Arxiv

Oxunub:136 / 31 okt 08:45sosial

Əbülfəs Qarayevin bundan xəbəri varmı? - FOTOLAR



Əbülfəs Qarayevin bundan xəbəri varmı? - FOTOLAR














Abşeron qalalarından biri də Bakının Bilgəh qəsəbəsində yerləşir. Digər qalalardan fərqli olaraq, bu tarixi abidə hər insanın qarşısına çıxmır. Niyəsini indi biləcəksiniz.

Həmçinin Qız qalası adlandırılan Bilgəh qalası haqqında məlumat, eləcə də tikilinin fotoları çox azdır.

Tarixi mənbələrdən məlum olan budur: Qala XIII-XIV əsrlərdə Şirvanşahlar dövründə ağ daşdan tikilib. Yalnız bir hissəsi dövrümüzə gəlib çatmış bu müdafiə və müşahidə qalasından uzun müddət mayak kimi istifadə olunub. Vaxtilə gəmilərin gecə saatlarında sahili tapması, yolu azmaması üçün qalaçanın üzərində məşəl yandırılırmış. Elə bu səbəbdən abidə "Tonqal qalası" da adlandırılır. Burada alovlandırılan məşəlin və ya havaya qalxan tüstünün hətta Ramana qalasından göründüyü deyilir.

Qalaya baş çəkmək üçün Bilgəh qəsəbəsinə yollandım. Təqribən bir saatlıq axtarış nəticəsiz qaldı. Kor-peşman geri qayıtdım. Artıq küçələrini bir qədər tanıdığım qəsəbənin xəritəsində qalanın təxminən harada yerləşdiyini öyrənməyə çalışdım. Qeyd edim ki, kənd sakinlərinin bir çoxu qalanın yerini dəqiq göstərə bilmədi. Gənclərin isə əksəriyyətinin qalanın mövcudluğu barədə məlumatı belə yoxdur.
Əbülfəs Qarayevin bundan xəbəri varmı? - FOTOLAR










İkinci səfərimdə də axtarışım əvvəlcə nəticə vermədi. Qarşıma çıxan yaşlı bir kişidən Bilgəh qalasının dəqiq yerini soruşdum. Abidəni dayandığım yerdən görməyəcəyimi və gəzməklə demək olar ki, qarşıma çıxmayacağını deyən qəsəbə sakini məni həyətinə dəvət etdi. Bir qədər hündürdə yerləşən həyətindən qalanın yerləşdiyi istiqaməti göstərdi. Onu da vurğuladı ki, əks istiqamətdə, "kəndin başında" əvvəllər bir qala da olub:

"Biz uşaq olanda tez-tez üstünə çıxardıq həmin qalanın. Sonra elə sovet dövründə söküb yerində, səhv etmirəmsə, klub tikdilər".

Təşəkkürümü bildirib təxmin etdiyim istiqamət üzrə növbəti axtarışa başladım. Çifayda. Artıq geri qayıdırdım ki, gözüm mənə tərəf gələn daha bir yaşlı kişiyə sataşdı. Salamlaşandan sonra "dərd"imi dedim. Nəhayət, mənə lazım olan adamı tapmışdım. "Gəl gedək, göstərim" – deyib gülümsədi. Qarşımıza çıxan qədim hamam, karvansara və qəbiristanlıq haqqında da (bu barədə növbəti yazılarda) həvəslə məlumat verən Rafiq kişi sevincini gizlətmirdi: "İnan ki, başqa şey soruşsaydın, sənə bu qədər vaxt ayırmazdım. Amma bu məsələ mənim də yaralı yerimdir".
Əbülfəs Qarayevin bundan xəbəri varmı? - FOTOLAR











Gələk Bilgəh qalasının "gizlənməsinə". Məsələ burasındadır ki, qalanın bir hissəsi hansısa döngədən, dalandan və ya kiminsə hasarından görünsə belə, tikiliyə yaxınlaşmaq mümkün deyil. Çünki qala fərdi evlərin həyətlərinin arasında itib batıb. Daha dəqiq desək, kiminsə həyətinin hasarları arasında qalıb. Çox acınacaqlı vəziyyətdir. Axı kimin ixtiyarı var ki, tarixi abidəni şəxsi həyətinə salsın?!

Məhz həmin həyətin sahibi evdə olmadığı üçün Rafiq kişinin köməyi ilə digər yaxın evin həyətindən qalaya yaxınlaşmaq qərarına gəldik. Ev sahibindən icazə alıb hasara dırmaşdıq. Digər qonşu həyətin hasarına keçəndə isə çöldə iş görən bir cavan etiraz edib həmin həyətin qohumuna məxsus olduğunu və icazəsiz ora keçməməyimizi bildirdi. Bir qədər mübahisə yaransa da, məqsədimə çatıb qalanın düz qarşısında dayandım: qoca, küskün, qaməti əyilmiş, rəngi solmuş, yarısı dağılmış, tamamilə baxımsız vəziyyətdə olan qala...
Əbülfəs Qarayevin bundan xəbəri varmı? - FOTOLAR











Vaxtilə bir qrup kənd sakini qalanın tamamilə dağılacağından narahat olaraq kor-təbii şəkildə bərpa işləri aparıb – qalanın dağılmış divarlarını sementlə bərkidib. Bu, ürəkaçan mənzərə yaratmasa da, hər halda abidənin günümüzə gəlib çatmasına kömək edibsə, həqiqətən böyük işdir.

Dairəvi qalanın təqribən yarısı, üst hissəsi, eləcə də mərtəbələri tamamilə dağılıb. Ümumiyyətlə, tarixi abidənin bu vəziyyətdə uzun müddət qalmasını əsl möcüzə adlandırmaq olar. Bundan sonra nə qədər davam gətirəcəyi isə məlum deyil.

Yaxşı olardı ki, bu qala da üzə çıxarılsın, Bilgəhə gələnlər bu tarixi abidə ilə də tanış olsun və təbii ki, bərpa işləri aparılsın.

Bizə yenə də yalnız ümid etmək qalır.

Kənd sakini Rafiz Mirzəyevə xüsusi təşəkkür! (Trend.az)