Bia.Az

Müstəqil GÜNEY AZƏRBAYCAN DAVASI... - “The Jewish Press”

Siyasət
 28-11-2022, 13:19     208

ABŞ-ın ən böyük yəhudi qəzetlərindən olan “The Jewish Press”də “Müstəqil Güney Azərbaycan davası” sərlövhəli məqalə dərc olunub.

Tanınmış israilli politoloq və jurnalist, Dona Qrasiya Diplomatiya Mərkəzinin təsisçisi və baş direktoru Reyçel Avrahamın qələmə aldığı məqalədə qeyd olunub ki, son günlər Güney Azərbaycanın Təbriz və digər şəhərlərində azərbaycanlılar “Azadlıq, Ədalət, Milli Hökumət”, “Qadınlara azadlıq” və “Bütün xalqlara azadlıq” şüarları səsləndirməkdədirlər.

Bu etirazlar cari ilin sentyabrında İran əxlaq polisi tərəfindən Kərəcdə vəhşicəsinə qətlə yetirilmiş gənc qadın, etnik kürd Məhsa Əmininin ölümünə görə hökumətə etiraz edən nümayişçilərin rəmzinə çevrilən etnik Azərbaycan türkü Hədis Nəcəfinin vəhşicəsinə öldürülməsindən sonra güclənməkdədir.

Qeyd olunub ki, etirazçılar Şimali Azərbaycanla birliyə doğru irəliləyəcək, Avropa Şurasına qoşulacaq, Qərb dəyərlərini qəbul edəcək, bölgədə sülh və sabitliyə öz töhfəsini verəcək müstəqil Güney Azərbaycanın qurulmasını arzulayırlar. Çünki nəticədə zəifləyəcək molla rejimi ölkə əhalisinin 35%-ni təşkil edən azərbaycanlılardan bölgədə sabitliyi pozmaq üçün istifadə edə bilməyəcək.

Məqalədə Günaz TV-nin rəhbəri Əhməd Obalıya istinadən bildirilib ki, ötən otuz il ərzində, xüsusən də Quzey Azərbaycan müstəqillik əldə etdikdən sonra Azərbaycanın həqiqi dostlarının varlığı üzə çıxıb, buraya yalnız qardaş olan Türkiyə deyil, eləcə də həmin dövrdə ölkəmizin strateji dostu olan İsrail də daxildir.

Güney Aərbaycanl türklərinin müstəqillik iddiasının güclü olduğunu vurğulayan müəllif 1940-cı illərin ortalarında milli hökumət başçısı Cəfər Pişəvərinin rəhbərliyi ilə güney azərbaycanlıların şah istibdadına son qoyulmasından sonra demokratik idarəçiliyin çiçəkləndiyi qısa bir müstəqillik dövrü yaşadığını diqqətə çatdırıb.

O qeyd edib ki, bir ildən az müddətdə İran hökumətinin əvvəlki iyirmi ildə etdiyindən daha çox iş görmüş Pişəvəri hökuməti yollar çəkib, Təbriz Dövlət Universitetini təsis edib, çoxlu orta məktəb, milli teatr, milli filarmoniya və çoxsaylı kitabxanalar açıb. İsrailli politoloq bu minvalla Güney Azərbaycan türklərinin bu gün geriyə - 1945-ci ilə həsrətlə baxdıqlarına və yenidən azadlığa qovuşmaq istədiklərinə işarə edib.

Güney Azərbaycan türklərinin farslara bənzəmədiyini onların sonuncularla eyni dildə danışmaması, eyni tarix və mədəniyyəti paylaşmaması ilə əsaslandıran müəllif əmindir ki, soydaşlarımızın vətəni İranın bir hissəsi olmamalıdır. I Dünya müharibəsindən sonra Quzey və Güney Azərbaycanın müstəqillik tələb etdiyinin diqqətə çatdırıldığı məqalədə Şeyx Məhəmməd Xiyabaninin 1920-ci ildə Tehranda mərkəzi hökumətə qarşı üsyana rəhbərlik etdiyi, lakin üsyanın böyük qəddarlıqla yatırldığı, istedadlı natiq və demokratiya sevdalısı Xiyabaninin qətlə yetirildiyi barədə məlumat verilib.

İsrailin Yaxın və Orta Şərq üzrə ən tanınmış eksperti, politoloq Mordexayın fikrinin də yer aldığı məqalədə israilli alimə istinadən qeyd olunub ki, dünyada azadlığı dəstəkləyən hər bir ölkə Güney Azərbaycanın müstəqilliyini dəstəkləməlidir. Azərbaycanlılar farslar tərəfindən işğal edilərək İran imperiyasına zorla daxil edilsələr də, öz milli kimliklərini, dillərini, mədəniyyətlərini, mətbəxlərini və dövlətçiliyin bütün digər cəhətlərini qoruyub saxlayıblar. Sovetlərdən azad olmuş quzeyli qardaşları kimi, güney azərbaycanlılar da İran boyunduruğundan azad edilməlidir. Çünki onlar çox uzun müddətdir ki, farsların işğalı altındadırlar.

Məqaləni ətraflı şəkildə aşağıdakı linkdən oxumaq mümkündür:

https://www.jewishpress.com/news/history/the-case-for-an-independent-south-azerbaijan/2022/11/24/
//“AzPolitika.info”//скачать dle 12.1