Bia.Az

“DİNC ŞƏHƏRLƏRİ BOMBALAMAQ CİNAYƏTDİR!” – Kremlin təbliğatçısı üsyan etdi (VİDEO)

Siyasət
 21-11-2022, 12:30     151

“Mən burda deyilənlərlə razı deyiləm. Buna ehtiyac yoxdur. Bu, konstruktiv deyil. Dinc şəhərləri bombalamaq cinayətdir”.

 Bunu Rusiya hakimiyyətinin ən qızğın və ən riyakar təbliğatçılarından biri sayılan Vladimir Solovyovun verilişində israilli hərbi ekspert, politoloq Yakov Kedmi deyib.

Qeyd edək ki, Solovyovun verilişlərinin tez-tez qonağı olan Kedmi Kremlin “əcnəbi təbliğatçılarından” biri sayılır və o da Putinin Ukraynaya qarşı başlatdığı işğalçılıq müharibəsinin qızğın tərəfdarlarındandır. Lakin israilli ekspert bəzən obyektiv mülahizələr yürütməsi ilə də tanınır və buna görə hərdən onunla Solovyovun arasında veriliş zamanı mübahisələr də yaşanır. Belə mübahisələr hər nə qədər əvvəlcədən icazə verilmiş və ya razılaşdırılmış səhnəciklər təsiri bağışlasa da, çox zaman burada deyilən fikirlər müəyən dərəcədə həqiqəti də əks etdirir.
Kedmi son verilişdə Solovyovun etirazlarına baxmayaraq, bildirib ki, Rusiyanın Ukraynanın dinc şəhərlərini bombalaması cinayətdir və bu, döyüş meydanında rus ordusuna heç nə qazandırmayacaq: “”Kiyev və Xarkov yer üzündən silinməlidir” kimi sözlər deyilməli deyil. Xüsusilə də Rusiyada. Müharibələr tarixində heç zaman olmayıb ki, dinc şəhərin, mülki əhalinin bombalanması döyüş meydanında hansısa nəticələr versin. Heç bir müharibədə belə şey olmayıb...”
Bu zaman Solovyov Kedmiyə etiraz etmək istəsə də, israilli ekspert buna əsəbi şəkildə cavab verərək, sözünü davam etdirib: “Belə şeyləri dilə gətirmək belə olmaz. Şəhərləri yer üzündən silmək olmaz, buna ehtiyac yoxdur. Qoy, onlar desinlər, bu ölkədə isə bunu demək olmaz. Sizin neçə şəhərləriniz yer üzündən silinib (İkinci Dünya Müharibəsini nəzərdə tutur-C.M.). Ona (Hitlerə-C.M.) bənzəmək lazım deyil. Dinc əhaliyə toxunmadan müharibə aparmağın min bir yolu var”.
Qeyd edək ki, Kedminin bu fikirləri Solovyovun və digər Kreml təbliğatçılarının verilişlərində tez-tez səsləndirilən nüvə silahından istifadəyə, dinc əhalinin məhv edilməsinə və s. bu kimi faşist mahiyyətli çağırışlara cavab hesab oluna bilər. Lakin bu etirazın ümumilikdə Ukraynaya qarşı işğalçı savaşı dəstəkləyən bir politoloq tərəfindən səsləndirilməsi bir qədər tragikomik təsir bağışlayır.../“AzPolitika.info”
скачать dle 12.1