Bia.Az

Elm və Təhsil Nazirliyinin 5 milyonluq “sayğac əməliyyatı” – “Enermus” QSC kimindir?

Fakt
 7-12-2022, 12:42     318

Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi “Enermus” QSC satınalma müqaviləsi imzalayıb.

Qaynarinfo xəbər verir ki, maliyyə dəyəri 991 217.96 AZN təşkil edən müqavilədə təhsil müəssisələrinə qaz xətlərinin çəkilməsi və sayğacların quraşdırılmasının satın alınması nəzərdə tutulur.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, “Eenermus” QSC 7 yanvar 2016-cı ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 2000 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Nərimanov rayonu, Azadlıq prospekti, ev 49, mənzil 25-də yerləşir. MMC-nin qanuni təmsilçisi Məmmədov Elbrus Kamal oğludur.
“Enermus” QSC 2021-ci ilə qədər “Goldmoon” MMC adı altında fəaliyyət göstərib. 2021-ci ildə şirkət adını və təşkilatı hüquqi formasını dəyişərək “Eenermus” QSC-yə çevrilib.
“Eenermus” QSC-nin veb-səhifəsində şirkətin qaz təsərrüfatı üzrə ixtisaslaşdığı qeyd edilib.
Maraqlıdır ki, Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi bu ilin avqustunda da “Eenermus” QSC ilə satınalma müqaviləsi imzalayıb. Müqavilənin maliyyə dəyəri 989 850.52 AZN təşkil edib. Müqavilədə təhsil müəssisələrinə qaz xətlərinin çəkilməsi və sayğacların quraşdırılmasının satın alınması nəzərdə tutulub.
Avqustun 24-də isə sözügedən idarə ilə “Enermus” arasında maliyyə dəyəri 2 307 595.94 AZN təşkil edən daha bir müqavilə imzalanıb. Bu müqavilədə qaz sayğaclarının təmiri işlərinin satın alınması nəzərdə tutulur.
Ötən il isə Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi ilə şirkət arasında təhsil müəssisələrinə qaz xətlərinin çəkilməsi və sayğacların quraşdırılmasının satın alınması ilə 990 100 manatlıq müqavilə imzalanıb.
Beləliklə 1 il ərzində Elm və Təhsil Nazirliyi qaz sayğaclarının quraşdırılmasına 5 278 764.42 AZN sərf edib.
“Enermus”la bağlı maraqlı faktlardan biri isə şirkətlə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi arasında bu ilin iyul ayında imzalanan müqavilədir. Burada maraqlı məqam ondan ibarətdir ki, “Qaçqınkom” qaz təsərrüfatı üzrə ixtisaslaşan “Eenermus”la Ağdam rayonunda məcburi köçkün qəsəbəsinin qum-çınqıl örtüklü daxili yollarının təmiri ilə bağlı müqavilə bağlayıb. Belə çıxır ki, QSC qaz çəkilişi ilə yanaşı, yolların da təmiri ilə məşğuldur. Amma bununla bağlı şirkətin rəsmi veb-səhifəsində heç bir məlumat yoxdur.скачать dle 12.1