Bia.Az

Azərbaycanda ət niyə bahalaşır... - Ekspert danışır

İqtisadiyyat
 12-12-2022, 10:29     282

Növbəti ilə az qalmış ayrı-ayrı beynəlxalq qurumlar tərəfindən hər ilin sonu qlobal iqtisadiyyatın gələcəyinə dair “şok” proqnozların verilməsi normaldır. Onların bir hissəsi sırf real proseslər fonunda gözlənilən təxminlərdirsə, bir hissəsi isə, belə demək olarsa bir qədər ehtimal, lotoreya xarakterli gözləntilər olur. Məsələn, müxtəlif dövrlərdə “Saxo Bank” Breksitin heç vaxt mümkün olmayacağı, Macarıstanın ittifaqı tərk edəcəyi və dollardan asılılıqdan qurtulmaq üçün Asiya ölkələrinin yeni ehtiyat valyutası yaradacığına dair mülahizələr irəli sürmüşdü. Hansı ki, bu deyilənlər elə proqnoz olaraq da qaldı. Lakin, bu heç də bütün gözləntilərin əhəmiyyətsiz olduğu anlamına gəlmir. Çünki yaxın vaxtlarda bankın yürütdüyü “Facebook”un bazar payında itkilərin yaşanacağı və bir neçə cəbhədə “Soyuq Müharibə”nin başlayacağına dair təxminləri gerçəkliklə nəticələnmiş oldu.
Gələn il üçün də verilmiş ajiotaj dolu proqnozlardan biri ət istehsalının qadağan edilməsi yönündədir. DİA.AZ bildirir ki, bu barədə Bizimyol.info xəbər portalına danışan iqtisadçı Pünhan Musayev Danimarkanın Saxo Bankının “Bir ölkə 2030-cu ilə qədər bütün ət istehsalını qadağan etməyə razıdır” proqnozu ilə bağlı şərh verərəkən danışıb.

Bankın proqnozuna görə, sıfır emissiyaya gedən yolda dünya liderlərindən biri olmaq istəyən ölkə təkcə ətə ağır vergi tətbiq etmək deyil, həm də yerli istehsalı tamamilə qadağan etmək qərarına gələcək.

Proqnozun mahiyyəti nədir?

İqtisadçı bildirir ki, proqnozun kökündə sıfır emissiyaya gedən yolda dünya liderlərindən biri olmaq istəyən ölkənin ağır vergi tətbiqi ilə kifayətlənməyib, həm də yerli istehsalı tamamilə qadağan edəcəyi məğzi durur. Hazırda dünyada ət istehsalı üzrə ilk sırada yer alan ölkə Çindir. O cümlədən, Çin sıfır emissiya layihəsində də aparıcı ölkə statusu əldə etməyə ciddi cəhd göstərən ölkələrdəndir. Bu baxımdan bankın təxminlərinin bu ölkə üzərindən irəli sürüldüyü qənaətinə gəlmək olar.

“Həmçinin, həm ət istehsalı, həm də sıfır emissiya siyasəti cəhətdən ABŞ və bir sıra Qərbi Avropa ölkələri də (Almaniya, Fransa, Britaniya, Niderland) aparıcı mövqeyə malikdirlər. Ancaq, bu ölkələrdə insanların əksəriyyəti vegeterian olduqları üçün daha az ət istehlak edirlər. Bundan başqa, qərbdə hazırda laborotoriya üsulu ilə heyvan hüceyrələrindən hazırlanmış sintetik ətin də sınağı üzrə müəyyən müzakirələr gedir. Hansı ki, bu yaxınlarda Niderland parlamenti tərəfindən də bəyənilən bu təklifin əsasında enerji və suya 40% qənaət edilə biləcəyi ehtimalları dayanmaqdadır”-deyə Pünhan Musayev qeyd edir.

Ölkəmizə aidiyyəti və mümkün təsiri nə olacaq?

İqtisadçı bildirir ki, son statistikaya görə, ölkəmizin ümumi ət məhsulları üzrə özünütəminetmə səviyyəsi 90%-in altındadır. Mal, qoyun və keçi əti ilə təminetmə qənaətbəxş səviyyədə olsa da, quş əti məhsulları üzrə bu nisbət bir o qədər də yaxşı deyil – 80%. Ən aşağı göstərici (5%) isə donuz əti ilə bağlı statistikadadır ki, məlum olduğu kimi bu da əhalinin dini inancları, Azərbaycanın müsəlman ölkəsi olmasından irəli gələn faktordur.

“İstehlak zamanı qalan hissənin təmin edilməsi isə idxalın üzərinə düşür. İdxal isə xüsusən iribuynuzlu mal-qara olmaqla daha çox Ukrayna və Hindistan kimi ölkələrdən tədarük olunur”. Ekspertin fikrincə, hazırda Ukraynada davam edən müharibənin taleyi ilə bağlı qeyri-müəyyənliklər bu məsələdə də narahatlıq doğursa da, işğaldan azad olunan ərazilərin perspektivi heyvandarlıq baxımından müəyyən pozitivlər vəd edir.

Ölkəmizdə mövcud durum və atılmalı addımlar...

Baxmayaraq ki, Azərbaycanda ət məhsulları üzrə istehlakın müəyyən həcmi idxalla təmin olunur, lakin narahatlıq təminatdan çox qiymətlərlə əlaqədardır. Xüsusilə də paytaxtda regionlara nisbətən bu, özünü daha çox biruzə verir. Səbəbsə, əsasən yem qiymətlərinin bahalanması ilə əlaqələndirilsə də, hökumət cari ildə heyvan yemlərini ƏDV-dən azad edib. Əsas səbəb zirvəyə çatan inflyasiyanın ümumi yüksək həddinin heyvandarlığa da təsir etməsidir.

Pünhan Musayevin fikrincə, qabaqlayıcı tədbirlər kimi heyvandarlıq üçün nəzərdə tutulan müxtəlif dərman və peyvəndlərə də vergi-rüsumları üzrə güzəştlərin tətbiq edilməsi ola bilər.

“Ətin paytaxt bazarlarına çıxarılması üçün spesifik rüsumlar nəzərdə tutulmasa da, satışa icazə, baytar nəzarəti, daşınma və s. üçün qeyri-rəsmi ödənişlərə də zaman-zaman rast gəlinir ki, bu da nəticədə son qiymətin artmasına təkan verən təsirlərdən hesab olunur”,- deyə iqtisadçı qeyd edib.
скачать dle 12.1