Bia.Az

Samuxun oliqraxı Şəmistan Yusifov "suyun qabağını kəsən div" kimidir - NARAZILIQ VAR!

Bölgə
 13-12-2022, 11:57     1 084

"Samuxun Sərkar kəndində bələdiyyə sədri Şəmistan Yusifov özünü oliqarx kimi aparır.

Təsəvvür edin ki, kənddə hər şey ona məxsusdur. Əkin sahələri, iaşə obyektləri, fermalar - bir sözlə, gözlə görüləsi nə varsa, Şəmistan bəyin "mülkiyyətində"dir. Bütün mülklərini hələ bələdiyyə sədri olmamışdan çox əvvəl, bizneslə məşğul olan vaxtlarda əldə etdiyini iddi edən bu cənab, indi də "estafeti oğluna ötürüb". Dədəsindən qalanları da oğlu qamarlamaqla məşğuldur.

Bundan başqa, Şəmistan Yusifovun ailə üzvlərindən, qohum əqrəbasından başqa kimsə dövlətin verdiyi imtiyazlardan yararlana bilmir. Sanki, hər şey bunlar üçünmüş.

Bütün kənd sakinləri, eləcə də mən ondan çox narazıyıq. Əlacı şikayət etməkdə gördük, üz tutmadığımız adam, döymədiyimiz qapı qalmayıb. Heyhat... kimdir bizim dərdimizə yanıb, gün ağlayan?

Bütün bunları "DogruXeber.az"a Sərkar kəndinin narazı sakinlərindən biri olan Anar Məmmədov danışıb.

Anar bəy əlavə olaraq, bildirir ki, "Aztəminatlı ailə olduğuma görə iki il bundan əvvəl mənə işləyib, ailəmi dolandırmaq üçün bələdiyyə torpaqlarından 1.09 ha torpaq ayrılıb. Həmin torpaqda yonca əkmişəm. Torpaqdan daha yaxşı və səmərəli istifadə etməyim üçün dövlətin ayırdığı subsidiyadan və güzəştlərdən istifadə etmək istəyirəm. Fəqət... div suyun qabağını kəsən kimi, Şəmistan bəy də güzəştlərin qarşısında Çin səddinə dönüb. Verilən torpağın sənədlərini qəti şəkildə mənə vermir ki, vermir. Bu səddi aşmaqda zorluq çəkdiyim üçün də üz tutdum Bakıya. Bir neçə qapı döydükdən, dərdimi danışdıqdan sonra Prezident Aparatının qəbul şöbəsində Müşfiq adlı əməkdaş məni əmin etdi ki, "sən narahat olma, qayıt rayona. Rayon İcrahakmiyyətinin başçısı Alı Qocayev bütün problemləri yoluna qoyacaq". Rayona qayıdandan sonra Alı Qocayev məni qəbul etdi və elə ordaca Şəmistan Yusifova göstəriş verdi ki, "Get, məsələni həll elə və vətəndaşın əkin-biçinlə məşğul olması, güzəranını yaxşılaşdırması üçün nəzərdə tutulan güzəştlərdən yararlanmasına imkan yarat".
Lakin, bunun da xeyri olmadı.



Anlaşılan odur ki, mən torpaqdan istifadəyə görə sənədi ala bilməyəcəm. Çünki, bütün torpaqlar, örüş sahələri sənədlə ona və yaxınlarına mənsubdur. Həm də bu məsələnin başında da elə Alı Qocayevin özü dayanıbmış. Sən demə bizlərin taleyini Alılar, Nizamilər, Şəmistanlar, Tahirlər həll edirmiş. Əstəğfirullah, Allahın bizlərdən xəbəri yoxmuş. İndiyə qədər yazdığım şikayət məktublarının çəkisi beş kilodan artıqdır. Getmədiyim, üz tutmadığım qapı qalmayıb. Bu həftənin əvvəlində isə Alı Qocayevin qəbulunda olanda məni polislə hədəyərək, bildirdilər ki “Səsin çıxsa səni polis lazımi yerə aparacaqdır”. Mən də mat qalmışam ki nəyə görə? Cəmi 1 ha torpaq əkib becərirəm, onun da sənədini ala bilmirəm. Halbuki, Şəmistan Yusifov 300 (üç yüz) ha yerə yiyələnib, hər hektara 700 (yeddi yüz) manat alıb, kənar adamlara qeyri-qanuni icarəyə verib. Dinəndə də deyir ki, “Əcəb eləyirəm. Mənim Prezident Aparatında adamım var. Yeyirəm də, yedizdirirəm də. Get hara şikayət eləyirsən, elə”.

Bu adamın işi söküb-dağıtmaqdan ibarətdir. Kənddə olan adam elə bilər ki, xarabalıqdadır. Şəmistan yiyələnə bildiyinə yiyələnib, yiyələnə bilmədiyini də xaraba qoyub. Kənddə işıq yanmır, kitabxana, tibb məntəqəsi - bir sözlə, bir dənə də olsun sosial obyekt qalmayıb. Xaricdə mülkləri, arvadlarının maşınları ilə öyünən Şəmistan və onun kimiləri xalqı hakimiyyətdən narazı salmaqla məşğuldur. 44 günlük müharibə dövründə, millət cəbhə ilə birlikdə nəfəs aldığı müddətdə Şəmistan pandemiyaya baxmayaraq, hansısa yolla xaricdə dincəlməyə getmişdi. Hələ bir fakt göstərilə bilməz ki, hansısa şəhid ailəsinə, qaziyə Şəmistan tərəfindən nəysə bir yardım edilib. Bəs bu insanın arxasında kim durur ki, Ölkə başçısı bu qədər böyük işlər gördüyü, çoxşaxəli siyasi fəaliyyəti ilə dünyanı heyrətə gətirdiyi bir zamanda Şəmistan və onun kimilər də milləti öz çirkin əməlləri ilə mat vəziyyətinə salır?!".

Anar Məmmədov artıq, çarəsiz “Kanal14” youtube kanalında canlı yayımlanan "Kamalın zamanı" proqramında Prezidentə, Birinci vitse-prezidentə, DTX sədrinə üz tutaraq, müraciətində bu özbaşınalığa son qoyulmasını xahiş edir.
Yəqin ki, övladlarının böyüyüb insan kimi yetişməsi, vətəndaş kimi formalaşması üçün mücadilə edən zəhmətkeş insanın də səsini eşidib, çarə qılan tapılar.

Qeyd edək ki, bu Samux rayon Sərkar kənd bələdiyyəsinin sədri Şəmistan Yusifov barəsindəki nə ilk, nə də yeganə narazılıq deyil. Əvvəllər də bu şəxs barəsində "DogruXeber.az"a üz tutan kənd sakinləri olub, gördüyünüz kimi indi də var, qarşısı alınmasa, sabah da olacaq...

P.S: Düşünürük ki, Samux Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev bu işin həllini öz diqqətinə götürməlidir. Bir halda ki, Prezident Aparatında bunun üçün ona tapşırıq da verilib.

Şəmistan Yusifovun əməllərinə görə ona hüquqi qiymət verilsə, həm Anarın, həm də bütövlükdə Sərkar kənd camaatının problemləri həllini tapar.

Hə... "Bələdiyyənin İcra Hakimiyyətinə aidiyyatı yoxdur" deyib, cəmiyyətin iradlarından və qınaqlarından yayınmaq istəyən İcra Hakimiyyətinin diqqətinə bəri başdan Anar Mammadovun yuxarıda qeyd etdiyi - "Prezident Aparatının qəbul şöbəsində Müşfiq adlı əməkdaş məni əmin etdi ki, "sən narahat olma, qayıt rayona. Rayon İcrahakmiyyətinin başçısı Alı Qocayev bütün problemləri yoluna qoyacaq". Rayona qayıdandan sonra Alı Qocayev məni qəbul etdi və elə ordaca Şəmistan Yusifova göstəriş verdi ki, "get, məsələni həll elə və vətəndaşın əkin-biçinlə məşğul olması, güzəranını yaxşılaşdırması üçün nəzərdə tutulan güzəştlərdən yararlanmasına imkan yarat" cümlələrini təkrar çatdırmaq istədik.

P.S.S: Yeri gəlmişkən, onu da qeyd edək ki, Anar Məmmədovun iddiaları ilə bağlı qarşı tərəflərin də mövqeyini dinləmək məqsədilə əvvəlcə rəsmi internet səhifəsində yerləşdirilən telefon nömrəsi vasitəsilə Samux rayon İcra Hakimiyyətinə zəng etdik. Lakin, bir neçə dəfə zəng etdiyimizə baxmayaraq, dəstəyi qaldıran olmadı.

Ardından, Sərkar kənd bələdiyyəsinə zəng etdik. Dəstəyi bir xanım qaldırdı və Şəmistan müəllimin idarədə olmadığını, iş üçün rayona getdiyini bildirdi. Şəmistan Yusifov mobil nömrəsini istədik, sağolsun verdi. Lakin, həmin nömrəyə zəng çatmırdı. Telefon sönülü idi.
Aradan beş dəqiqə keçməmişdi ki, özünü Şəmistan müəllimin müavini kimi təqdim edən Əfqan adlı şəxs özü bizə zəng etdi. O Şəmistan müəllimin xəstə olduğu üçün işə çıxmadığını dedi və suallarımızı onun cavablandıracağını bildirdi.

Elə ağzımızı yenicə açıb, Sərkar kənd sakini Anar Mammadovun adını çəkmişdik ki, Əfqan bəy, sanki əvvəldən yazıb, hazır əlində tutduğu mətni oxumağa başladı.

"Ay xanım, siz heç bilirsiniz o kimdir? Onun yoldaşı da, özü də o qədər şikayətlər yazırlar ki, axırda onlara "DOST" iş mərkəzindən iş verdilər ki, sakit dursun. Ona bələdiyyə bir hektar neçə sot torpaq da verib ki, özünü dolandırsın. Özü də əkirdi, icarəyə də verirdi. Bu il də özü əkib. İndi də deyir mənə sənəd verin. Onu başa sala bilmirik ki, bu elə o dəqiqə olmur. Hərrac yolu ilə olur, özü də biraz vaxt aparır. O sadəcə səbrsizlik edir.
Neçə ildir əkib -becərir də, onun əlindən torpaq alan var?"
Bizim "neçə ildir o torpaq Anar Mammadova verilib?" sualımıza isə, Əfqan bəy "il yarım " cavabını verdi.

Anar Məmmədovun döyüldüyü barəsindəki iddiasına isə belə cavab verdi ki, "Mənim elə şeydən xəbərim yoxdur. Döymüşdülər, verərdi polisə də, indi hansı zəmanədir " cavabını verdi.

Hərçənd ki, hansı zəmanədə yaşadığımızın biz də fərqindəyik. Bilirik ki, hazırkı durumda ölkədə "başlı başını saxlayır". "Məmurdan dayağı" olmayan sadə vətəndaşlar isə vəzifə kürsüsündə yerini isidən ən kiçik səlahiyyət sahibləri tərəfindən belə döyülür, əzilir, haqqı yeyilir.
Qaldı ki, müavin müəllimin Anar Məmmədov barəsində dediyi, "Elə hər yerə şikayət etdiyinə görə axırı"DOST " iş mərkəzində onun yoldaşının da, özünün də adını işə yazdılar" ifadəsinə, elə öz tərəfimizdən bu sözlərin absurd və gülünc göründüyünü onun diqqətinə çatdırmaq istəyirik.

Hörmətli Əfqan bəy, məgər bu ölkədə hər şikayət edənə iş verilir?
O zaman bu qədər narazı vətəndaşlar varkən, bu qədər işsizlik niyə var?
Siz deyən məsələnin hansı hallarda baş tuta biləcəyini hamımız bilirik. Hər halda biz də sizin və sizin kimi düşünən bir çoxlarının səlahiyyət sahibi olduğu ölkədə yaşayırıq, hansı səlahiyyət sahiblərinin vəzifəsini icra etməkdən başqa nələrə qadir olduğunu da bilirik.

Mövzuya yenidən qayıdacağıq.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.
скачать dle 12.1