Bia.Az

Yeni komanda mətbuatı dəyişə biləcəkmi? - GƏLİŞMƏ

Siyasət
 9-04-2020, 15:18     298

Yeni komanda mətbuatı dəyişə biləcəkmi? - GƏLİŞMƏ“2010-2018-ci illərin büdcə layihələrində KİVDF-yə 40 milyon manata qədər vəsait ayrılıb. Bu qədər maliyyənin qarşısında mətbuat, əsasən də çap mediası tamamilə sıradan çıxarılıb və əlabaxan subyektə çevrilib”.

Bu sözləri bia.az-a media üzrə ekspert Seymur Kazımov Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun (KİVDF) rəhbəri Vüqar Səfərlinin işdən çıxarılmasından sonra media sahəsində müsbətə doğru dəyişikliklərin olacağı barədə ehtimallara münasibət bildirərkən deyib.

O bildirib ki, KİVDF vasitəsilə 2013-cü ildə qəzet redaktorları da daxil olmaqla 155, 2017-ci ildə 255 jurnalistə mənzil hədiyyə verilib. Lakin mediada müsbətə doğru hər hansı dəyişiklik baş verməyib. “ Nə dəyişib? Hansısa inkişafın şahidi olmuşuqmu? Üçüncü bina da tikilir, onun bu ilin yayında hazır olacağı deyilirdi, yəqin koronavirus pandemiyasına görə növbəti ilə saxlayarlar.

KİVDF-nin əsas məqsədi söz və məlumat azadlığını inkişaf etdirmək, kütləvi informasiya vasitələrinin müstəqilliyini dəstəkləmək, jurnalistlərin sosial müdafiəsini gücləndirmək olsa da, reallıqda Azərbaycan mətbuatını zəif duruma düşürmək uğrunda yetərincə çalışdı.

Azərbaycan vətəndaşının vergilərindən formalaşan dövlət büdcəsindən hansısa qəzetə nə üçün pul ayrılmalıdır?

Milli Televiziya və Radio Şurasının (MTRŞ) rəhbərliyinin dəyişməsinə gəlincə, Seymur Kazımov hesab edir ki, bu qurumun indiki şərtlər daxilində mövcudluğu heç bir əhəmiyyət kəsb etmir.
“Lakin mən bu qurumun ləğvinin yox, yenindən təşkil olunmasının tərəfdarıyam, gərək ki, onun indiki şərtlər daxilində mövcudluğu da elə ciddi əhəmiyyət kəsb etmir. KİV DF ilə müqayisədə MTRŞ Azərbaycan əhalisi arasında media savadlılığının inkişafına töhvə verə bilər. Doğrudur, Azərbaycanda bu istiqamətdə qanun yoxdur, amma MTRŞ-nın imkanları genişdir ki, əhalinin analitik düşünmə qabiliyyətini inkişaf etdirsin, onun doğru məlumata çatımlığını təmin etsin. Təbii ki, bunun da ən əsas yolu medianın müstəqilliyindən keçir”,- deyə ekspert bildirib.

İslahatlara gəlincə, Seymur Kazımovun fikrincə, ilk növbədə medianın iqtisadi, sosial dayaqları bərpa edilməli, media və bununla əlaqəli qanunvericilik bazası təkmilləşdirilməli, reklam bazarı bütün KİV subyektləri üçün çatımlı olmalı, media tədrisi beynəlxalq tədris proqramlarına uyğunlaşdırılmalı, redaksiyalarda xəbərlər və reklam departmentlərinin bir-birindən asılılğı aradan qaldırılmalı, jurnalistlərə peşə fəaliyyətinə görə təzyiq və təqiblərə son qoyulmalıdır. “İlkin mərhələdə bunları reallaşdırmaqla vəziyyəti müsbətə doğru düzəltmək mümkündür. Bundan sonra başqa addımlar atmaq üzərində düşünmək olar.

Əks halda, Əli Həsənov, Vüqar Səfərli və Nuşirəvan Məhərrəmlinin vəzifələrindən azad olunmalarının hansısa müsbət nəticəsi olmayacaq. Ən yaxşı halda vəziyyət qaldığı yerdən davam edəcək”, - deyə həmsöhbətimizi vurğulayıb.скачать dle 12.1