnstitutunun Avtomatika və telemexanika fakültəsini bitirib. Fəlsəfə üzrə fəlsəfə doktoru, politologiya üzrə dosentdir. 300-dən çox kitab, kitabça və elmi məqalənin müəllifidir.

46. Fazil Mustafa - Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsini bitirib. Fəlsəfə üzrə fəlsəfə doktorudur. 1 monoqrafiyanın, 24 kitabın və onlarca elmi məqalənin müəllifidir.

47. Bəhruz Məhərrəmov - Bakı Dövlət Universitetinin Jurnalistika və Hüquq fakültələrini bitirib. Hüquq üzrə fəlsəfə doktoru, dosentdir. 1 monqorafiya, 3 kitab, 7 tədris proqramı və 30-dan çox elmi məqalənin müəllifidir.

48. Ceyhun Məmmədov - Liviya Ərəb Sosialist Xalq Cəmahiriyyəsinin Beynəlxalq İslama Dəvət Kollecini və Xəzər Universitetinin Humanitar fənlər fakültəsini bitirib. İlahiyyat üzrə fəlsəfə doktorudur. 2 kitabın müəllifidir.

49. Hikmət Məmmədov - Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunun Politologiya fakültəsini və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Dövlət və bələdiyyə idarəetməsi fakültəsini bitirib. Siyasi elmlər doktoru, professordur. 75-dən çox elmi əsər, 4 dərslik, 4 monoqrafiya və 3 kitabın, yüzlərcə məqalənin müəllifidir.

50. İqbal Məmmədov - Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun Mühasibat uçotu və təsərrüfat fəaliyyətinin təhlili fakültəsini bitirib. İqtisad elmləri üzrə fəlsəfə doktorudur.

51. Soltan Məmmədov - Azərbaycan Dövlət Neft Akademiyasının İstehsalat proseslərinin avtomatlaşdırılması fakültəsini və Xəzər Universitetinin İctimai səhiyyənin idarə edilməsi fakültəsini bitirib. Texnika üzrə fəlsəfə doktorudur.

52. Əli Məsimli - Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun Siyasi iqtisad fakültəsini bitirib. İqtisad elmləri üzrə fəlsəfə doktorudur. İqtisadiyyatın aktual problemlərinə dair 1300-dən çox məqalə, elmi-nəzəri araşdırma, elmi-kütləvi çalışma, təhlil, açıqlama, müsahibə, çıxış və şərhlərin müəllifi, 3 kitabın və 1 broşürün həmmüəllifidir. Tədqiqatlarının nəticələri bir sıra xarici ölkələrdə nəşr edilib.

53. Aqiyə Naxçıvanlı - Azərbaycan Pedaqoji Dillər İnstitutunun Rus dili və ədəbiyyatı fakültəsini və Bakı Ali Partiya Məktəbini bitirib. Fəlsəfə üzrə fəlsəfə doktoru, siyasi elmlər doktoru, professordur. Əməkdar müəllimdir. 3 monoqrafiya, 8 kitab və 100-dən çox elmi məqalənin müəllifidir.

54. Siyavuş Novruzov - Bakı Dövlət Universitetinin Hüquq fakültəsini və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Dövlət və bələdiyyə idarəetməsi fakültəsini bitirib. Hüquq üzrə fəlsəfə doktorudur.

55. Elman Nəsirov - Bakı Dövlət Universitetinin Tarix fakültəsini bitirib. Siyasi elmlər doktoru, professordur. 9 kitab, 100-dən çox elmi məqalə və 6 tədris-metodik vəsaitin müəllifidir.

56. Qənirə Paşayeva - Azərbaycan Dövlət Tibb Universitetinin Pediatriya fakültəsini və Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq fakültəsini bitirib. Siyasi elmlər üzrə fəlsəfə doktoru, professordur. 20-dən artıq elmi, publisistik kitabın, romanın, yüzlərcə məqalənin müəllifidir.

57. Cavanşir Paşazadə - Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının Kənd təsərrüfatının iqtisadiyyatı və təşkili fakültəsini bitirib. Fəlsəfə doktorudur.

58. Sabir Rüstəmxanlı - Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirib. Filologiya üzrə fəlsəfə doktorudur. Azərbaycanda və xaricdə nəşr edilmiş 60-dan çox kitabın müəllifidir.

59. Tahir Rzayev - Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsini və Bakı Ali Partiya Məktəbini bitirib. Filologiya üzrə fəlsəfə doktorudur. 21 kitabın və elmi məqalələrin müəllifidir.

60. Əliabbas Salahzadə - Azərbaycan Beynəlxalq Universitetində təhsil alıb, Azərbaycan Milli Aviasiya Akademiyasının Beynəlxalq hüquq fakültəsini bitirib. Hüquq üzrə fəlsəfə doktorudur.

61. Səməd Seyidov - Leninqrad Dövlət Universitetinin Psixologiya fakültəsini fərqlənmə diplomu ilə bitirib. Psixologiya elmləri doktoru, professordur. 150-dən çox elmi əsər, dərs vəsaiti, monoqrafiya və kitabın müəllifidir.

62. Nizami Səfərov - Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsini bitirmişdir. Moskva Dövlət Universitetinin Hüquq fakültəsinin aspiranturasında və Rusiya Xarici İşlər Nazirliyi Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun doktoranturasında təhsil alıb. Xarici ölkələrdə nəşr edilmiş 5 monoqrafiya və 120 elmi məqalənin müəllifidir.

63. Ziyad Səmədzadə - Azərbaycan Dövlət Universitetinin İqtisadiyyat fakültəsini bitirmişdir. İqtisad elmləri doktoru, professordur. Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvüdür. Beynəlxalq Menecment Akademiyasının, Beynəlxalq Şərq Neft Akademiyasının akademikidir. 500-ə qədər elmi əsərin, çoxsaylı monoqrafiya və məqalələrin müəllifidir.

64. Fatma Yıldırım - Bakı Dövlət Universitetinin Fizika fakültəsini bitirib. Fizika-riyaziyyat üzrə fəlsəfə doktorudur.

65. İltizam Yusifov - Moskva Energetika İnstitutunun Avtomatika və telemexanika fakültəsini bitirib. Texnika üzrə fəlsəfə doktorudur.
скачать dle 12.1