Bia.Az

1 dekabr - Laçın günü

Siyasət
 1-12-2022, 01:02     208

Bu gün Laçın rayonunun Ermənistan Silahlı Qüvvələrinin işğalından azad edilməsindən 2 il ötür.
 
Musavat.com xəbər verir ki, noyabrın 8-də Şuşanın işğaldan azad edilməsi ilə müharibədə məğlub olduğunu qəbul edən Ermənistan məcburiyyət qarşısında qalaraq kapitulyasiya aktına imza atıb.
Noyabrın 10-da Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Bəyanat imzalanıb.
Sənədin 2-ci bəndinə əsasən, 20 noyabr 2020-ci il tarixinədək Ağdam rayonu, bəyanatın 6-cı bəndinə əsasən, 25 noyabr 2020-ci il tarixinədək Kəlbəcər rayonu, 1 dekabr 2020-ci il tarixinədək isə Laçın rayonu Azərbaycana qaytarılıb.
Beləliklə, Laçının 28 ilik işğalına 2020-ci il dekabrın 1-də son qoyulub.
Azərbaycan Ağdam, Kəlbəcər və Laçın rayonlarının işğaldan azad edilməsinə heç bir itki vermədən nail olub.
28 il Laçını viran qoyan erməni vandalları 2020-ci ildə müqavilə imzalanan tarixdən Laçının təhvil verilməsinə qədər də öz murdar əməllərindən əl çəkmədilər. Onlar Laçını təhvil verənə qədər evləri yandırıb vandallıqlarına davam etdilər. 20 gün müddətində ermənilər ağacları qırıb, ekoloji terrora əl atıb.
Azərbaycan Prezidenti İlham Əliyev 1 dekabr 2020-ci ildə televiziya ilə müraciətində Laçın rayonunun işğaldan azad edilməsi münasibətilə Azərbaycan xalqını təbrik edib.
“Böyük sevinc hissi ilə bildirirəm ki, Laçın rayonu işğaldan azad olundu. Bütün Azərbaycan xalqını bu münasibətlə ürəkdən təbrik edirəm. Laçın rayonunun işğaldan azad olunması tarixi hadisədir. Özü də bir güllə atmadan biz Laçın rayonunu qaytardıq. Düşməni buna məcbur etdik. Döyüş meydanında əldə edilmiş parlaq qələbə bu gözəl nəticəyə gətirib çıxardı ki, üç rayonumuz – Ağdam, Kəlbəcər və Laçın bizə qaytarıldı. Biz bu rayonları bir güllə atmadan, bir şəhid vermədən qaytarmışıq”, - deyə dövlət başçısı bəyan edib.
Laçın rayonunun işğaldan azad edilməsi şərəfinə Azərbaycan Respublikasında “Laçının azad olunmasına görə” medalı təsis olunub.
Prezident İlham Əliyevin sərəncamı ilə Laçının işğaldan azad edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət göstərmiş hərbi qulluqçular “Laçının azad olunmasına görə” medalı ilə təltif edilib.
Qeyd edək ki, Laçın rayonu 1992-ci il mayın 18-də Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi.

İşğal nəticəsində 63 min 341 Azərbaycan vətəndaşı öz yurdundan didərgin düşüb, 300-dən artıq hərbçi, eləcə də mülki şəxs həlak olub və itkin düşüb. Rayonda 8950 bina, o cümlədən 7 sənaye və tikinti müəssisəsi, 471 xidmət idarəsi, 154 məktəb, yüzlərlə tarix-mədəniyyət abidəsi işğala məruz qalıb.

Əhəmiyyətli geostrateji mövqeyə malik olan Laçının işğalı Azərbaycan iqtisadiyyatına ciddi ziyan vurub. Təbii sərvətlərlə zəngin olan Laçın rayonunda Turşsu, Qaladərəsi, Ağanus, Xırmanlar, Tiqiq, Turştiqiq, Nurəddin, Nağdalı, Hacıxanlı kimi müalicəvi əhəmiyyətli bulaqlar mövcuddur.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatına görə, Laçın rayonu ərazisində ümumi ehtiyatları 1 124 ton olan 3 civə (Narzanlı, Çilgəzçay, Sarıbulaq), ehtiyatları 4 457 min ton olan və əhəng istehsalına yararlı Laçın əhəngdaşı, ehtiyatları 2 533 min kubmetr olan və istismara cəlb edilən üzlük daşı istehsalına yararlı Qoçaz mərmərləşmiş əhəngdaşı, mişar daşı istehsalına yararlı 2 tuf (Ağoğlan, Əhmədli), 2 əlvan bəzək daşı, vulkan külü və digər təbii sərvətləri var.

Bundan əlavə, Laçın rayonunda Qaragöl Dövlət Təbiət Qoruğu və Dövlət Təbiət Yasaqlığı, ümumi sahəsi 240 hektar olan qoruqda 68 növdən və 27 ailədən ibarət bitki örtüyü mövcuddur. 1961-ci ilin noyabr ayında heyvan və quşları qoruyub saxlamaq və artırmaq məqsədilə yaradılan Dövlət Təbiət Yasaqlığının ərazisində cüyür, qaya keçisi, çöl donuzu, ayı, turac, kəklik, qaratoyuq kimi nadir fauna növləri məskunlaşıb. 1989-cu ildə yasaqlıqda aparılan yoxlama zamanı dağ-keçisi (bezoar keçisi) 96, qaban 360, cüyür 320, ayı 110 baş, eləcə də çoxlu sayda canavar, porsuq, dələ, qırqovul, kəklik qeydə alınıb.скачать dle 12.1