Bia.Az

Elçibəy hökumətinin naziri, istiqlalçı deputat, Qarabağda savaşan general: - İsgəndər Həmidovun ömür yolu

Gündəm
 26-02-2020, 11:35     458

Elçibəy hökumətinin naziri, istiqlalçı deputat, Qarabağda savaşan general: - İsgəndər Həmidovun ömür yolu

Bu gün Milli-Azadlıq Hərəkatının liderlərindən biri, istiqlalçı deputat, Əbülfəz Elçibəyin prezidentliyi dönəmində ölkənin daxili işlər naziri olmuş İsgəndər Həmidov vəfat edib.

Cebhe.info xəbər verir ki, İsgəndər Məcid oğlu Həmidov 1948-ci ildə Kəlbəcər rayonunun Bağlıpəyə kəndində anadan olub. 1965-ci ildə Tərtər rayonunda orta məktəbi bitirib. Ali məktəbi bitirdikdən sonra daxili işlər orqanlarında işə başlayıb.

İsgəndər bəy 1988-ci ildə başlanan Milli-Azadlıq Hərəkatına qoşulub. Qısa müddət ərzində Azərbaycan Milli-Azadlıq Hərəkatının liderlərinə çevrilib. Qarabağda erməni separatçılarına və Ermənistan silahlı qüvvələrinə qarşı döyüşən özünü müdafiə dəstələrinin yaradılmasında birbaşa iştirak edib. Milli hərbi dəstələrə silah-sursat və digər maddi yardımların göstərilməsində böyük rol oynayıb. İ.Həmidov Qarabağın ən qaynar nöqtələrində gedən döyüş əməliyyatlarında iştirak edib.

Xalq Cəbhəsi hakimiyyəti dövründə - 1992-ci il mayın 16-dan 1993-cü il aprelin 16-a qədər Azərbaycan Respublikasının Daxili İşlər naziri vəzifəsində çalışıb. Nazir işlədiyi dövrdə cinayətkar ünsürlərə qarşı mübarizədə, siyasi sabitliyin və asayişin qorunmasında aktiv rol oynayıb.

1995-ci ilə hadisələrinə görə həbs edilib. 2003-cü ilin dekabrında əfv fərmanı ilə azadlığa buraxılıb. Həbsdən çıxandan sonra siyasi fəaliyyətini davam etdirib. 2019-cu ilin əvvəlində yaradılan Azərbaycan Xalq Hərəkatının (AXH) əsas qurucularından biri olub.

2019-cu ilin mayın 20-də o səhhəti ilə bağlı Türkiyəyə aparılıb. Türkiyədə bir müddət müalicə alan keçmiş nazir sonra Azərbaycana qayıdıb. 2020-ci il yanvarın 24-də İ.Həmidovun halı qəfil pisləşib, huşunu itirərək yıxılıb. Həmin gün axşamüstü Bakıda "City Hospital"a gətirilib. 2020-ci ildə İsgəndər Həmidova ilkin olaraq "aorto-koronar" şuntlama əməliyyatından sonrakı vəziyyət, beyin qan dövranının pozulması, ikitərəfli pnevmoniya ilə ağırlaşmış kəskin respirator, "septik şok" diaqnozu qoyulub. Sonrakı müayinə və müalicə tədbirləri üçün xəstənin Mərkəzi Klinik Xəstəxanaya köçürülməsi qərara alınıb. 2020-ci il fevralın 4-də komaya düşərək, süni ventilyasiya aparatına qoşulub.

2020-ci ilin 26 fevralında İsgəndər Həmidov vəfat edib. Allah rəhmət eləsin!скачать dle 12.1