Bia.Az

SEÇKİLƏRƏ TƏSİR GÖSTƏRMƏK, TÜRK BİRLİYİNİ HƏDƏFƏ ALMAQ, YOXSA...? – İstanbul terrorunda bütün oxlar ABŞ-ı göstərir

Gündəm
 15-11-2022, 00:58     262

Xəbər verildiyi kimi, ötən gün İstanbulun Taksim meydanında qanlı terror hadisəsi baş verib. Hadisə nəticəsində 6 nəfər ölüb, 81 nəfər isə yaralanıb.

Hadisədən dərhal sonra İstanbul polisi hərəkətə keçib və 46 nəfər şübhəli şəxs qismində həbs edilib. Araşdırmalar nəticəsində məlum olub ki, terror aktını həyata keçirən şəxs Suriya əsilli Əhlam Əlbəşir adlı qadındır.
Dindirilmə zamanı, o, PKK-PYD-YPG terror təşkilatı tərəfindən xüsusi məqsədlər üçün hazırlandığını, Afrin-İdlib üzərindən Türkiyəyə qeyri-qanuni yollarla daxil olduğunu bildirib.
Qeyd edək ki, Türkiyənin daxili işlər naziri Süleyman Soylu hadisənin təfərrüatlarıyla bağlı jurnalistlərə açıqlama verərkən, terror hadisəsində ABŞ-ın əlinin olduğunu eyhamla vurğulayıb.
“ABŞ-ın başsağlığını qəbul etmirik. Düşünürəm ki, ABŞ-ın bu gün verdiyi başsağlığı mesajını qatilin hadisə yerinə ilk çatanlardan biri olduğu kimi dəyərləndirmək vacibdir. Bu hadisəni həyata keçirənlərin bizə hansı mesajı vermək istədiklərini bilirik. Bu mesajı aldıq. Heç narahat olmasınlar, bədəlini daha ağır ödəməli olacaqlar”, - deyə, nazir bildirib.

Əslində S.Soylunun bu terror hadisəsiylə bağlı birbaşa ABŞ-ı günahlandırması başadüşüləndir. Çünki hazırda PKK-YPG-nin bölgədəki ən böyük dəstəkçisi məhz ABŞ hesab olunur. Suriya hadisələrindən sonra ABŞ bir an olsun YPG-yə hərbi və maliyyə yardımını əsirgəməyib. Digər tərəfdən, ABŞ xüsusi təyinatlıları tərəfindən YPG terrorçularına bomba hazırlamaq kimi bir çox hərbi təlimlər verilib və verilməyə də davam edir. 
Türkiyə təhlükəsizlik qüvvələrinin YPG rəhbərliyinə qarşı mümkün əməliyyatlarının qarşısını almaq üçün ABŞ, Mazlum Kobani başda olmaqla bütün yüksək səviyyəli YPG administrasiyanın mühafizəsini təşkil edir. Ona görə də dünən Taksimdə baş verən qətliamı təkcə PKK-PYD-YPG terror qruplaşmasının adına yazmaq doğru olmazdı.
Digər tərəfdən, hadisəni törədən terrorçunun üzərində “Nyu-York” yazılan bənövşəyi rəngli köynəklə ələ keçirilməsi də təsadüf hesab oluna bilməz...

Məlumat üçün onu da qeyd edək ki, dünənki hadisə son 6 ildə İstanbulda qeydə alınan yeganə terror aktı idi. Son illər Türkiyə hakimiyyətinin siyasi iradəsi nəticəsində daxildə və xaricdə aparılan hərbi əməliyyatlarla PKK-YPG-PYD terror qruplaşmasına ağır zərbələr vurulmuş, Türkiyədə demək olar ki, terrorun kökü kəsilmişdi.
Ona görə də hər hansı bir xarici qüvvənin köməyi olmadan, Türkiyədəki terror hücrələrinin uzun müddət sonra yenidən öz imkanları hesabına aktivləşmək cəhdi inandırıcı görünmür. Böyük ehtimalla, aparılan araşdırmalar nəticəsində terrorun sifarişini verən əsas qüvvələrin adları məlum olacaq.
6 il sonra baş verən terror hadisəsinin noyabrın 11-də Səmərqənddə keçirilən Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşündən cəmi 2 gün sonraya təsadüf etməsi isə olduqca maraqlı bir faktdır. Görünür, son illər Türk dövlətlərinin birləşmək istiqamətində atdıqları addımlar, bu coğrafiyada gedən siyasi proseslər kənar qüvvələrin maraqlarıyla ziddiyyət təşkil edir. Xüsusən də, Şimali Kipr Türk Cümhuriyyətinin ilk dəfə Türk Dövlətləri Təşkilatına (TDT) müşahidəçi qismində üzv seçilməsi başda Qərb ölkələri olmaqla elə ABŞ-ın özünü də narahat edir. 

Bu mövzuyla bağlı siyasi şərhçi Asif Nərimanlı “AzPolitika.info”-ya şərhində bildirib ki, Süleyman Soylunun bu məsələdə ABŞ-ın adını hallandırması təsadüfi olmayıb: Türkiyə tərəfi bu məsələdə əsas diqqəti YPG-yə yönəltməyə çalışır. YPG daha çox ABŞ-ın təsiri altında olan terror təşkilatı kimi tanınır. ABŞ rəsmiləri də bir neçə dəfə YPG-ni özlərinə müttəfiq hesab etdiklərini dilə gətiriblər. Belə olan halda YPG-li bir terrorçunun gəlib İstanbulda terror aktı törətməsi, təbii olaraq bütün diqqətləri ABŞ-ın üzərinə yönəldir”.
Ekspert xatırladır ki, bu prosesdə əsas məqam İstanbulun mərkəzində yeni terror aktının son altı il ərzində olmaması idi: “Bu illər ərzində Türkiyənin müxtəlif sərhəd bölgələrində terror aktları olsa da, sırf insanları hədəf alan belə bir hadisə baş verməyib. Son belə hadisə 2016-cı ilin 31 dekabrından 2017-ci ilin bir yanvarına keçən gecə olmuşdu. Bu hadisədən sonra uzun müddət böyük şəhərlərdə terror aktı qeydə alınmadı. Bu zaman təbii olaraq ortaya belə bir sual çıxır - niyə 6 ildən sonra birdən-birə İstanbulun mərkəzində terror aktı baş verdi?”
Ekspert hesab edir ki, bu müddət ərzində terror hadisələrinin olmaması Türkiyənin təhlükəsizlik tədbirlərini gücləndirməsi ilə bağlıdır: “Digər tərəfdən, biz ABŞ-dakı hakimiyyətə diqqət etməliyik. 2016-cı ildə - sonucu terror hadisəsindən sonra demokratlar hakimiyyətdən uzaqlaşdırıldılar. ABŞ-da respublikaçıların hakimiyyəti dövründə silsilə terror aktları səngiməyə başladı. Hamıya məlumdur ki, Türkiyə regional və geosiyasi proseslərdə ən əhəmiyyətli ölkələrdən biridir. Ona görə də davamlı olaraq bu ölkənin daxili və xarici siyasətinə təsir etmək üçün terror aktlarından istifadə edilir. Məqsəd terror üzərindən Türkiyədə qorxu yaratmaq və hər hansı bir siyasi addıma məcbur etməkdir”.
Ekspert qeyd edir ki, burada ümumi məqsəd daha çox daxili siyasətə yönəlib: “Yəni, sırf seçkiyə hazırlıq dövründə belə bir hadisə törədərək, nəticələrə təsir etməyə çalışırlar. Aydın məsələdir ki, Bayden administrasiyası ilə Türkiyənin arası o qədər də yaxşı deyil.
Türkiyə, həm Mərkəzi Asiyada, həm də Avrasiyada əsas aktiv gücə çevrilir. Belə bir məqamda təbii ki, xarici qüvvələr bu yaxınlarda baş tutan Türk Dövlətləri Təşkilatının Zirvə Görüşünə cavab olaraq bu hadisəni təşkil edə bilərlər. Həmçinin bildiyimiz kimi, hazırda Ankarada Rusiya ilə Ukrayna arasında gizli danışıqlar gedir. Hansı ki, mətbuatda da artıq bu məsələlər gündəmə gəlir və bu danışıqlarda əsas vasitəçi ölkə kimi Türkiyə göstərilir. Ona görə də Rusiya və Ukraynanın danışıqlar masasına oturmasını istəməyənlər və Ukraynada müharibənin bitməsindən narazı olanlar Türkiyə üzərindən belə bir terror aktı törədə bilərlər”.

Millət vəkili Vüqar Bayramov isə bildirib ki, Səmərqənd görüşündən sonra İstanbulda terror aktının törədilməsi xeyli suallar yaradır: “Türkiyə terrordan ən çox əziyyət çəkən dövlətlərdəndir. Türkiyə inkişaf etdikcə ona qarşı belə təhdidlər də artır. Qlobal qeyri-müəyyənliyə və yüksək idxal inflyasiyasına baxmayaraq Türkiyədə bu ilin ilk yarısında iqtisadiyyat 7.5 % böyüyüb. 2022-ci ildə qardaş ölkədə ÜDM-in 5.0 % artacağı proqnozlaşdırılır”.
“Türk dünyası gücləndikcə belə hədələr də artır. Amma Türkiyə, bütövlükdə isə Türk dünyası indi daha güclüdür. Bu gücün qarşısında hətta terror da məğlub olacaq”, - deputat qeyd edib./“AzPolitika.info”/скачать dle 12.1