Bia.Az

“PUTİN OTURDUĞU BUDAĞI BALTALADI...” – “Nüvə silahından tərkisilah edilən birinci dövlət Rusiya olacaq”

Siyasət
 15-11-2022, 11:14     179

“Rus ordusunun bərpasına on illər lazım gələcək”

Ukrayna ordusunun avqustun ortalarından başlatdığı əks-hücum kampaniyası nəticəsində Xarkov vilayətindən sonra Xerson vilayətinin mərkəzi olan Xerson şəhəri də işğaldan azad edildi. Rus ordusu Xersondan qaçaraq Dneprin sol sahilində mövqe tutdu.

Xersonun azad edilməsini bu savaşın dönüş nöqtəsi hesab edənlər var. Çünki nəticədə Rusiya daxilində və siyasi elitada Putinə qarşı münasibət bir qədər də pisləşib.

“AzPolitika.info” bu mövzunu hərbi analitik Azad İsazadə ilə müzakirə edib.

- Azad bəy, Ukrayna ordusu Xerson şəhərini demək olar, döyüşsüz azad etdi. Belə görünür ki, Ukrayna hərbi rəhbərliyi Rusiya generallarından fərqli və daha effektiv taktika və strategiyadan istifadə edir. Ukrayna-Rusiya müharibəsindəki hazırkı durumu necə qiymətləndirirsiniz?
- Prinsipcə, Ukrayna nöqteyi-nəzərindən bu, yaxşı hadisədir. Nəzərə almaq lazımdır ki, indiyə qədər Ukrayna ordusunun azad etdiyi ərazilər kənd, qəsəbə və əsasən kiçik şəhərlər olub. Xerson ilk böyük vilayət mərkəzidir ki, azad edilir. Üstəlik, Nikolayev vilayətinin ərazisi də tam azad edilib.
Ukrayna ordusu üçün problem odur ki, azad etdiyi böyük ərazilərdə rus əsgərləri hərbi geyimlərini mülki geyimlə əvəz ediblər ki, xilas ola bilsinlər. Üstəlik, bu əraziləri minalardan təmizləmək, texnikanı yığmaq və s. üçün vaxt tələb olunur. Digər tərəfdən, Ukrayna ordusu Dnepr çayının sahilinə çıxır. Çayın eni bəzi yerlərdə bir kilometr, bəzi yerlərdə 800 metrdir. Bu çayı birdən-birə keçmək çətin olacaq. Amma üstünlük odur ki, Dneprin sağ sahilində mövqe tutan Ukrayna ordusunun artilleriyası - “HİMARS” və digər sistemlərin mərmiləri Krımın ərazisinə qədər çatır. Deməli, Xerson şəhərini azad etməklə Ukrayna ordusunun artilleriyası Krımı atəş altında saxlaya bilər. Üstəlik, həm də Rusiyadan Krıma olan quru yol atəş nəzarətinə götürülə bilər. Çünki Krım körpüsündən əlavə, Mariupol və Xersonu götürdükdən sonra Rusiyadan Krıma birbaşa dəhliz açılmışdı. Hazırda bu dəhliz atəş altındadır. Bu baxımdan Xersonun azad edilməsi böyük hərbi-strateji əhəmiyyətə malikdir.
- Sizcə, növbəti mərhələdə Ukrayna ordusunun əsas hədəfi nədir?
- Əsas hədəf Zaporojye vilayəti ola bilər. Əvvəla, burada Zaporojye Atom Elektrik Stansiyası var və onun azad edilməsi vacibdir. Eyni zamanda istisna etmirəm ki, ən əlverişli istiqamət Mariupol olacaq. Çünki Mariupolu azad etməklə Ukrayna ordusu Azov dənizinin sahilinə qayıdır və dövlət sərhədinə çıxır. Üstəlik, bununla Rusiyadan Krıma gedən quru yolunu tam nəzarətə alır. İndi həmin yolu atəş altında saxlayır, amma Mariupola çıxmaqla onu tam kəsir və dövlət sərhədini bərpa edir. Bunu mümkün variant sayıram.
Qeyd edim ki, Ukrayna ordusu əslində, bir neçə istiqamətdə hərəkət edir, amma əsas zərbənin haradan vurulacağı son ana qədər bilinmir. Çox güman ki, indi də ordu bir neçə istiqamətdə aldadıcı manevrlərə başlayacaq və son anda bir istiqamətdə zərbə endiriləcək. Məncə, əsas zərbə Mariupol istiqamətində ola bilər.
- Xersonun azad edilməsi Ukraynanı Krıma bir qədər də yaxınlaşdırır. Bu mənada Krım hədəf ola bilərmi?
- Krım hədəfdir. Sadəcə, Krımı azad etmək üçün Ukrayna qoşunları Dnepri keçməlidir. Eləcə də ilk olaraq Xerson vilayətinin qalan ərazisini azad etməlidirlər. Dneprdən keçid isə bir az mürəkkəbdir. Bir də burada çox şey rus ordusundan asılıdır. Aydındır ki, rus ordusu panik vəziyyətdə qaçıb. Bu gün rus ordusunun böyük hissəsi səfərbər edilən və döyüş qabiliyyəti aşağı olan əsgərlərdən ibarətdir ki, onların da çoxunun yaşı 40-dan yuxarıdır. Bunlar 20 il əvvəl xidmətdə olublar, müasir texnika ilə tanış deyillər və s. Həm də onların hərbi-psixoloji durumu çox acınacaqlıdır. Bəzi yerlərdə qiyam qaldırıblar, mövqeləri qoyub qaçıblar. Döyüş qabiliyyətini saxlayan qüvvələr bircə Priqojinin “Vaqner” adlı özəl ordusu, eləcə də fevraldan bu yana az da olsa qalan desant və bir-iki tank hissəsidir. Onlar müqavimət göstərə bilər.
Amma səfərbər edilənlər Rusiya ərazisinə qaçsalar, bu dalğa domino effekti yarada, bütövlükdə Ukraynadakı rus ordusuna sirayət edə bilər. Döyüş qabiliyyətli min nəfər desant və ya “vaqnerçi” dayanıbsa, amma ətrafından on min əsgər qaçırsa, o da qaçmalı olacaq. Yeri gəlmişkən, Ukrayna ordusunun yayda Xarkov vilayətindəki əks-hücumu zamanı rus ordusunda belə bir proses yaşandı, ordu qəfildən qaçdı. Sadəcə, sonradan ruslar bu prosesin qarşısını ala bildilər və domino effekti baş vermədi. Xersonda da əslində həmin vəziyyətdir, sadəcə panik qaçışın qarşısını Dnepr çayı alıb, çünki onların ardınca Ukrayna ordusu sürətlə hərəkət edə bilmir. Bu baxımdan Ukrayna ordusunun böyük bir əməliyyatının sonuncu əməliyyat ola bilməsini, rus ordusunda kütləvi geri qaçışın ola biləcəyini də istisna etmirəm. 
- Hazırda Donetsk istiqamətində ağır döyüşlər və qarşılıqlı hücumlar müşahidə edilir. Rus ordusunun ən döyüşkən qüvvələri məhz bu cəbhədədir. Sizcə, bu istiqamətdə nələr baş verə bilər?
Orada son üç ayda rus ordusu əsasən Baxmut şəhəri istiqamətində hücumlar edir. Yəni, üç aydır ki, Baxmutu götürə bilmirlər. Baxmut 2014-cü ildən cəbhə zonasıdır və buranı Ukrayna tərəfi çox möhkəmləndirib. “Vaqner” burada hücuma keçir, amma itki verərək geri çəkilir, götürə bilmir. Bu istiqamətdə periodik olaraq tərəflərdən biri bir kilometr irəliləyir, sonra o biri tərəf əks-hücuma keçir. Yeri gəlmişkən, Donetskdə də eyni vəziyyət Rusiya tərəfindədir, onlar da möhkəmləniblər. Yəni, Ukrayna orada hücuma keçsə çox itki verəcək. İstisna etmirəm ki, Ukrayna ordusunun Cənub Əməliyyat Komandanlığı burada hansısa boşluqlar axtarır və hücuma haradan başlamağın mümkünlüyünü müəyyən etməyə çalışır. Nəzərə alın ki, bu istiqamət Donetskə çox yaxındır.
- Ukrayna kəşfiyyatı iddia edir ki, Rusiyanın raket arsenalı tükənir, rus ordusunda ciddi silah-sursat problemi yaşanır. Ruslar hazırda İrandan yeni raketlər almağa cəhd edirlər. Doğrudanmı dünyanın “ikinci ordusu” cəmi 8 aya tükənib və raket qıtlılğı yaşayır?
- Məncə, deyilənlər sadəcə söz deyil. Onların raketləri tükənir, amma hələ tam qurtarmayıb. Biz hamımız bilirdik ki, rus ordusunda korrupsiya var, amma bilmirdik ki, hansı dərəcədədir.
Ehtimal edirdik ki, rus ordusunun qüdrətinə dair deyilənlər və göstərilənlər blef də ola bilər. Məsələn, Moskvada keçirilən hərbi parad zamanı “Armata” tankını nümayiş etdirirdilər. Amma Ukrayna savaşında bu tankdan bir dənə də olsun ortaya çıxmadı. Deməli, 3-5 tank buraxıblar və nümayiş etdiriblər. Orduda belə tank yoxdur. Ya da olsun “Poseidon” raketləri. Guya bunu sınaqdan keçirmək istəyirlər, amma keçirə bilmirlər. Bu silahla hamını hədələyirlər, amma reallıqda məlum oldu ki, belə bir silah demək olar, yoxdur. Cəmi bir dənədir, onu da normal yoxlaya bilmirlər. İndi də sanksiyalar səbəbindən ikinci “Poseidon” raketini yığa bilmirlər. Eləcə də məşhur “İsgəndər” raketləri. Onlar bizdə də özünü fərli göstərmədi. Bədbəxt Paşinyan doğru deyirdi ki, “İsgəndər”lərin əlli faizi işləmir. Bəli, ruslar “İsgəndər” atırlar, amma problem ondadır ki, hədəfi dəqiq vura bilmirlər. Üstəlik də onların sayı tükənir. Faktiki bu günə qədər “dəqiq” rus raketləri Ukrayna ordusunu vura bilməyib. Bütün zərbə mülki obyektlərə və infrastrukturadır. Faktiki olaraq, mülki əhaliyə qarşı terrora keçiblər. Amma orduya qarşı belə raketlər faydasız olub, çünki hədəfə dəqiq dəymir. Onu şəhərə atdıqda isə fərqi yoxdur, hansı binaya dəyir, hara dəysə mülki insanlar məhv olur. Əvəzində, belə zərbələr Qərbi məcbur edir ki, Ukraynaya daha çox yardım etsin. Müharibə başlayanda Zelenski az qala yalvarırdı ki, səmanı bağlayın, bizə hava hücumundan müdafiə sistemləri verin. Amma vermirdilər. İndi isə ölkə qalmayıb ki, Ukraynaya hava müdafiə sistemləri verməsin. Bu, xüsusilə də İran dronlarının tətbiqi nəticəsində baş verdi. Ukraynaya zirehli gödəkcə və dəbilqə verməyən Almaniya indi ən müasir hava hücumundan müdafiə sistemləri verir. O cümlədən Fransa, İspaniya və digərləri. Mən hələ London və Vaşinqtonu demirəm. Məntiqlə hər raket zərbəsində məqsəd düşməni zəiflətməkdir, amma belə zərbələrdən sonra Ukrayna ordusu daha da güclənir.
- Sizcə, cəbhədəki hərbi situasiya siyasi duruma necə təsir edir, xüsusilə Rusiyada?
- Sözsüz ki, Putinin mövqeyi xeyli zəifləyib. Xerson məğlubiyyəti onu təkcə Ukraynada deyil, daxildə də zəiflədir. Məşhur Aleksandr Duqin Xerson məğlubiyyətindən sonra “Afrika qəbilə başçıları yağış yağdıra bilməyəndə onların özlərini qurban verirlər” ifadəsini işlətdi. Yəni, sən qələbə gətirə bilmirsənsə, səni öldürürlər. Duqin də bəlli olduğu kimi Putindən daha revanşist və daha çox imperiya təfəkkürlü insanların sevimlisidir. Deməli, sağlar tərəfdə Putinə qarşı təzyiq həddən ziyadə çoxalır, liberal düşərgədə isə insan qalmayıb - ya qaçıblar, ya da həbsxanalardadırlar. Diqqət edəndə görürük ki, Xerson məsələsində Putin bir kəlmə də demədi, halbuki, Ali Baş Komandandır. Putin əslində kənara çəkildi ki, adı Xerson məğlubiyyəti ilə yanaşı çəkilməsin.
Beynəlxalq miqyasda Rusiya ilə bağlı ən böyük problem “G20”-də olacaq. Putin həmin toplantıya qatılmır, yerinə Sergey Lavrovu göndərir. Aydındır ki, Lavrovu “G20”-də “yıxıb sürüyəcək”lər. Üstəlik, Ukrayna Prezidenti Volodimir Zelenski video formatda çıxış edəcək. Bəzi iddialara görə, Hindistan və Çin Putinə noyabrın 15-nə qədər vaxt verib ki, “G20”-yə kimi nə bacarırsansa et və müharibəni bitir. Kiyev də tələb edir ki, “G20”-ni “G19”-a çevirsinlər. Yəni, Rusiyaya qarşı təzyiqlər sürətlənə bilər. Pekin və Dehli də anti-Rusiya prosesinə qoşulsa Rusiyada iqtisadi durum daha da ağırlaşacaq.
- Demək istəyirsiniz ki, Putin üçün sonun başlanğıcı görünür?
- Təhlükə şəxsən Putinə yaxınlaşır. Həm də Putin hakimiyyətdən nə qədər gec getsə, Rusiya da dövlət kimi o qədər gec bərpa olunacaq. Çünki zəifləyir. Putin getsə, həm də törətdiyi cinayətlərə görə cavab verməli olacaq. Yeni rəhbərlik isə ordusunu Ukraynadan çıxarmalı, ona kompensasiya verməlidir. Odur ki, müharibə nə qədər tez bitsə, Rusiya üçün bir o qədər yaxşı olardı. Putin indiki vəziyyətlə yanaşı gələcəyi də pisləşdirir və vəziyyətdən çıxış yolları qoymur.
- Niyə?
- Məncə, Kremldə ümid edirdilər ki, ABŞ Konqresinə seçkilərdə Respublikaçılar Partiyası qalib gələ və bu, Vaşinqton administrasiyasını bir qədər ehtiyatlı olmağa sövq edə bilər. Elə bu məqsədlə də Xersonu əlində saxlayır və seçkilərdə nəyin baş verəcəyini gözləyirdilər. Respublikaçılar xeyli səs topladı, amma həlledici çoxluğa çata bilmədi. Həm də respublikaçılar içərisində “trampçılar” az seçildiyi üçün məlum oldu ki, yeni Nümayəndələr Palatası və Senat Ukraynaya dəstəkdən imtina etməyəcək. Bu, artıq Kremlin ümidlərindən birini məhv etdi. Halbuki, amerikalı politoloqlar açıq bildirirdilər ki, hətta Tramp geri qayıda bilsə belə, Ukraynaya dəstəkdən imtina etməyəcək, ən pis halda Ukraynaya kömək zəifləyə bilər, amma dayana bilməz. Odur ki, Putinin və Rusiyanın vəziyyəti yaxşı deyil. Ən yaxşı halda Putin hakimiyyətdə qalsa və ordunu Ukraynadan çıxarsa, bu ordunun bərpası, eləcə də iqtisadiyyatın durumunu qaydaya salmaq üçün on illər lazım gələcək. Putin müharibəni başlamasaydı ömrünün sonuna qədər Prezident qala bilərdi. Əlbəttə, çətinliklər, kritik vəziyyətlər mümkün idi, amma durum indiki hala gəlməyəcəkdi. Bu müharibə ilə Putin sanki oturduğu budağı baltaladı.
- Rusiya Təhlükəsizlik Şurası katibinin müavini Dmitri Medvedev dünən yenə taktiki nüvə silahının tətbiqini gündəmə gətirib. Rusiya Xerson məğlubiyyətindən sonra buna gedə bilərmi?
- Məncə, Rusiya belə demək mümkünsə, nüvə silahından istifadə anını itirib. Ona daha heç kim icazə və imkan verməyəcək ki, bu silahdan istifadə etsin. Nüvə silahını ruslar nağıllardakı “canavar gəlir” hədə-qorxusuna döndərdilər. Yəni, “canavar gəlir” xəbərdarlığına bir, uzağı iki dəfə inanarlar. Çin və Hindistan anlayır ki, onlar da zəiflik göstərsə, Rusiya daim hamını nüvə silahı ilə hədələyəcək. Necə ediblər, hansı arqumentlər gətiriblər, mən bilmirəm, ancaq Putinə izah ediblər ki, buna gedəcəyi halda onunla və ətrafı ilə nələr baş verə bilər. Ancaq bu o demək deyil ki, Rusiya nüvə silahından birmənalı istifadə etməyəcək. Risk həmişə var idi, ancaq indi artıq azalıb. Üstəlik, taktiki nüvə silahından istifadə etsə belə, buna verilən cavab sarsıdıcı olacaq. Çünki indiki hərbi texnologiya praktiki olaraq nüvə silahından güclüdür. İndiki əsrdə hərbi texnologiyanın inkişafı ona gətirib çıxaracaq ki, nüvə silahından imtina gündəmə gələcək. Görünən odur ki, nüvə silahından tərkisilah edilən birinci dövlət də Rusiya olacaq. Çünki onun həddən artıq çoxlu sayda nüvə başlığı var və məhz Rusiya dünyanı daha çox hədələməklə məşğuldur.
скачать dle 12.1