Bia.Az

Rusiyadan Qırğızıstana hədə: "Ukrayna hadisələri də belə başlamışdı"

Dünya
 29-11-2022, 13:28     170

Orta Asiya ölkələrində Rusiya əleyhinə bir çox aksiyalar, kampaniyalar diqqət çəkir. Qazaxıstanda dövlət idarələrində rusca danışılması qəbulolunmaz sayılır. Ayrı-ayrı millətçi dəstələr buna hətta aqressiv reaksiya verirlər. Qırğızıstanda isə Rusiya mənşəli adlardan imtina etmək qərarına gəliblər.

Bizimyol.info xəbər verir ki, paytaxt Bişkekin rayonlarının dekommunizasiyasına başlanacaq. Belə təklif parlamentin spikeri Nurlan Şakiyevdən gəlib. O, adların dəyişdirilməsinin çox vacib olduğunu vurğulayıb. Şakiyevin fikrincə, Qırğızıstan istənilən halda Ukraynanın tərəfini tutmalıdır.
Rusiyanın “Moskva danışır” radiostansiyasının məlumatına görə, şimal dövlətinin parlamentinin aşağı palatasının beynəlxalq komitəsi sədrinin nümayəndəsi Svetlana Jurova Şakiyevin bəyanatını Qırğızıstanda rus dilinin tamamilə rədd edilməsi istiqamətində ilk addım adlandırıb. O, Ukraynadakı hadisələrin də belə başladığını bildirib.
“Elə-belə məsələ deyil. Bunlar rus dilini, nəhayət, tamamilə sıxışdırmaq üçün ilk kiçik addımlardır. Bir saniyə belə şübhə etmirəm... Şübhəsiz ki, Qırğızıstanda bir çoxu orada yaşayan rus xalqının hüquqlarını pozacaq. Beləcə, əlaqələrimiz itir. Növbəti mərhələdə isə məktəblərdir. Daha sonra Gürcüstanda olduğu kimi, gənclər rus dilindən uzaq düşəcək, danışa bilməyəcəklər. Biz bilirik ki, Ukraynada da hadisələr bununla başlayıb. Guya bir tərəfdən milli dövlət dilini qorumağa cəhd edirlər. Eyni zamanda, istəyirlər, insanlar yavaş-yavaş başa düşsünlər ki, artıq rus dilində danışmayacaqlar”,- Svetlana Jurova bununla Qırğızıstanda rus dilinin sıxışdırılmasından narahat olduğunu bildirib.
Deputat əlavə edib ki, bu məsələ ən yüksək dövlət səviyyəsində müzakirə olunacaq. Ola bilsin ki, Vladimir Putin hətta Qırğızıstan prezidentinə irad bildirəcək.
Bişkekin bir sıra rayonları hələ də sovet adları daşıyır. Qırğızıstan paytaxtında Pervomayski, Sverdlovski, Jovtnevı, Leninski adlarına rast gəlmək olar. Yaxın zamanlarda bunlar dəyişdiriləcək. Şakiyevin təklifi şəxsi təşəbbüs deyil. Qırğızıstan hakimiyyəti bu adlardan imtina olunmasının vaxtı çatdığını düşünür.скачать dle 12.1