Bia.Az

“Rus NATO-su” Ermənistansız qalarsa... - KTMT-siz region Azərbaycana nə vəd edir?

Gündəm
 26-11-2022, 12:10     271

Ermənistanda KTMT ilə bağlı növbəti isteriya dalğası yaşanır. Özü də Paşinyan hökumətinin bilavasitə göstərişi ilə. Səbəbi bəlli: noyabrın 23-də İrəvanda baş tutan KTMT-nin kritik sammitində baş nazir Nikol Paşinyan “KTMT bəyannaməsi”ni imzalamaqdan imtina edib. Bunu da Azərbaycanla bağlı böhtanların sənəddə əksini tapmaması ilə izah edib.

Artıq Ermənistanın blokdan çıxması üçün kampaniya faktiki başlayıb. Hərçənd “sorosçu” rejim bunu həyasızcasına ayrı cür təqdim eləməyə çalışır: “Biz heç vaxt deməmişik ki, KTMT-dən çıxmağa hazırlaşırıq, KTMT özü regionu tərk edir və biz bundan narahatıq”.
Bu ikibaşlı fikri sammitin ertəsi günü Ermənistan parlamentinin sədri Alen Simonyan mediaya açıqlamasında deyib.
“Bizim tərəfdaşlardan soruşmaq lazımdır ki, KTMT-nin Cənubi Qafqazı tərk etməsi qərarını veriblərmi? Əgər cavab ”hə"dirsə, onda bunu ucadan deməlidirlər", - o bildirib.
O, növbəti dəfə Azərbaycanın ünvanına böhtan yağdırıb və KTMT üzvü olan Ermənistanın ərazisində Azərbaycan Ordusunun dayandığını iddia edib. “KTMT üzvləri bununla necə barışıb?” - deyə sırtıqcasına sual edib. “Həyat sübut edir ki, KTMT-nin postsovet məkanındakı hərbi rolu özünü doğrultmur”.
Bunu da erməni spiker söyləyib. Ardınca bildirib ki, bu, yalnız Ermənistan-Azərbaycan konflikti ilə bağlı deyil: “Ermənistan tərəfi bu istiqamətdə nəticə çıxarıb və təsirli addımlar atır. Biz KTMT-yə Türkiyə-Azərbaycan tandemindən qorunmaq üçün qoşulmuşduq. Başqa kim olacaqdı? Və heç olmasa siyasi qiymətləndirmə vaxtı çatanda, bu qiymətləndirmə yetərli olmadı. Ermənistanın reaksiyası dünənki (srağagünkü- red.) sənədi imzalamaqdan imtina etməsi oldu. Biz gözləyirdik ki, sənəddə siyasi qiymətləndirmə əksini tapacaq”.
Yada salaq k, Ermənistana dəfələrlə sərhədin delimitasiyası və demarkasiyası ilə bağlı işlərə başlamaq təklif edilib. Yəni yalnız bundan sonra hansı ərazilərin Ermənistana aid olub-olmadığı bilinəcək. Ermənistan isə delimitasiya və demarkasiya prosesini gecikdirməklə yanaşı, iddia etdiyi torpaqları öz ərazisi adlandırır. Halbuki Ermənistanın 30 illik işğal zamanı sərhədlərini qabağa çəkərək, Azərbaycan ərazilərində yaşayış evləri tikdiyi, həmçinin Gorus-Qafan nümunəsində olduğu kimi, beynəlxalq əhəmiyyətli yolunu Azərbaycan ərazisindən keçirdiyi məlumdur. Üstəlik, hazırda Ermənistanda Azərbaycana məxsus ən azı 8 kənd var, həmçinin bu kəndlərə birləşən sahələrin “otlaq sahələri” adı ilə 1986-87-ci illərdə Ermənistana icarəyə verilməsi də məlumdur. Faktiki olaraq Azərbaycan kəndlərini hələ də işğalda saxlayan Ermənistanın guya bir neçə kv km ərazisində Azərbaycan Ordusunun dayandığını bildirməsi gülüncdür.
Rəşad Bayramov: “Azərbaycan nümayəndə heyəti 2016-cı ildə İranda təzyiq  altındamı olub?” » Ovqat.com
Rəşad Bayramov: “İndiki halda KTMT-dən imtina ona ancaq ziyan gətirə bilər, çünki...”
Bəs Qərbin də çoxdan təkid elədiyi variant reallaşa, yəni Ermənistan KTMT-dən çıxsa, bunun Paşinyan hökumətinə və kapitulyant ölkəyə konkret hansı ziyanı və faydası ola bilər? Azərbaycana necə, Ermənistansız KTMT və ya KTMT-siz region daha sərfdir, yoxsa?
AMİP Mərkəzi Şurasının sədri, politoloq Rəşad Bayramov bu açıqlamalarda səmimiyyət görmür: “Əvvəla onu qeyd edim ki, indiki mərhələdə Ermənistanın KTMT-dən çıxması ilə bağlı deyilənləri səmimi saymıram. Ermənistanın KTMT-yə qarşı davranışları sadəcə olaraq Paşinyan hakimiyyətinin özünü Qərbə anti-Rusiya mövqeyində dayandığını göstərmək səyindən başqa bir şey deyil. Başqa sözlə desək, Paşinyan hakimiyyəti bu cür davranışları ilə bir tərəfdən ölkə daxilindəki Rusiya tərəfdarlarına ”Rusiya bizim maraqlarımızı qorumaq istəmir" mesajını verir və onların mövqelərini zəiflədir, digər tərəfdən isə Qərbə “Rusiyadan uzaqlaşmağımızı istəyirsizsə, bizə dəstək verin” deməklə daha çox dəstək və maliyyə yardımları almaq istəyir.
Ermənistan başa düşür ki, indiki halda KTMT-dən imtina ona ancaq ziyan gətirə bilər. Çünki ordusu kifayət qədər zəif və darmadağın durumda olan bir ölkə üçün KTMT-ni əvəz edə biləcək hər hansı hərbi birlik yoxdur. NATO-ya da arxalana bilməz, çünki Azərbaycanın hərbi müttəfiqi olan Türkiyə Şimali Atlantika Alyansının üzvüdür və NATO heç bir halda Türkiyəni qoyub Ermənistanın maraqlarından çıxış etməz.
Elə Alen Simonyanın “Biz heç vaxt deməmişik ki, KTMT-dən çıxmağa hazırlaşırıq, KTMT özü regionu tərk edir və biz bundan narahatıq” bəyanatı da dediklərimin sübutudur. İstər Simonyan, istərsə də Paşinyan öz bəyanatları ilə həm də KTMT-yə, dolayısı ilə Rusiyaya təzyiq göstərməyə cəhd edirlər. KTMT-nin təşəbbüskarı və əsas qüvvəsinin Rusiya olduğunu nəzərə alsaq, bu quruma qarşı istənilən münasibəti həm də Moskvanın siyasətinə yanaşmanın göstəricisi kimi qəbul edə bilərik. Bu mənada Paşinyanın “Ermənistanla Azərbaycan arasında sərhəd yoxdur deyərək, bundan imtina etmək, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının məsuliyyət zonasının olmamasını israr etmək deməkdir. Məsuliyyət zonası yoxdursa, onda təşkilatın özü də yoxdur” bəyanatı da təzyiq kimi qəbul edilə bilər. Bu bəyanatın açması ondan ibarətdir ki, “Rusiya, əgər sən KTMT-də Azərbaycana qarşı qərarların qəbul olunmasına nail ola bilmirsənsə və ya bunu istəmirsənsə, o zaman  Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının məsuliyyət zonasını qorumaqda acizsən”.
Göründüyü kimi Paşinyan və komandasının KTMT ətrafında yaratdığı hay-küy həm daxildə mövqelərini möhkəmləndirməyə, həm Qərbə xoş gəlməyə, həm də Rusiyaya təzyiq etməyə hesablanıb. Lakin deyilənlər heç də o demək deyil ki, Paşinyan uzaq perspektivdə də Ermənistanın KTMT üzvü olaraq qalmasında maraqlıdır. Çünki Paşinyan özü də, onu hakimiyyətə gətirən güclər də Ermənistanın Rusiyanın təsir dairəsindən çıxmasında maraqlıdırlar. Sadəcə, indiki halda bunun üçün real imkanlar mövcud deyil. Əgər biz Paşinyanın hələ müxalifətdə olduğu dövrdə verdiyi bəyanatlara baxsaq görərik ki, onun hakimiyyətə gələn yolunun açılması, yəni Qərbin dəstəyini alması məhz elə o bəyanatlar sayəsində mümkün olub.  Belə ki, Nikol Paşinyan müxalifətdə olduğu, daha doğrusu, Qərbin qrantları hesabına ictimai-siyasi fəaliyyətlə məşğul olduğu illərdə Kremlin himayə etdiyi KTMT-yə və Avrasiya İqtisadi İttifaqına qarşı çıxışlar edirdi. O, bu təşkilatların sırasında qalmağı faydasız sayır, üzvlükdən çıxmaq barədə təklif irəli sürürdü. Hətta məsələ bir dəfə parlamentin gündəliyinin layihəsinə də daxil edillmişdi. Ancaq yetərincə səs qazanmadığı üçün müzakirə olunmadı.
Hakimiyyətə gəlişi zamanı isə KTMT-nin ovaxtkı baş katibi Yuri Xaçaturova və oğlu İqora qarşı cinayət işi başlanması və bu sabotajla KTMT-nin fəaliyyətini bir müddət iflic vəziyyətinə salması da bir faktdır. Başqa sözlə desək, Paşinyan hakimiyyəti bu cür anti KTMT davranışları ilə zaman-zaman Qərbi də aldatmağa və onlardan nəsə qoparmağa nail ola bilib və indi də eyni oyunları təkrar edir. KTMT də məhz Ermənistanın bu cür ikili oyunlarını və Cənub Qafqazda maraqları olan xarici dövlətlər üçün casus-ölkə rolunu oynamasını bildiyi üçün Paşiyanın əsassız ittihamlarını cavabsız qoymur. Bu mənada son toplantıda da “Azərbaycanla Ermənistan arasında sərhədlər müəyyənləşməyib” bəyanatı Nikol Paşinyana və hökumətinə əsaslı cavab hesab edilə bilər".
Politoloq sualımızın ikinci hissəsinə bu cür cavab verdi: “Ermənistansız KTMT və ya KTMT-siz regionun Azərbaycana sərf edib-etməməsinə gəldikdə isə deyim ki, bu qurumun Ermənistanla və Ermənistansız fəaliyyətinin bizim üçün hər hansı əhəmiyyəti yoxdur. Çünki qurumun yeganə sahibi və gücü Rusiyadır. KTMT olmasa belə, Rusiyanın Ermənistanda hərbi bazası mövcuddur və Rusiya ilə Ermənistan arasında hərbi sahədə əməkdaşlıq və müttəfiqlik haqqında müqavilə var. Başqa sözlə, bizim maraqlarımıza hansısa hərbi birliyin deyil, Rusiyasız Cənubi Qafqazın olması daha çox cavab verir”.
Arxaya körpü" edin... - Kənan Novruzov yazır
Kənan Novruzov: “KTMT Minsk Qrupunun taleyini yaşaya bilər”
Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin eksperti Kənan Novruzov KTMT-nin dağıla biləcəyini istisna etmir: “Son proseslər KTMT ilə Ermənistan arasında güclü ziddiyyətlərin olduğunu göstərir. Belə gedərsə, KTMT Minsk Qrupunun aqibətini yaşaya bilər. Paşinyan KTMT-ni Azərbaycanla münasibətlərin normallaşmasında yardım etməməkdə ittiham edir. Bax, bu ittihamlar ziddiyyətin bariz nümunəsidir. Bunlar isə Ermənistan-Rusiya müstəvisində araşdırılmalı olan məsələdir. Çünki KTMT-nin ən aparıcı dövləti Rusiyadır. Biz isə bu ziddiyyətlərin özəyini Moskva-İrəvan münasibətlərində də görürük.
İkinci tərəfdən KTMT-yə daxil olan türkdilli dövlətlər son dövrlərdə fəallıq nümayiş etdirir. Onlar Azərbaycanın yanında olaraq, Cənubi Qafqazdakı sülh prosesində maraqlıdırlar. Digər tərəfdən, son hadisələr həm də onu deməyə imkan verir ki, KTMT zəifləyir, onun daxilində birlik yoxdur və bu təşkilatla Ermənistanın münasibətləri dalğalıdır. Əgər belə gedərsə, gələcəkdə KTMT-nin dağılaraq, Minsk qrupunun taleyini yaşaması istinasızdır. İndiki zamanda isə Paşinyan KTMT-yə arxalana bilməz. Çünki Azərbaycanla münasibətlər Rusiyaya hava-su kimi lazımdır. Bizim üçün KTMT-nin mövcud olub-olmamasının elə bir ciddi fərqi yoxdur. Çünki bu qurum “dişsiz”dir və indiki halda Azərbaycan üçün təhdid mənbəyi deyil"./“Yeni Müsavat”/скачать dle 12.1