Bia.Az

PAŞİNYANIN ŞANTAJI, PUTİNİN MƏQSƏDİ... - KTMT-nin İrəvan sammiti niyə fiasko ilə bitdi?

Gündəm
 25-11-2022, 01:06     258

“KTMT-nin yubileyi olsa da, bizim əhvalımız təəssüf ki, heç bir halda yubileyə uyğun deyil”. 

Dünən İrəvanda keçirilən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının İrəvanda keçirilən sammitində Ermənistan Baş naziri Nikol Paşinyan açılış nitqini bu sözlərlə başlamışdı. Ermənistanın düşdüyü vəziyyəti xarakterizə edən bu fikirlər artıq ən yaxın müttəfiqləri hesab olunanların da İrəvanın “timsah göz yaşlarına” əhəmiyyət vermədiyini ortaya qoyur.
Məsələ ondadır ki, 2 ildir üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməkdən qaçan Paşinyan həyasızcasına KTMT-dən, o cümlədən Rusiyadan Azərbaycanın artan “hərbi təzyiqlərinə” qarşı tədbirlər görülməsini tələb edir. Bunun üçün isə həm hərbi ittifaqın Azərbaycana qarşı vahid mövqedən çıxış etməsinə, həm də Rusiya-Ermənistan müttəfiqlik münasibətləri kontekstində Moskvanın Bakıya sərt təzyiq göstərməsinə çalışır. 
Baş nazirin həm İkinci Qarabağ müharibəsi zamanı, həm də 44 günlük müharibədən sonra Ermənistan ordusunun Xocavənddə, Qaragöldə, Laçında, Fərrux dağında, habelə Kəlbəcər-Laçın istiqamətində törətdiyi təxribatların qarşısının Azərbaycan Silahlı Qüvvələri tərfindən sərt şəkildə alınmasına KTMT-nin loyal münasibətindən, müttəfiqlərinin İrəvana siyasi bəyanatla belə dəstək verməməsindən narazı qaldığı məlumdur. Nə qədər çalışsa da KTMT-ni öz çirkin oyunlarına qoşa bilmədi. Dünən İrəvanda keçirilən KTMT sammitində növbəti dəfə bu mövqeni əldə etmək üçün açıq şantaja keçsə də, yenə istədiyini ala bilmədi...
Əlbəttə, Paşinyanın hansı şantaja əl atmasından asılı olmayaraq, nə Rusiyanın, nə də KTMT müttəfiqlərinin Azərbaycana qarşı hansısa sənədə imza atması, bəyanat qəbul etməsi mümkün deyildi. Bunu ancaq Paşinyan kimi siyasi əbləhlər gözləyə bilərdi... Reallıqlar isə başqadır... Yeni reallıqlar Kremlin 20 il əvvəl formalaşdırdığı yarıölü hərbi ittifaqın tamamilə formal hala gəlməsinə gətirib çıxarıb.
Söhbət hansı reallıqlardan gedir?
Birincisi, KTMT-də qərarlar konsensusla qəbul olunur. Təşkilatın iki üzvü - Qazaxıstan və Qırğızıstan Azərbaycanla həm ikitərəfli, həm də Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində geniş siyasi, iqtisadi əlaqələrə malikdir.
Ötən aylarda həyata keçirlən qarşılıqlı səfərlər, Türkiyənin liderliyi ilə təşkil olunan sammitlər bu ölkələri bir-birinə daha da yaxınlaşdırıb. Ekspertlər dövlətlər arasında imzalanmış yeni müqavilələri, birgə bəyannamələri TDT-nin gələcəkdə bölgədə hərbi-siyasi ittifaqa çevrilməsi üçün alt yapı hesab edirlər. Bir sözlə, türk dövlətləri gələcəyə Putinin əhəmiyyətini itirmiş KTMT pəncərəsindən deyil, bu sferadan baxırlar. Azərbaycan coğrafi, iqtisadi imkanları, habelə geniş siyasi əlaqələri ilə bu birliyin əsas ölkələrindən biridir.
İkincisi,Belarus-Azərbaycan münasibətləri də dinamik olaraq genişlənir, qarşılıqlı sərmayələr, ticarət dövriyyəsi artır. Onu da əlavə edək ki, rəsmi Minsk 44 günlük müharibədə Azərbaycanı Ermənistan üzərində hərbi zəfər çalması münasibəti ilə təbrik edib.
Belə bir şəraitdə Paşinyanın nəyə cəhd etməsindən, Putinin nə arzulamasından asılı olmayaraq, KTMT-nin Azərbaycan əleyhinə qərar çıxarması qeyri-mümkün idi və belə də oldu.
Düzdür, Moskva belə bir qərarın verilməsində maraqlı idi. Ən azı ona görə ki, bu mövqedən Azərbaycanla münasibətlərdə əlavə təzyiq vasitəsi əldə etsin. Məsələn, sonradan bunu “bazarlıq” vasitəinə çevirərək, Qarabağda sülhməramlı adı ilə müvəqqəti yerləşdirilmiş hərbi kontingetinə hansısa statusun verilməsi və ya vaxtının uzadılması ilə bağlı müəyyən güzəştlər tələb edə bilərdi.
Yəni, Moskva da İrəvanın maraqlarına cavab verən hansısa sənədin qəbulunu istəyirdi. Bunu sammitdən əvvəl verilən açıqlamalardan da görmək münkün idi. 
Məsələn, KTMT-nin Baş katibinin müavini Valeri Semerikov erməni mətbuatına bildirmişdi ki, sammitdə Ermənistan-Azərbaycan sərhədindəki vəziyyət ayrıca müzakirə olunacaq.
"Hazırki vəziyyət nazirlər və dövlət başçıları səviyyəsində ayrıca məsələ kimi müzakirə olunacaq, gəlin nəticələri gözləyək", - Semerikov bildirib. 

Onun sözlərinə görə, müvafiq irəliləyişlər var, bu barədə nazirlər səviyyəsində bəyanat veriləcək: “Ermənistana yardım göstərilməsi üçün KTMT-nin birgə tədbirləri haqqında qərar layihəsi razılaşdırılıb”.
Ancaq sammitin nəticəsi göstərdi ki, gözləntilərin əksinə olaraq KTMT üzvlərini Azərbaycan əleyhinə olan hansısa bəyanata razı salmaq mümkün olmayıb. 
Bu, birincisi, KTMT üzvü olmayan Azərbaycanın təşkilata təsirinin onun üzvü olan Ermənistandan daha güclü olduğunu ortaya çıxarır.
İkincisi, KTMT-də belə artıq Rusiyanın maraqlarının və istəklərinin o qədər də önəm daşımadığını, təşkilat üzlərinin hər birinin lazım gəldikdə özi maraqlarından çıxış edə bildiyini nümayiş etdirir. Təbii ki, burada Rusiyanın Ukraynadakı müharibədə acınacaqlı məğlubiyyətə uğramasının və Türk Dövlətləri Təşkilatının güclənməsinin dəböyük rolu var.
Yaranmış vəziyyət Rusiyanın hegemonluğunun artıq müttəfiqləri tərəfindən də qəbul edilmədiyini, onların KTMT-ni Rusiyanın əlində istədiyi istiqamətə yönəldə biləcəyi “silaha” çevrilməsinə imkan vermək niyyətində olmadıqlarini göstərir. Bu isə KTMT-nin gələcəyini də sual altında qoyur.
Açıq görünür ki, KTMT üzvləri də gələcəklərini Rusiyanın taleyi ilə bağlamamağa çalışırlar. Əks halda, Belarus Prezidentinin İrəvanda söylədiyi kimi, Rusiya çökdükdə, hamısının onun dağıntıları altında qalacaqlarını bilirlər.
Bir sözlə, KTMT-nin son sammiti bu hərbi ittifaqın da sonunun başlandığını göstərir. Putin hər nə qədər mütəffiqlik imitasityasını qorumağa çalışsa da.../“AzPolitika.info”/скачать dle 12.1